Xəbərlər

Nəsimi rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasına qoşulublar

  • 14 Nov 2018
  • 862 baxış

Nəsimi rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasına qoşulublar



Noyabrın 14-də Nəsimi rayon orta ümumtəhsil məktəblərində təhsil alan 40 şagird Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Gəncə şəhərinə yola düşüblər.

XalqTv.com xəbər verir ki, bu tur-aksiya çərçivəsində Nəsimi rayon məktəbliləri Gəncə ilə yanaşı, Şəmkir və Göygöl rayonlarına da səfər edəcəklər.

Nəsimi rayon icra hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva əvvəlcə tur-aksiya iştirakçılarına tədbirlə bağlı məlumat verib. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gənc nəslin tərbiyəsi, onların savadlı, vətənpərvər böyüməsi istiqamətində mühüm addımlar atılır. Qeyd edib ki, şəhər məktəblilərinin respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan regionların, şəhər və rayonlarımızın yeniləşən siması ilə yaxından tanış olması onlarda xüsusi təəssüratlar yaradacaq.

Tur-aksiyada iştirak edən məktəblilərin valideynləri adından çıxış edən Adıgözəl Məmmədov qeyd edib ki, doğma Azərbaycanın ayrı-ayrı guşələrinin məktəblilər tərəfindən daha yaxşı tanınması onların təhsilində önəmli rol oynayacaq. Şagirdlər bu tur-aksiya vasitəsilə ensiklopedik biliklərə yiyələnəcəklər.

Tur heyətinin rəhbəri Vəfa İsmayılova bildirib ki, “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak üçün rayonun orta məktəblərində təhsil alan, öz təhsili və nümunəviliyi, ictimai fəallığı ilə fərqlənən 40 şagird seçilib. Şagirdlər xüsusi geyimlər və tələb olunan ləvazimatlar ilə təmin olunublar.

Onun sözlərinə görə, tur-aksiya zamanı məktəblilərin Gəncə şəhərində Qədim Qala divarlarına, Nizami Gəncəvinin məqbərəsinə, Nizami Gəncəvi Mərkəzinə, Cavad xan məqbərəsinə, Cümə məscidinə, Şah Abbas məscidinə, Xan bağına, amfiteatra, Gəncə Dövlət Filarmoniyasına, Gəncə bulvarına, Gəncə avtomobil zavoduna, Göygöl rayonunda Hacıkənd qəsəbəsi və Göygöl milli parkına, Şəmkir rayonunda Abidələr, İstiqlal parklarına, “Nəfis” çörək zavoduna, Şəmkir Aqroparkına ekskursiyaları təşkil olunacaq.

Nəsimi rayon Rövşən Nəsirov adına 111 saylı orta məktəbin şagirdi Riyad Məmmədov qeyd edib ki, “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Gəncə şəhərinə, Şəmkir və Göygöl rayonlarına səfər edəcəyik. Əminəm ki, ölkəmizin bölgələri ilə tanışlıq bizim üçün yaddaqalan olacaq, səfərdən zəngin təəssüratlarla qayıdacağıq.

Tur-aksiya çərçivəsində qazanacağı xoş təəssüratları məktəbli dostları ilə bölüşəcəyini deyən 111 saylı orta məktəbin şagirdi Səkinə Sadıqova deyib: “Bu, biz məktəblilər üçün çox gözəl imkandır. Ölkəmizin tarixi abidələri, görməli yerləri ilə bağlı zəngin məlumatlar alacağıq”.

Tur-aksiya iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra xüsusi avtobuslarla Gəncə şəhərinə yola düşüblər.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR