Siyasət

Azərbaycan hökumətinin Ermənistan siyaseti

  • 03 Nov 2018
  • 16288 baxış

Azərbaycan hökuməti Ermənistanın işğalçılıq siyasətinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlar atır


Azərbaycan hökuməti Ermənistanın işğalçılıq siyasətinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlar atır. Bakıda Beynəlxalq Dialoq və İnkişaf Alyansı tərəfindən keçirilən “İrəvan 100 il: tarixi həqiqətlər və beynəlxalq münasibətlər” mövzusunda konfransda ölkəmizin bu istiqamətdə həyata keçirdiyi layihələr müzakirə olunub.

XalqTv.com xəbər verir ki, Alyansın sədri Nüşabə Məmmədova çıxış edərək konfransın əsas məqsədinin Azərbaycanın qədim torpağı olan İrəvanın Ermənistana siyasi mərkəz kimi verilməsi, XIX əsrin əvvəllərindən etibarən ermənilərin bu əraziyə kütləvi şəkildə köçürülmələri, yerli əhalinin demoqrafik göstəricisinin aşağı salınması, məcburi deportasiyaların məqsədli təşkili və s. məsələlərlə bağlı tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması olduğunu deyib.

Tədbirdə çıxış edən Nazirlər Kabinetinin humanitar və sosial məsələlər şöbəsinin müdir müavini Qurban Sadıqov, Milli Məclisin deputatı Elman Nəsirov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Hərbi Prokurorluğun xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının əməkdaşı Emin Ağayev, Bakı Dövlət Universitetinin professoru Anar İsgəndərov, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri Firdovsiyə Əhmədova və başqaları Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlar atıldığını, “İrəvan 100 il: tarixi həqiqətlər və beynəlxalq münasibətlər” layihəsi çərçivəsində İsveçin paytaxtı Stokholmda böyük konfrans təşkil olunduğunu qeyd ediblər. Bildirilib ki, artıq 30 ildir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi regionun sabitliyini hər an poza biləcək potensial təhlükə mənbəyidir. Hər gün Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejimi dəfələrlə pozulur və bundan sərhəd bölgələrində yaşayan dinc sakinlər əziyyət çəkirlər. Beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələrə baxmayaraq, Ermənistan hələ də işğalçılıq siyasətinə son qoymayıb.

Müzakirələrdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Cahangir Cahangirov, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vüqar Məmmədov, Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynov da iştirak ediblər.

Tədbirdə “Separatizmə, işğala və terrora son! İrəvan 100 il: tarixi həqiqətlər və beynəlxalq münasibətlər” adlı filmin və eyniadlı bukletin təqdimatı olub.




RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR