Xəbərlər

Azərbaycanın dünyaya səs salan paradı

  • 17 Sep 2018
  • 440 baxış

XalqTv.com Orxon-Yenisey abidələrindən birində yazılmış bu kəlmələrin 3 min ildən artıq yaşının hikməti, aşinalığı və qüdrəti Bakıda bir daha göstərildi.

Azərbaycan və Türkiyə "bir millət, iki dövlət" olduqlarını nümayiş etdirdilər.

Bakı şəhərinin eser-menşevik, erməni-daşnaklar və bolşevik qalıqlarından azad edilməsinin 100 illiyi münasibətilə ölkəmizin paytaxtında təşkil olunmuş hərbi parad, hərbçilərimizin keçidi köks qabardan, ulusumuzun var oluşu üçün var gücümüzlə çalışmağımıza təlqinin daha bir təkanı oldu.

Bu parad qətiyyət və əzm, sevgi və etibar, sonu olmayan qardaşlıq və etimad, dərdə şəriklik və sevincə müştərəklik, uğur və qələbə keçidi idi.

Azərbaycan nadir bir hadisəni gerçəkləşdirdi - bunun fərqində olmayanlar, hərbi paradın məzmun və mənasını anlamayanlar tapılsa da. Azərbaycanla Türkiyənin, müstəqilliyini xarici güclərə peşkəş etməyən, suveren siyasətindən heç zaman bir addım geri çəkilməyən iki dövlətin iki qətiyyətli prezidenti - İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan paradı qəbul etdilər.

İlham Əliyev ilk anlamda sadə, hansısa pafosdan tam xali sözləri ilə Vətənə və millətə, ulusa belə xitab etdi: "Bu bayram günündə biz birlikdəyik. Yüz il bundan əvvəl biz bir yerdə idik, bu gün də biz bir yerdəyik. Yüz il bundan əvvəl Nuru paşanın komandanlığı altında yeni yaradılmış Azərbaycan Milli Ordusu könüllülərlə birlikdə Bakını işğalçılardan azad etdi. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan və Türkiyə vətəndaşlarını ürəkdən təbrik etmək istəyirəm. Azərbaycanın rəmzlərindən biri olan Azadlıq meydanından bütün türk bacı-qardaşlarımıza səmimi salamlarımı, sevgimi, məhəbbətimi çatdırıram".

Azərbaycanın dövlət başçısı daha sonra söylədi: "Bu gün Türkiyə və Azərbaycan ordularının əsgərləri Azadlıq meydanında yan-yana dayanıblar və onlar bizim önümüzdən qardaş kimi keçəcəklər".

Beləcə, İlham Əliyev 100 il əvvəl baş vermiş olayları çox konkret və dəqiq səciyyələndirdi.

Sözsüz, Bakının azad olunmasında Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın rolu əvəzsiz, misilsiz və danılmazdır. Lakin əsr əvvəl, 1918-ci ilin sentyabrın 15-də Bakıda yaşanmış olaylar, sadəcə, Türkiyə ordusunun Bakıya yeridilməsi deyildi.

Hadisə Azərbaycan Milli Ordusunun Türkiyə hərbçiləri ilə birlikdə Bakını daşnak, eser, menşevik və bolşevik işğalından qurtarması idi.

Yəni tarixi olay, qısa desək, belədir: 1918-ci ilin sentyabrın 15-də Azərbaycan Milli Ordusunun və Nuru paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusunun birgə əməliyyatı sayəsində Bakı işğaldan qurtuldu.

Bakıdakı parad da Qafqaz İslam Ordusu ilə bahəm, Azərbaycan Milli Ordusunun qəhrəmanlığının, əsr əvvəl şəhid düşmüş soydaşlarımızın igidliyinin və şücaətinin sayğı ilə, şərəflə yad edilməsidir.

Belə məqamda nəyisə deməmək, təvazökarlıq olmaz, çünki hər hadisəni və o hadisələrin iştirakçısı olmuş insanları anmalıyıq.

Anırıqsa, igidlik və qeyrət dastanı yazmışları unutmamalıyıq.

Necə ki, unutmadıq və Bakıdakı parad da qan yaddaşımızın çağladığını, qəlblərimizdəki Vətən təpərini göstərdi.

Parad həm də Azərbaycan və Türkiyə arasında digər sahələrdə olduğu kimi, hərbi sahədə də sıx əlaqələrin mövcudluğunun timsalı idi.

Həmin əlaqələr kadr hazırlığı, təminat-təchizat, hərbi sənaye, ordu quruculunun nüansları, birgə təlimlər və s. əhatə edir. Azərbaycan Ordusunun ən müasir hərbi texnika, silah, sursat və avadanlıqla təchizatında bir tərəfdaş kimi Türkiyənin müdafiə sənayesi şirkətləri çox mühüm rol oynayırlar.

Məsələn, Paradda ordumuzun arsenalında yer alan Türkiyə istehsalı TR-122 "Sakarya", TR-300 "Qasırğa" yaylım atəşli reaktiv sistemlər, antidron silahlar, "Kobra", ZPT, "Engerek" maşınları, digər raket sistemlərinin nümayişi bəhs etdiyimiz məqamlara əyani sübutdu.

Ordularımız arasında hərbi texnika və silah baxımından texniki uyğunluq təmin edilir, hərbçilər hər il Azərbaycanda və Türkiyədə keçirilən çoxsaylı təlimlərdə birgə fəaliyyət imkanlarını təkmilləşdirir. İki ölkə hərbçilərinin birgə tədbirlərdə iştirakı qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsini təmin edir, eyni zamanda, silahlı qüvvələrimizin güclənməsinin və imkanlarının artırılmasında, xüsusilə də müasir tələblərə tam cavab verməsində müstəsna çəkiyə malikdir.

Azərbaycan ordusu bütün sahələr və parametrlər üzrə sürətli, dinamik inkişafdadır. Paradda göstərilənlər bunun yalnız görünən tərəfidir.

Bakıda keçirilən paradda Azərbaycan və Türkiyə silahlı qüvvələrinin birlikdə olması yalnız hərbi güc nümayişi deyil. Eyni zamanda xalqlarımızın sifarişi ilə qəbul olunmuş tarixi qərarların mənəvi göstəricisidir.

Qafqaz İslam Ordusunun tarixi rəşadəti hər zaman xoş sözlərlə xatırlanacaq.

Eyni zamanda, unutmamalıyıq ki, düşmən 100 il əvvəl olduğu kimi indi də məkrli, hiyləgər, zalım və qəddardır. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın paraddakı çıxışlarında səsləndirilən fikirlər hər bir azərbaycanlı və türkiyəli üçün örnək olmalıdır. İnkişaf, sabitlik və güc işıqlı gələcəyimizin yeganə təminatıdır.

Yüksək səviyyədə hazırlanaraq keçirilən parad həm də Azərbaycan-Türkiyə birliyinin ötən əsrin əvvəllərindəki xilaskarlıq missiyasının 100 il sonra Qarabağda təkrarlana biləcəyi barədə dünyaya, xüsusilə ermənilərə ünvanlanmış mesajı oldu.

Gələn ay Azərbaycan dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümünü qeyd edəcək. Tarix üçün bu, çox qısa bir vaxtdır. Müstəqilliyimizin ilk iki ili çox ağır, faciəvi keçib, torpaqlarımız işğal altına düşüb, Azərbaycan böyük iqtisadi çətinliklərlə, iqtisadi-siyasi böhranla üzləşib. Azərbaycanda vətəndaş müharibəsi gedirdi. Nəzərə alsaq ki, birinci iki ilimiz çox ağır keçmişdir, sonrakı dövrdə Azərbaycan böyük uğurlara imza atdı. Bu gün Azərbaycan bölgədə önəmli ölkəyə çevrilib, dünyadakı rolumuz artır, bizim beynəlxalq mövqelərimiz möhkəmlənir, dünya ictimaiyyəti bizim siyasətimizi dəstəkləyir. Bunun ən bariz nümunəsi odur ki, bir neçə il bundan əvvəl dünyanın 155 ölkəsi Azərbaycanı BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçib. Bu, dünyanın Azərbaycana olan dəstəyinin təzahürüdür. İqtisadi sahədə aparılan islahatlar Azərbaycana böyük imkanlar gətirdi, biz böyük nailiyyətlərə çata bildik. Təkcə onu demək kifayətdir ki, son 15 il ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artıb. Ölkə iqtisadiyyatına 250 milyard dollar sərmayə qoyulub. Sosial məsələlərin həlli işində böyük uğurlar əldə edilmişdir. Bu gün Azərbaycanda işsizlik 5 faiz səviyyəsindədir. Azərbaycan dost ölkələrlə, ilk növbədə, Türkiyə ilə birlikdə böyük layihələr icra etdi. Yəni, bütün bunlar tam əminliklə deməyə əsas verir ki, Azərbaycanın gələcəyi də parlaq olacaq.

Ölkəmiz ordu quruculuğu sahəsində də böyük uğurlar əldə edib. Bu gün Azərbaycan Ordusu beynəlxalq reytinqlərə görə dünya miqyasında 50 ən güclü ordu sırasındadır. Bizim hərbi potensialımız artır. Bizim güclü ordumuza böyük ehtiyacımız var. Çünki torpaqlarımız işğal altındadır.

Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb. Mənfur qonşular 1990-cı illərin əvvəllərində Azərbaycandakı qeyri-sabit vəziyyətdən istifadə edərək torpaqlarımızın bir hissəsini işğal edib. İşğal edilmiş torpaqlarda bütün tarixi, dini abidələrimiz ermənilər tərəfindən vəhşicəsində məhv edilib. Xalqımıza qarşı soyqırımı törədilib və bu işğal bu gün də davam edir. Ona görə güclü ordu Azərbaycanın gələcəkdə müstəqil ölkə kimi yaşaması, ərazi bütövlüyünün bərpası üçün əsas şərtdir. Azərbaycan Ordusu döyüş meydanında öz gücünü, məharətini göstərmişdir. Bu gün Azadlıq meydanına döyüşlərdə olmuş Azərbaycan bayraqları gətiriləcək. O bayraqlar ki, 2016-cı ildə Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının işğaldan azad edilmiş torpaqlarında Azərbaycan əsgəri tərəfindən qaldırılmışdı. O bayraqlar ki, bu ilin may ayında Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsində uğurlu əməliyyat nəticəsində işğaldan azad edilmiş torpaqlarda qaldırılmışdı. Gün gələcək Azərbaycanın dövlət bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaq.



XalqTv.com



RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR