Siyasət

Sofiyada Qoşulmama Hərəkatı ilə bağlı beynəlxalq konfrans keçirilib

  • 03 Nov 2018
  • 483 baxış

Sofiyada Qoşulmama Hərəkatı ilə bağlı beynəlxalq konfrans keçirilib

Bolqarıstanın aparıcı elm-təhsil ocaqlarından biri olan Kliment Oxridski adına Sofiya Universitetinin Aula Maqna zalında “Qoşulmama Hərəkatı çoxqütblü dünyada: onun beynəlxalq sülh və təhlükəsizliyin qorunması və təşviq olunmasında rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.

XalqTv.com xəbər verir ki, Qoşulmama Hərəkatının yaradılmasında mühüm tarixi hadisələr olan 1955-ci il Bandunq Konfransının 63-cü illiyinə və 1961-ci ildə Belqradda təşkil edilmiş Birinci Sammit Konfransının 57-ci illiyinə həsr olunan bu tədbirin məqsədi 2011-ci ildən ölkəmizin də üzv olduğu Qoşulmama Hərəkatının təsisçi prinsiplərinin, ideallarının və məqsədlərinin, həmçinin 120 dövlətin üzvü olduğu bu mötəbər təşkilatın qlobal sülh və təhlükəsizlik, iqtisadi inkişaf və sosial tərəqqinin təşviqinə və inkişaf edən ölkələrin maraqlarının irəlilədilməsinə töhfəsinin Bolqarıstanda təbliğ etməkdir.


Konfrans Qoşulmama Hərəkatına sədrlik edən Venesuelanın Bolqarıstandakı səfirliyinin təşəbbüsü ilə və 2019-2022-ci illərdə sədrlik edəcək Azərbaycanın Bolqarıstanda səfirliyinin fəal təşkilati səyləri nəticəsində təşkil edilib.

Beynəlxalq münasibətlər üzrə Bolqarıstanda ən peşəkar mütəxəssislərdən biri, bu ölkənin sabiq xarici işlər nazirinin müavini, hazırda isə Sofiyada yerləşən İqtisadiyyat və Beynəlxalq Münasibətlər İnstitutunun direktoru olan Lyubomir Küçükovun moderatorluğu ilə baş tutmuş bu konfransda Bolqarıstan Xarici İşlər Nazirliyinin yüksəkvəzifəli rəsmiləri və digər dövlət qurumlarının səlahiyyətli nümayəndələri, Sofiyada akkreditə olunmuş diplomatik korpusun üzvləri, yerli mətbuat nümayəndələri, tələbələr və mövzuya maraq göstərmiş bolqar vətəndaşları iştirak ediblər.


Tədbiri giriş sözləri ilə Venesuelanın Bolqarıstandakı səfiri Oriyetta Kaponi, Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova və Kliment Oxridski adına Sofiya Universitetinin rektoru, professor Anastas Qerdcikov açıblar. Oriyetta Kaponi Qoşulmama Hərəkatının son 60 il ərzində inkişaf prosesinə nəzər yetirərək ölkəsinin bu beynəlxalq təşkilata sədrliyi dövründə görülmüş işlər barədə məlumat verib.

Nərgiz Qurbanova kəskin ideoloji qarşıdurma dövründə beynəlxalq münasibətlərdə alternativ səs kimi yaradılmış Qoşulmama Hərəkatının beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsi məqsədilə qlobal səylərdə mühüm təşkilata çevrildiyini qeyd edib. O, Soyuq Müharibənin bitməsinə rəğmən Qoşulmama Hərəkatının beynəlxalq münasibətlərdə unikal rolunun davam etdiyini bildirib, 1955-ci ildə Bandunq Konfransında qəbul edilmiş 10 Təsis Prinsipinin, o cümlədən bütün dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmətin aktuallığını xüsusilə vurğulayıb.

Azərbaycanın Qoşulmama Hərəkatına töhfəsi, o cümlədən “Davamlı İnkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda 2018-ci il 5-6 aprel tarixlərində Bakıda keçirilmiş xarici işlər nazirlərinin 18-ci aralıq konfransı haqqında danışan səfir 2019-2022-ci ildə ölkəmizin sözügedən beynəlxalq təşkilatda sədrlik edəcəyi və 2019-cu ildə Qoşulmama Hərəkatının Dövlət və Hökumət Başçılarının Sammitinə ev sahibliyi barədə məlumat verib.

Kliment Oxridski adına Sofiya Universitetinin rektoru, professor Anastas Qerdcikov rəhbərlik etdiyi elm-təhsil ocağının akademik icması adından Qoşulma Hərəkatının təsis prinsiplərinə dəstək ifadə edərək, Sofiya Universitetinin Hərəkatın üzv ölkələrinin universitetləri ilə sıx əməkdaşlıq etdiyini bildirib və konfransı beynəlxalq sülh və sabitliyin təşviqinə töhfə kimi qiymətləndirib.

Konfransda fəxri qonaq qismində Bolqarıstan Respublikasının vitse-prezidenti xanım İliyana Yotova çıxış edib. Dəvətə görə, Venesuela və Azərbaycan səfirlərinə təşəkkür edən İliyana Yotova bildirib ki, üzvlərinin sayı 1960-cı illərdə cəmi 25 olan təşkilatın hazırda 120 üzvü var. Qoşulmama hərəkatının rolunu inkişaf edən ölkələrin çoxtərəfli forumlarda səsi kimi qiymətləndirən Bolqarıstanın vitse-prezidenti hərəkatın əsasını təşkil edən prinsiplərin, o cümlədən ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmətin daim aktuallıq kəsb etdiyini xüsusilə bildirib. O, müasir dünyada gərginliyin artdığını qeyd edib, beynəlxalq sülhün və təhlükəsizliyin təşviqi üçün müxtəlif xalqlar və mədəniyyətlər arasında fəal dialoqun aparılmasının vacib olduğunu bildirib.

Çıxışı zamanı o, həmçinin cari ilin aprel ayında Bakıda keçirilmiş nazirlər konfransının regional təhlükəsizlik və sosial-iqtisadi inkişafa xüsusi diqqət ayırdığını və bu məqamların iclasın yekun sənədində əks olunduğunu yüksək dəyərləndirib.

Sonra tədbirdə məruzəçilər qismində iştirak edən Serbiyanın Bolqarıstandakı səfiri Vladimir Çurqus, Venesuelanın Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Xorxe Valero, Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəis müavini Yalçın Rəfiyev, həmçinin Bolqarıstanın elmi dairələrinin görkəmli nümayəndələri olan professorlar İskra Bayeva, Nina Dülgerova və Dinko Dinkov Qoşulmama Hərəkatının tarixi və inkişafı, beynəlxalq münasibətlərdə hazırkı rolu və onun qlobal gündəliyin icrasına töhfəsi, həmçinin gələcəyi barədə çıxışlar ediblər. Bu xüsusda Xarici İşlər Nazirliyinin nümayəndəsi Yalçın Rəfiyev Azərbaycan Respublikasının Qoşulmama Hərəkatında 2019-2022-ci illərdə sədrliyinin prioritetlərini təqdim edib.

Konfrans çərçivəsində İndoneziyanın Bolqarıstandakı səfirliyi tərəfindən Bandunq Konfransına həsr olunmuş fotosərgi də təşkil edilib.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR