Siyasət

Xəzər dənizilə bağlı tarixi anlaşma

  • 14 Aug 2018
  • 151637 baxış

XalqTV.com bildirir ki, Fransanın "Le Monde" nəşri  Xəzər dənizilə bağlı tarixi anlaşmaya dair məqalə ilə çıxış edib. Məqaləni oxucularımızın diqqətinə çatdırırıq. 

Rusiya, İran, Qazaxıstan, Azərbaycan və Türkmənistan 20 ildən artıqdır davam edən danışıqların sonunda dünyanın ən böyük şorsulu gölünün istismarı qaydalarını müəyyənləşdiriblər.

Bu, neft, qaz və kürü uğrunda 20 ildən çox davam edən çətin danışıqların epiloqudur. Rusiya, İran, Qazaxıstan, Azərbaycan və Türkmənistanın dövlət başçıları nəhayət, bu günlərdə Xəzər dənizinin statusunu müəyyənləşdirən tarixi sazişi imzalayıblar.

Xəzər sularının sahilini yuduğu 5 ölkənin nümayəndələri Qazaxıstanın Aktau liman şəhərində bir araya gəliblər. Onlar Sovet İttifaqının dağılmasından sonra hüquqi statusu olmayan bu su hövzəsinin statusu ilə bağlı razılıq əldə ediblər.

Doğrudur, dünyanın ən böyük qapalı su hövzəsilə bağlı bütün mübahisələrə yeni saziş də son qoymayacaq. Amma o, təxminən 50 milyard barel neft və 300 trilyon kubmetrə yaxın təbii qaz ehtiyatına malik regionda uzun müddətdir mövcud olan gərginliyin azalmasına imkan verəcək.

Toplantının təşkilatçısı olan Qazaxıstan prezidenti Nursultan Nazarbayev deyib: "Dənizin statusu ilə bağlı konsensusa nail olmağın asan başa gəlmədiyini söyləyə bilərik. Bu iş xeyli vaxt apardı. Danışıqlar düz 20 il çəkdi. Proses iştirakçılardan ciddi və birgə səylər tələb edirdi".

Rusiyanın dövlət başçısı Vladimir Putin də imzalanmış Konvensiyanı yüksək qiymətləndirərək, onun tarixdə silinməz iz buraxacağını söyləyib. O, Xəzər hövzəsi ölkələrini daha sıx hərbi əməkdaşlığa da çağırıb.

Resursların bölüşdürülməsi

Kremldən verilən məlumata görə, saziş Xəzər dənizinin çox hissəsini paylaşılan zona kimi saxlayır. Dəniz dibi və sualtı ehtiyatları isə 5 ölkə arasında bölüşdürülür.

Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinin sözlərinə görə, bundan sonra Xəzər dənizi xüsusi qanuni statusa malik olacaq. O, artıq beynəlxalq hüquqda Xəzərin nə dəniz, nə də göl olduğunu söyləyib.

Qeyd edək ki, Aktau şəhərində keçirilmiş zirvə görüşü 2002-ci ildən bu yana bu formatda baş tutmuş 5-ci toplantı idi. SSRİ-nin dağılması və Xəzər sahillərində daha 4 ölkənin yaranmasından sonra nazirlər səviyyəsində 50-dən artıq iclas və texniki görüş keçirilib.

"Caspian Barrel" beyin mərkəzinin sədri İlham Şaban hesab edir ki, yeni saziş Xəzər sahilində yerləşən 5 dövlət arasında əməkdaşlıq imkanlarını genişləndirsə də, bəzi ölkələr bundan digərlərinə nisbətən daha çox faydalanacaq.

Bu arada planetin ən qapalı ölkələrində olan Türkmənistan əldə edilmiş razılaşmadan sonra özünün ruh yüksəkliyini nümayiş etdirərək, imzalanma gününü, yəni avqustun 12-ni "Xəzər Dənizi Günü" elan edib. Karbohidrogen ehtiyatları ilə zəngin bu Asiya ölkəsi öz qazını Azərbaycan vasitəsilə Avropa bazarlarına ixrac etmək üçün Xəzərin dibilə boru kəmərlərinin çəkiləcəyinə ümid edir.

Nərə balığı ovu üçün kvota

Əvvəllər bölgənin digər ölkələri dəyəri 5 milyard dollar qiymətləndirilən bu layihəyə qarşı çıxırdılar. Dənizin dibilə boru xətti çəkilişinin ətraf mühitə mənfi təsir edə biləcəyini düçünən Moskva ilə Tehranın ona yenə etiraz edəcəkləri istisna deyil. Çünki vaxtilə Xəzərin tək sahibi olmuş Rusiya ilə İran bu tarixi razılaşmada uduzan tərəf ola bilər.

"Atlantic Council" ilə əməkdaşlıq edən analitik Con Roberts hesab edir ki, Rusiya bu danışırlaqda bir sıra məsələlərdə güzəştə getsə də, yaranmış "dalan"dan çıxılması ilə yaxşı xal da qazanıb. Başqa sözlə, Moskva diplomatik razılaşmalar "istehsal" edən ölkə imicini möhkəmləndirib.

Bununla yanaşı, saziş digər dövlətlərin Xəzər dənizində hərbi baza yaratmasını qadağan etməklə, Rusiyanın bölgədəki hərbi üstünlüyünü möhkəmləndirir.

İran isə sənədin verdiyi imkanlar hesabına, Azərbaycanla birgə layihələr həyata keçirə bilər. İslam Respublikası vaxtilə Xəzərdə iddialarını göstərmək üçün hərbi dəniz təlimləri də keçirib...

Yeni saziş iqtisadi və hərbi məsələlərlə yanaşı, regionun ekoloji müxtəlifliyinin qoruyub saxlana biləcəyinə də ümid yaradır. Con Roberts hesab edir ki, aydın və ümumi kvota sistemi sayəsində Xəzər sularında dünyada əsas kürü mənbəyi sayılan nərə balıqlarının sayı da arta bilər.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR