Xəbərlər

Azərbaycanda yeni salınan badam bağlarından gələn il ilk məhsul yığılacaq

  • 03 Nov 2018
  • 391 baxış

Azərbaycanda yeni salınan badam bağlarından gələn il ilk məhsul yığılacaq


Azərbaycanda yeni salınan badam bağlarından 2019-cu ildən başlayaraq ilk məhsul yığılacaq. İki ildir ki, becərilən badam tingləri yerli şəraitə tam uyğunlaşıb və normal inkişaf edir.

XalqTv.com-un bölgə müxbiri xəbər verir ki, 2017-2018-ci illərdə Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun dəstəyi ilə Şabranda 23, Qusarda 10, Beyləqanda 28, Tərtərdə 18, Cəlilabadda 2 və Abşeronda 1 hektar olmaqla, 82 hektar ərazidə badam tingləri əkilib.


İnstitutun direktoru İlham Qurbanov bildirib ki, hazırda yeni badam bağlarının salınması istiqamətində iş aparılır. Mütəxəssis Şabran rayonunda tirə üsulu ilə əkilən badam tinglərinin İspaniya təcrübəsinə əsasən yetişdirilməsi üzrə texnologiyanın özünü tam doğrultduğunu qeyd edib.


Azərbaycanda əkilən badam sortu amerikan mənşəlidir. “Guara” adlanan badam növünə aid tinglər 3 ildən sonra məhsul verir. Ölkəmizin iqlim şəraitinə tam uyğun sortdur. Dünyada ən çox badam yetişdirilən ABŞ-ın Kaliforniya ştatında bağların 45 faizində bu sort becərilir. Sortun özəlliyi ondadır ki, gec çiçəkləyir, şaxtaya və quraqlığa davamlıdır. Ləpə çıxımı da təxminən 40-48 faizdir. Bu badam bağları hər hektara görə 6-10 ton arasında məhsul verir.

Mütəxəssisin sözlərinə görə, Azərbaycan yaxın gələcəkdə badama olan tələbatını yerli istehsal hesabına ödəyə biləcək.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR