Xəbərlər

Xəzər dənizindəki balıq növlərinin qorunması hazırda ekologiyanın ən prioritet məsələlərindəndir

  • 03 Nov 2018
  • 354 baxış

Xəzər dənizindəki balıq növlərinin qorunması hazırda ekologiyanın ən prioritet məsələlərindəndir

Noyabrın 2-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində ölkəmizdə akvakultura və marikulturanın inkişafı istiqamətində məqsədlər, görülən tədbirlər və gözlənilən nəticələrə həsr edilmiş mətbuat konfransı keçirilib.

XalqTv.com xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Azərbaycanda digər ekoloji problemlərlə yanaşı, balıq ehtiyatlarının tükənmə təhlükəsinin də olduğunu qeyd edib. O, deyib: “Bu gün ən vacib və ən aktual məsələlərdən biri də Xəzər dənizindəki balıq növlərinin, xüsusən də nəsli kəsilməkdə olan nərəcinsli balıqların azalmasının qarşısını almaq və onların artımına nail olmaqdır. Bunun üçün əsas çıxış yollarından biri də bütün dünyada olduğu kimi, ölkəmizdə də təbii və süni su hövzələrində sivil və müasir fermaların yaradılmasıdır. Bu cür balıqçılıq fermalarının yaradılması əhalinin qida zəncirində balıq məhsullarının yer almasına, qiymətinin ucuzlaşmasına, həm də regionlarda iş yerlərinin açılmasına səbəb olar”.

Nazirliyin Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun direktoru Mehman Axundov qanunsuz balıq ovunun azaldılması və Xəzər dənizinin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün ölkəmizdə və Xəzəryanı regionda akvakulturanın inkişaf etdirilməsinin, eləcə də əhalinin marikulturaya cəlb olunmasının vacibliyini diqqətə çatdırıb: “Hələ ki, ölkəmizdə balıq məhsullarının yetişdirilməsi və bazara çıxarılması kortəbii xarakter daşıyır. Lakin çıxış yolları mövcuddur və bu sahədə nazirlik tərəfindən tədbirlərə başlanılıb. Nazirlik bu məqsədlə təbii su hövzələrində daha səmərəli olan sivil fermaların yaradılmasına və akvakulturanın inkişafı hesabına dənizdə və digər su hövzələrində balıq növlərinin artırılmasına çalışır. Hazırda bu sahənin inkişafı üçün dövlət proqramı hazırlanır. Bu da ölkəmizin balıqçılıq və akvakultura sektorunun inkişafına təkan verilməsi üçün imkan yaradacaq. Respublikamızda şirin su və kənd təsərrüfatına yararlı torpaq ehtiyatlarının məhdud olduğunu nəzərə alaraq balıq yetişdirmə fəaliyyətinin genişləndirilməsi daha çox Xəzər dənizində marikulturanın gələcək inkişafı ilə bağlı olacaq. Əhalinin balığa olan tələbatının təmin edilməsi proqramı çərçivəsində Xəzər dənizinin Azərbaycana aid hissəsində marikulturanın inkişaf etdirilməsi məqsədilə qəfəstipli balıq təsərrüfatlarının yaradılmasına geniş imkanlar var. Marikulturanın inkişafı üçün Xəzər dənizinin sahilyanı rayonlarında xarici ölkələrin biotexnologiya təcrübələrindən istifadə etməklə yüksək məhsuldarlı balıqçılıq təsərrüfatları yaradıla bilər. Balıqçılıq və akvakultura sektorunun inkişafı üçün beynəlxalq standartlara, qabaqcıl təcrübəyə və sazişlərə uyğunluq təmin edilməlidir. Akvakultura və marikultura sahəsinin davamlı inkişafı Azərbaycanın kənd ərazilərində yeni iş yerlərinin və alternativ gəlir mənbələrinin yaranmasına səbəb ola, ölkə əhalisinin sosial vəziyyətinə və sağlamlığına, ərzaq təhlükəsizliyi məsələlərinin həllinə müsbət təsir göstərə bilər”.

Nazirlik rəsmisi bildirib ki, yaxın zamanlarda əhalinin balıq ovçuluğundan akvakultura və marikultura fəaliyyətinə yönəldilməsi əvvəlcə sənaye balıq ovu ilə məşğul olan balıqçıların gəlirlərinin artmasına səbəb olacaq. Bununla yanaşı, ölkəmizdə balıq məhsullarına olan daxili tələbat tam ödəniləcək. Hesablamalara görə, gələcəkdə yetişdirilən balıq məhsullarını xaricə ixrac etmək mümkün olacaq. Bizim əsas prioritetlərimiz və məqsədimiz budur.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR