Xəbərlər

“Halliburton” şirkəti Bakı Ali Neft Məktəbinin məzunlarından razıdır

  • 05 Nov 2018
  • 366 baxış

“Halliburton” şirkəti Bakı Ali Neft Məktəbinin məzunlarından razıdır

Bakı Ali Neft Məktəbində (BANM) ABŞ-ın transmilli şirkəti “Halliburton”un Azərbaycandakı nümayəndəliyinin insan resursları departamentinin rəhbəri Vüsalə Əkbərovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüş məktəbin yuxarı kurs tələbələri üçün təşkil edilib.

BANM-dən XalqTv.com-a bildirilib ki, görüşdə rektor Elmar Qasımov “Halliburton” şirkəti ilə əməkdaşlığından razı olduğunu və BANM-in ötənilki məzunlarından 3 nəfərin bu şirkətdə çalışdığını bildirib.

“Halliburton” şirkətinin BANM-in məzunlarından razı qaldığını bildirən Vüsalə Əkbərova rektora görüş üçün təşəkkür edib. Daha sonra V.Əkbərova tələbələrə “Halliburton” şirkətinin tarixi, məqsədi və təhlükəsizlik prinsiplərindən danışıb. İnsan resursları departamentinin məsul əməkdaşı Əfşan Mehdiyeva isə CV-nin yazılması, müsahibənin növləri, karyera qərarlarını vermək haqqında təqdimatla çıxış edib. Təqdimat boyunca tələbələrin sualları cavablandırılıb.

“Halliburton” şirkətinin tamamlama mühəndisləri Ramilə Abbasova və BANM-in məzunu Fəhmin Hüsüzadə şirkət haqqında öz təəssüratlarını tələbələrlə paylaşıb və gördükləri işlər haqqında məlumat veriblər.

Görüşdə, həmçinin BANM-in ilk məzunlarından olan və hazırda “Halliburton” şirkətində mühəndis vəzifəsində çalışan Ceyhun Fərəcli, şirkətdə xidmət sahəsi üzrə qrupun rəhbəri Sadiq Hüseynov və sementləşmə departamentinin texniki mütəxəssisi Fərid İsazadə tələbələr qarşısında təqdimatla çıxış ediblər.

Tədbirdə rektor E.Qasımov BANM-in tələbələrinin peşəkar inkişafına və karyeralarında verdiyi dəstəyə görə “Halliburton”un Azərbaycandakı nümayəndəliyinin insan resursları departamentinin rəhbəri Vüsalə Əkbərovaya “Ali məktəbin fəxri qonağı” plaketini təqdim edib.

Qonaqlar BANM-in laboratoriyaları, idman kompleksi və tədris mərkəzləri ilə tanış olublar.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR