Siyasət

Azərbaycan Prezidentinin Rusiyaya rəsmi səfəri bütövlükdə region üçün tarixi əhəmiyyət kəsb edir

  • 02 Sep 2018
  • 15903 baxış

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 1-də Rusiya Federasiyasına səfəri zəngin proqramı, Azərbaycan və Rusiya prezidentlərinin görüşlərində müzakirə olunan məsələlərin geniş spektri iki dövlət arasında münasibətlərin inkişafı üçün yeni və daha dinamik bir dönəmin başlandığını nümayiş etdirir.

Azərbaycan və Rusiya prezidentlərinin mətbuata bəyanatları da sübut edir ki, hər iki dövlətin başçısı münasibətlərin inkişafında, əməkdaşlığın ölkə həyatının bütün istiqamətləri üzrə genişləndirilməsində qərarlıdır.

XalqTv.com  AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri siyasi ekspert Elçin Mirzəbəyli bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyevin rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin etimadlılıq səviyyəsinin yüksəldilməsi, qarşılıqlı faydalılıq müstəvisində inkişaf etdirilməsi baxımından da müstəsna əhəmiyyət kəsb edir. Azərbaycan Prezidentinin səfərinin uğurlu nəticəsini müəyyənləşdirən amillərdən biri də şübhəsiz ki, iki ölkə arasında imzalanan sənədlərin qarşılıqlı əməkdaşlığın bütün istiqamətlərini əhatə etməsidir.

Siyasi ekspert bildirib ki, bu sırada Rusiya Federasiyası və Azərbaycan Respublikası hökumətləri arasında imzalanan 2024-cü ilə qədər Əməkdaşlıq Proqramını və Rusiya-Azərbaycan əməkdaşlığının əsas istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planını - "Yol xəritəsi"ni xüsusi qeyd etmək olar. Hər iki sənəd Azərbaycan-Rusiya əməkdaşlığının konseptual platformada, ardıcıl, dövlətlərin maraqlarına uyğun bir formada davam etdiriləcəyini, Azərbaycan-Rusiya münasibətlərinin tamamilə yeni və daha sıx əməkdaşlıq müstəvisinə qədəm qoyduğunu göstərir.

"Azərbaycan və Rusiya zəngin enerji resurslarına sahib olan ölkələrdir. Bu baxımdan, iki ölkə arasında enerji sektorunda əməkdaşlığın inkişafı ilə bağlı imzalanan sənədlər də təbii qəbul olunmalıdır. Bununla yanaşı, Azərbaycan ilə Rusiya arasında imzalanan sənədlərin hər iki ölkə üçün mühüm strateji əhəmiyyət kəsb edən istiqamətlərinə də diqqət çəkmək vacibdir", - deyə Elçin Mirzəbəyli bildirib.

Ekspert qeyd edib ki, Azərbaycan Prezidenti milli iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı ilə bağlı yol xəritələrini təsdiq edib və bu istiqamətdə ölkəmizdə genişmiqyaslı islahatlar həyata keçirilir. Qeyri-neft sektorunun inkişafı Azərbaycanla yanaşı, Rusiya üçün də mühüm əhəmiyyət kəsb edir. Bu müstəvidən yanaşanda imzalanan sənədlər arasında yer alan "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında rəqəmsal nəqliyyat sistemləri sahəsində əməkdaşlıq haqqında Memorandum"un, "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyi arasında sənaye sahəsində əməkdaşlığın möhkəmləndirilməsi haqqında Saziş"in, "Kiçik və orta sahibkarlığın inkişafı üzrə Federal Korporasiya" Səhmdar Cəmiyyəti ilə "Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi" Publik Hüquqi Şəxs arasında qarşılıqlı anlaşma haqqında Memorandum çərçivəsində tədbirlərin reallaşdırılması üzrə Yol Xəritəsi"nin hər iki ölkə üçün qeyri-neft sektorunun inkişafı baxımından müstəsna əhəmiyyət daşıdığını deyə bilərik. Sənaye, nəqliyyat sektoru, turizm qeyri-enerji sektorunun bünövrəsini təşkil edir. Eyni zamanda, Azərbaycanın əlverişli geostrateji mövqeyi, nəqliyyat dəhlizlərinin qovuşuğunda yerləşməsi hər iki ölkənin bu resurs və imkanlardan daha səmərəli şəkildə faydalanmasına şərait yaradır. Bu isə öz növbəsində yeni iş yerlərinin açılması, vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi deməkdir.

Azərbaycan Prezidentinin Rusiyaya bu səfəri beynəlxalq birlik tərəfindən tanınmış ərazilərimizin işğaldan azad edilməsi prosesinə də ciddi təkan verəcək. BMT Təhlükəsizlik Şurasının daimi üzvü, ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiyanın bu prosesdə mühüm rola malik olduğu kimsəyə sirr deyil. Rusiya Prezidenti Vladimir Putinin öz bəyanatlarında ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına bütün mümkün köməyi göstərməkdə davam edəcəyini bildirməsi, Azərbaycanın artan önəminə və regionda davamlı sabitliyin qorunmasına, təhlükəsizliyin təmin edilməsinə diqqət çəkməsi də rəsmi Moskvanın bu istiqamətdə fəallığını nəzərəçarpacaq dərəcədə artıracağından xəbər verir.

Ən vacibi odur ki, Azərbaycan Prezidentinin Rusiyaya səfəri və əldə olunan nəticələr təkcə iki ölkə üçün deyil, bütövlükdə region üçün tarixi əhəmiyyət kəsb edir.

XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR