Xəbərlər

Oktyabr ayında muxtar respublikada 8 min 658 hektar əkin sahəsi suvarılıb

  • 05 Nov 2018
  • 351 baxış

Oktyabr ayında muxtar respublikada 8 min 658 hektar əkin sahəsi suvarılıb


Naxçıvan Muxtar Respublikasında ötən ay suvarma mövsümünün mütəşəkkil keçirilməsi, əkin sahələrinin suvarma suyu ilə təmin olunması, su itkisinin qarşısının alınması diqqətdə saxlanılıb.

Muxtar respublika Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsindən XalqTv.com-un Naxçıvan bürosuna bildirilib ki, muxtar respublika ərazisində su istifadəçilərinə oktyabr ayı ərzində 10,7 milyon kubmetr suvarma suyu verilib, təkrar suvarma da daxil olmaqla, 8 min 658 hektar torpaq sahəsi suvarılıb.

Bu dövrdə 19 kilometr beton və torpaq kanal, 23 kilometr ara arxlar lildən təmizlənib, 20 kilometr yeni suvarma boru xətti çəkilib, 4 kilometr suvarma boru xətti təmir-bərpa olunub.

Kəngərli rayonunun Böyükdüz kəndindəki 600 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilib, müxtəlif diametrli borularla 20 min 186 metr boru xətti çəkilib. Torpaqların qrunt sularından təmizlənməsi üçün açıq drenaj kanalı qazılıb, 157 hektar sahənin meliorativ vəziyyəti yaxşılaşdırılıb.

Ötən ay muxtar respublikanın yaşayış məntəqələrində 3 kilometrdən çox yeni içməli su xətti çəkilib, 6 kilometrdən çoxu təmir edilib. Ordubad rayonunun Dəstə kəndinin içməli su təminatını yaxşılaşdırmaq üçün müxtəlif diametrli borularla 2500 metr yeni içməli su xətti çəkilib.

Kəhrizlərin təmir-bərpası oktyabr ayında da diqqətdə saxlanılıb, 5 kəhrizdə bərpa işləri davam etdirilib. Suvarma və içməli su mənbəyi kimi istifadə olunan 56 subartezian quyusunda isə təmir işləri aparılıb.

“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Ordubad rayonunda sutəmizləyici qurğuda tikinti işləri başa çatıb, Şahbuz şəhər çirkab su təmizləyici qurğu ətrafında abadlıq işləri aparılır.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR