Siyasət

Rusiya ilə Azərbaycanın strateji münasibətləri erməniləri vahiməyə salır

  • 13 Sep 2018
  • 370 baxış

Rusiya ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlığın son 20 ildəki inkişafına nəzər yetirsək, Azərbaycanın Cənubi Qafqazda Moskva üçün etibarlı tərəfdaş olduğunu söyləyə bilərik.

Xalqtv.com Milli.az-a istinadən xəbər verir ki, Rusiyanın Azərbaycanla əlaqələri Cənubi Qafqazın digər respublikaları ilə münasibətlərindən xeyli fərqlənir. Hər halda, ötən 10-15 ildə iki ölkə arasında siyasi, iqtisadi və hərbi sahələrdə əlaqələrin getdikcə dərinləşməsi, dövlətlərarası münasibətlərin dinamikası buna sübutdur.

Bugünkü reallıq ondan ibarətdir ki, Rusiya istər regionda, istərsə də dünyada gedən geosiyasi proseslərə təsir imkanına malik ölkələrdəndir. Bu baxımdan, Moskva ilə Bakı arasında iki ölkənin milli mənafeyinin təmin olunması istiqamətində qurulmuş siyasi, iqtisadi və hərbi əlaqələrin getdikcə genişlənməsi olduqca vacibdir.

Cənubi Qafqazın yerləşdiyi bölgəyə nəzər yetirdikdə Rusiyanın bu regionda xüsusi siyasi, iqtisadi və təhlükəsizlik maraqlarının olduğu aydınlaşır. Digər tərəfdən, Rusiyanın geosiyasi rəqibi olaran Qərbin də bu regionda konkret maraqları var. Odur ki, Rusiya son 10 ildə Cənubi Qafqazın ən qüdrətli ölkəsinə çevrilmiş Azərbaycanla əlaqələri gücləndirmək niyyətindədir. Bununla Moskva Bakını Qərblə savaşda öz yanında görmək istəyir.

Üstəlik, bu iki ölkə arasında əlaqələrin möhkəmlənməsi ən xırda məsələlərdə belə, qarşılıqlı olaraq milli maraqları təmin edəcək. İkitərəfli münasibətlərdə təhlükəsizlik məsələləri də prioritetdir.

Bu arada İran-Azərbaycan-Rusiya üçtərəfli formatının yaradılması Azərbaycanla Rusiya arasında əlaqələrin möhkəmləndirilməsinin daha bir aspektidir. "Şimal-Cənub" tranzit dəhlizinin yaradılması Bakı-Moskva və Bakı-Tehran ikitərəfli əlaqələrini daha da gücləndirəcək. Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın və Rusiya ilə Azərbaycan arasında ikitərəfli sazişlərin imzalanması ilə isə iki ölkə arasında Xəzər hövzəsində, o cümlədən enerji nəqli üzrə geniş əməkdaşlığa mane olam amillər aradan qaldırılıb.

Azərbaycan prezidenti İlham Əliyevin Soçiyə bir müddət əvvəl etdiyi səfər, orada rusiyalı həmkarı Vladimir Putinlə görüşü, tərəflər arasında imzalanmış müxtəlif əməkdaşlıq sazişləri yaxın gələcəkdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da genişlənəcəyindən xəbər verir. Görüşdə əməkdaşlığın 2024-cü ilədək daha da genişləndirilməsini nəzərdə tutan "yol xəritəsi" də müəyyən edilib. Sənəddə ölkələr arasında ikitərəfli əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanır.

Bütün bunlarla yanaşı, Rusiya Cənubi Qafqazda Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi də böyük nüfuza malikdir. Başqa sözlə, onun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə birbaşa təsir imkanları var. İki il əvvəl Almaniya kansleri Angela Merkel də Ermənistan-Azərbaycan münaqişəsinin həllində məhz Rusiyanın həlledici rola malik olduğunu demiş, bununla da Moskvanın Cənubi Qafqaza real təsir imkanlarını etiraf etmişdi.

Ötən illər ərzində Ermənistan Azərbaycanla rəqabətdə Rusiya ilə yaxın hərbi əlaqələrindən kozır kimi istifadə etməyə çalışırdısa, Bakı ilə Moskvanın bugünkü hərbi əlaqələri, Rusiyanın Azərbaycana ağır silahlar satması Yerevanın bu məsələdə Azərbaycandan gerib qaldığını göstərir. Hər halda, Bakının Rusiyadan 5 milyard dollarlıq silah-sursat və hərbi texnika alması iki ölkə arasındakı sıx hərbi əlaqələrdən xəbər verir.

Bütün bunlarla yanaşı, Azərbaycanın Rusiyadan ən böyük gözləntisi yəqin ki, Dağlıq Qarabağ münaqişəsilə bağlıdır: Bakı Moskvadan ərazi bütövlüyünün təminilə bağlı haqlı mövqeyini dəstəkləməsini gözləyir. Rusiya da öz növbəsində, müxtəlif dövrlərdə siyasi davranışları ilə bu dəstəyini ifadə edir. Bu fakt iki ölkə arasında münasibətlərin strateji xarakter daşıdığını təsdiqləyir.

Bakı son zamanlar danışıldığı kimi, "Rusiyanın NATO"su adlandırılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olarsa, bu, tərəflər arasında strateji münasibətləri daha da gücləndirə bilər və bu gün Ermənistan rəhbərliyi məhz bundan qorxur.

Bütün sadalananları nəzərə alsaq, yaxın gələcəkdə Rusiya-Azərbaycan münasibətlərinin yüksələn xətt üzrə inkişaf edəcəyini, bu əlaqələrin bölgədə strateji münasibətlərin bariz nümunəsinə çevriləcəyini söyləyə bilərik. Rusiya 20 il sonra Azərbaycana tam etimad göstərməyə başlayıb. ABŞ və Rusiya Silahlı qüvvələri rəhbərliyinin görüşlərinin Bakıda keçirilməsi, Türkiyə-Rusiya münasibətlərinin normallaşmasında Bakının əsas rol oynaması da bu etimadın göstəricisidir. Sadalananlar göstərir ki, Rusiya Azərbaycanın etibarlı tərəfdaş olduğunu başa düşüb və bu gənc ölkə ilə münasibətləri inkişaf etdirmək üçün lazımi iradəyə malikdir.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR