Xəbərlər

Azərbaycan dilinin saflığının qorunması günün zəruri tələbindən irəli gəlir

  • 12 Nov 2018
  • 334 baxış

Azərbaycan dilinin saflığının qorunması günün zəruri tələbindən irəli gəlir


Prezident İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1noyabr tarixli Fərmanı günün zəruri tələbindən irəli gələn bir sənəddir. Bu Fərman 2001-ci ildən başlayaraq ümummilli lider Heydər Əliyev, sonralar isə Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında dövlət dilinin tətbiqinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən böyük işlərin davamıdır. Həmçinin Azərbaycan dilinin saflığının qorunması və inkişafına dövlətimizin başçısının göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Bu fikri XalqTv.com-a müsahibəsində Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının üzvü, filologiya üzrə elmlər doktoru, professor Elbrus Əzizov söyləyib. O vurğulayıb ki, Azərbaycan dili mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə və ifadə vasitələrinə malikdir. Lakin dilimizin zəngin imkanlarından yetərincə düzgün istifadə edilməməsi hallarına təsadüf olunur. Belə ki, bəzi televiziya və radio kanallarında, mətbu nəşrlərdə, internet resurslarında və reklamlarda Azərbaycan ədəbi dilinin leksik və qrammatik qaydaları pozulur. Kütləvi informasiya vasitələrində məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi halları ictimaiyyət tərəfindən haqlı olaraq, ədəbi dilimizə sayğısızlıq kimi qarşılanır. Xatırladaq ki, Prezident İlham Əliyev Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunmuş toplantıdakı nitqində Azərbaycan ədəbi dilinin kənar təsirlərdən qorunmasının vacibliyini qeyd etmiş, dilimizdə yad kəlmələrin lüzumsuz işlədilməsinin əleyhinə olduğunu bildirmişdi.

Azərbaycan dilinin tətbiq olunduğu bütün sahələrdə müəyyən dil pozuntularının təhlili müvafiq tənzimləmənin və daimi nəzarətin həyata keçirilməsini təmin edən bir qurumun yaradılmasına ehtiyac olduğunu üzə çıxardı. Odur ki, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanda Dövlət Dil Komissiyasının yanında Monitorinq Mərkəzinin yaradılması Nazirlər Kabineti qarşısında konkret vəzifə kimi qoyulur. Yeni qurumun əsas vəzifəsi Azərbaycan Respublikasının dövlət dilinin tətbiqinə nəzarəti və kütləvi informasiya vasitələrində, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin etməkdən ibarət olacaq. Mərkəzin fəaliyyəti, hüquq və vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən nizamnamə ilə tənzimlənəcək.

Düşünürəm ki, Azərbaycan ədəbi dilinin normalarının pozulmasının qarşısını almaq üçün görüləcək ilk işlərdən biri dilimizin mükəmməl orfoqrafiya və orfoepiya lüğətlərinin nəşri olacaq

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR