Siyasət

Milli Məclisin növbəti plenar iclası keçirilib

  • 03 Nov 2018
  • 15924 baxış

Milli Məclisin növbəti plenar iclası keçirilib

Noyabrın 2-də Milli Məclisin növbəti plenar iclası keçirilib.

XalqTv.com xəbər verir ki, parlamentin sədri Oqtay Əsədov iclası açıq elan edib və gündəlik barədə məlumat verib.

Sonra hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Ali Məhkəməsinə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəki Apellyasiya məhkəmələrinə hakimlərin təyin edilməsi barədə məsələlərlə bağlı məlumat verib. Komitə sədri söyləyib ki, son illər Azərbaycanda məhkəmə-hüquq islahatları keyfiyyətcə yeni mərhələyə daxil olub. Məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi ilə əlaqədar onun özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurasının səlahiyyətləri də genişləndirilib. Ölkəmizdəki sürətli iqtisadi inkişaf mülki və inzibati xarakterli işlərin də artımına gətirib çıxarıb. Məhz bununla bağlı olaraq irəli sürülmüş təkliflər nəzərə alınaraq 2007-ci illə müqayisədə məhkəmə hakimlərinin sayı iki dəfə artıb. Bununla yanaşı, məhkəmə-hüquq islahatları çərçivəsində qanunvericilik, institusional tədbirlər də görülüb.

Qeyd edilib ki, Prezident İlham Əliyevin korrupsiyaya və digər neqativ hallara qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tapşırıq və tövsiyələri məhkəmə-hüquq sistemindən də kənarda qalmayıb. Məhkəmə-Hüquq Şurasının fəaliyyəti dövründə 230-dan çox hakim barədə intizam icraatı başlanılıb, qanun pozuntusu və digər neqativ hallara yol verdiyinə görə 100-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb. Hazırda Ali və Apellyasiya məhkəmələrində 30, o cümlədən Ali Məhkəmədə bir, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində üç, Apellyasiya məhkəmələrində isə bütövlükdə 26 vakansiya mövcuddur.

Əli Hüseynli yeni namizədlər barədə məlumatı diqqətə çatdırıb. Qeyd olunub ki, “Məhkəmələr və hakimlər haqqında” Qanuna uyğun olaraq Sənan Firudin oğlu Hacıyev Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilir. Novruzov Əsgər Novruz oğlu, Allahverdiyev Mehman Dünyamalı oğlu, Xıdırov Əhliman Mehman oğlu Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri təyin edilirlər. Sadıqov Vahid Nəriman oğlu, Əhmədov İlham Bayram oğlu, Məmmədova Şərafət Asif qızı, Məhərrəmova Şeyda Ədalət qızı, Məmmədov Habil Çingiz oğlu, Rəhimov Elmar Eldar oğlu, Kərimli İlham Əziz oğlu, Abdulov Rəşad Məhərrəm oğlu, Babayev Fuad Fikrət oğlu, Əliyev Zaur Əli oğlu, Əkbərov Kamran Hüseyn oğlunun, Hüseyn Aida Əli qızının “Məhkəmələr və hakimlər haqqında” Qanunun müvafiq hissələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin hakimləri vəzifəsinə təyin edilməsi məqsədəuyğun sayılıb.

Bildirilib ki, Hüseynov Salman Bilal oğlu, Hüseynzadə Afiq Hüseyn oğlu və Mamedov Rəşad Ziyaviddin oğlu Gəncə Apellyasiya Məhkəməsinin, Babayeva Hökümə Çingiz qızı, Əsgərova Ruhiyyə Orucəli qızı, Məmmədov Fuad Əli oğlu, Rzayev Məhəmmədəli Əsəd oğlu Sumqayıt Apellyasiya Məhkəməsinin, Abbasov Fehruz Novruz oğlu, Həsənov Müşfiq Kamil oğlu, Kərimov Taleh Suliddin oğlu, Soltanov Fuad Kamil oğlu, Əliyev Elşad İbiş oğlu Şirvan Apellyasiya Məhkəməsinin, Eyvazov Akif Məhərrəm oğlu, Mahmudov Ayaz Akif oğlu, Məlikov Vəzirxan İsgəndər oğlu, Hüseynov Mübariz Rahil oğlu Şəki Apellyasiya Məhkəməsinin hakimləri təyin edilirlər.

Sonra mədəniyyət komitəsinin sədri Rafael Hüseynov üçüncü oxunuşda “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunda nəzərdə tutulan dəyişiklik barədə məlumat verib. Dəyişikliyə görə televiziya və videofilmlərdə, teatr tamaşalarında, radio, televiziya, video və kinoxronika proqramlarında, uşaqlar üçün nəzərdə tutulan audiovizual əsərlərdə tütün məmulatlarının və tütün istifadəsi prosesinin təbliğat məqsədilə nümayiş etdirilməsi, həmçinin tütün məmulatlarının və tütün istifadəsi prosesinin təbliğat məqsədilə nümayiş etdirildiyi əsərlərin, tamaşaların, proqramların efirdə, kabel yayımı vasitəsilə açıq yayımlanması qadağan edilir.

Daha sonra Əli Hüseynli İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda şərh edib. Dəyişikliyə əsasən, yetkinlik yaşına çatmayanlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatından istifadəni təklif və ya tələb etmək yolu ilə onların tütündən istifadə prosesinə cəlb edilməsinə görə yüz manat məbləğində cərimə tətbiq edilir. Tütün məmulatlarının ətraf mühitə atılmasına görə əlli manat məbləğində cərimə nəzərdə tutulur. “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunla qadağan edilmiş yerlərdə (tütün çəkmək üçün təşkil edilmiş xüsusi yerlər istisna olmaqla) tütün çəkilməsinə şərait yaradılmasına, yaxud tütün çəkilməsinin təklif edilməsinə görə vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimələnəcək.

"Televiziya və radio yayımı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda təqdim edən Rafael Hüseynov bildirib ki, qanun layihəsinə əsasən sənədə “tütün məmulatlarını və tütün istifadəsi prosesini təbliğat məqsədilə nümayiş etdirməmək, həmçinin tütün məmulatlarının və tütün istifadəsi prosesinin təbliğat məqsədilə nümayiş etdirildiyi əsərləri, tamaşaları, proqramları efirdə, kabel yayımı vasitəsilə açıq yayımlamamaq” məzmunlu 40.2.2-1-ci maddə əlavə edilir. "İctimai televiziya və radio yayımı haqqında" Qanuna da eyni məqsədlə yeni maddə əlavə olunacaq.

Komitə sədri üçüncü oxunuşda “Teatr və teatr fəaliyyəti haqqında” Qanunda edilən dəyişiklikləri də şərh edib. Diqqətə çatdırıb ki, dəyişikliyə görə sənədə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.4-cü maddəsinə uyğun olaraq, teatr tamaşalarında tütün məmulatlarının və tütün istifadəsi prosesinin təbliğat məqsədilə nümayiş etdirilməsi qadağandır" məzmunlu 11.4-cü maddə əlavə edilir. Hər üç qanunda nəzərdə tutulan dəyişikliklər “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanuna uyğunlaşdırılma məqsədi daşıyır.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

Deputatlar, həmçinin ikinci oxunuşda “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanunlarını nəzərdən keçiriblər.

Qanun layihələri ayrı-ayrılıqda səsvermə yolu ilə təsdiq edilib.

Bununla da Milli Məclisin plenar iclası başa çatıb.


RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR