Hadisə

“Otaqdan səs gəldi, gördüm ki, iki maskalı şəxs...”

  • 11 Sep 2018
  • 155053 baxış

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Niyaməddin Mustafayev və Sərxan Mayıllının məhkəməsi keçirilib. Xalqtv.com-un "Qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, hakim Şəkər Məmmədovanın icraatında olan prosesdə şahidlər dindirilib. 

Hadisənin baş verdiyi "AST Petrol"un növbə rəisi Cəmil Nuruşov ifadə verib. 

O deyib ki, Sərxan həmin yanacaqdoldurma məntəqəsində çilingər köməkçisi işləyib: "Niyaməddini tanımıram, zərərçəkmiç Mehman Cabbarov isə bizdə operator işləyirdi. Təhvil-təslim vaxtı kassanı götürürdü. Səhər saat 04:30 radələrində mən də ətrafda gəzişirdim, əraziyə nəzarət edirdim. Otaqdan səs gəldi, gəlib gördüm ki, iki maskalı şəxs Mehmanı yerə yıxıb gözlərini bağlayıb. Məni görən kimi  "içəri keç, tez" deyə qışqırdılar. Mən taxta parçasını götürüb qayıdanda gördüm onlar çıxıb gediblər. Mehmanın cibindən pulu götürmüşdülər. Birinin əlində bıçaq var idi". 

S. Mayıllı bildirib ki, pula ehtiyacı olduğu üçün "zapravka"dan oğurluq etmək fikrini o verib. 

Məhkəmədə məlum olub ki, S. Mayıllı 2015-ci ildə internet klubdan 850 manat oğurladığı üçün həbs edilib. Ona iki il sınaq müddəti olmaqla şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb. 

Məhkəmə istintaqı tamamlanıb, proses sentyabrın 13-də davam etdiriləcək. Növbəti iclasda prokuror çıxış edərək təqsirləndirilən şəxslərə cəza istəməsi gözlənilir. 

İttihama görə, hadisə 2017-ci il dekabrın 18-də baş verib. 

Yanacaqdoldurma məntəqəsinə gələn iki naməlum maskalı şəxs oranın işçisi, İsmayıllı rayon sakini Mehman Cabbarovu hədələyib.

Onlar məntəqənin istirahət otağında dincələn Mehman Cabbarovdan 552 manat götürüblər.

Araşdırma zamanı basqınçıların Biləsuvar rayon sakini Sərxan Mayilli və Kürdəmir rayon sakini Niyaməddin Mustafayev olduqları müəyyən edilib.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR