Xəbərlər

Lənkəranda daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin iş prinsipi üzrə təlim keçirilib

  • 06 Nov 2018
  • 350 baxış

Lənkəranda daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin iş prinsipi üzrə təlim keçirilib

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Azərbaycan Banklar Assosiasiyası (ABA) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə Lənkəran şəhərində kiçik və orta sahibkarlıq (KOS) subyektlərinə daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin iş prinsipi, eyni zamanda, "Kapital bazarları vasitəsilə maliyyələşmə" və "Biznes risklərinin idarə edilməsi: gəlir və xərclərin düzgün tənzimlənməsi" mövzusunda təlim keçib.

MBNP-nin mətbuat xidmətindən XalqTv.com-a bildiriblər ki, 70-dən çox sahibkarın və kredit təşkilatlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə Lənkəran Rayon İcra Hakimiyyətinin əməkdaşı ölkədə həyata keçirilən islahatların uğurlu nəticələri barədə məlumat verib.

Seminarda çıxış edən MBNP-nin nümayəndəsi dünyanın nüfuzlu "Doing Business 2019" hesabatında ölkəmizin 190 ölkə arasında 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşması və bu uğuru şərtləndirən iqtisadi siyasəti xüsusi vurğulayıb.

Sonra reyestrin əsas iş prinsipi, yüklülüyün növləri və yüklülük predmeti, reyestrin sahibkarlar və maliyyə qurumları üçün faydası barədə ətraflı məlumat verilib. Bildirilib ki, daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan daşınar əşyalar və dövlət qeydiyyatına alınmalı olan qiymətli kağızlar istisna olmaqla, yüklülük predmetini istənilən daşınar əmlak, habelə hüquqlar və tələblər, o cümlədən gələcəkdə yüklülük sahibinin mülkiyyətində olacaq daşınar əmlak təşkil edə bilər. Daşınar əşyalara hər cür avadanlıq, o cümlədən kənd təsərrüfatı texnikasını, heyvanları, biznesdə istifadə olunan əşyaları aid etmək olar.

Təlimdə reyestrin faydalı cəhətləri arasında kredit almaq imkanlarının genişlənməsi, daşınar əmlakların təminata cəlb edilməsinin stimullaşdırılması, hər növ daşınar əmlakın yüklülüyünün mümkün edilməsi və digər xüsusiyyətlər də qeyd edilib. Eyni zamanda, diqqətə çatdırılıb ki, noyabrın 2-nə reyestrdə qeydiyyatdan keçmiş şəxslərin sayı 600 nəfərə yaxın, sistemə daxil edilmiş bildirişlərin sayı isə 27 mindən çox olub.

Təlimdə çıxış edən KOBİA-nın Masallı üzrə "Kiçik və Orta Biznesin Dostu" ("KOB Dostu") agentliyin yaradılmasının məqsədi və fəaliyyət istiqamətləri barədə məlumat verib. O, agentliyin fəaliyyətinin əsas məqsədinin kiçik və orta sahibkarlığın yaradılması və inkişafının bütün mərhələlərində zəruri dəstək tədbirlərinin həyata keçirilməsi olduğunu bildirib. Bu tədbirlər güzəştli maliyyə mənbələrinə çıxışın asanlaşdırılması, qabaqcıl təşkilati modellərin tətbiqi, davamlı təlim sisteminin yaradılması, yeni ideya və innovasiyaların biznesə inteqrasiyası, xarici bazarlara çıxış, sahibkarların maraqlarının müdafiəsi və digər istiqamətləri əhatə edir.

ABA-nın nümayəndəsi təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib, assosiasiyanın üzv təşkilatların maraqlarını qoruyan, onları zəruri və faydalı məlumat və xidmətlərlə təmin edən, bank sektorunun inkişafına xidmət edən, təcrübə, ideya və təşəbbüslərin müzakirə edildiyi platformaya çevirmək istiqamətində gördüyü işlərdən danışıb.

Kapital bazarlarına həsr olunmuş çıxışda palatanın mütəxəssisi tərəfindən qiymətli kağızlar bazarından vəsait cəlb etməyin yolları, səhm və istiqraz emissiyaları, fond birjasında listinqə çıxış, korporativ idarəetmə, eləcə də dövlət istiqrazları, onların gəlirliyi, həcmi, ticarəti və istiqrazlarının üstünlükləri barədə ətraflı məlumatlar verilib.

Tədbirdə sahibkarların qarşılaşdığı biznes riskləri haqqında danışılıb və müzakirələr aparılıb. Müzakirələrdə əsas mövzu mövcud şəraitdə yarana bilən əsas risklər və onların yaranma səbəblərinin müəyyənləşdirilməsi, risklərin qiymətləndirilməsi və qabaqlayıcı tədbirlərin görülməsi olub.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR