Siyasət

\"Yumşaq güc\"lərin sərt savaşı: Ermənistan hədəfdə

  • 02 Aug 2018
  • 155186 baxış

Son zamanlar Ermənistan ətrafında cərəyan edən geosiyasi hadisələr ekspertlərin qarşısına bir sıra suallar çıxarır.

XalqTV.com newtimes.az-a istinadən xəbər verir ki, Nikol Paşinyan küçədən baş nazirliyə "sıçrayış" etməklə çoxlu suallar da meydana gətirdi. İndi erməni ekspertlər bu hadisəni analiz etməyə çalışırlar. Əvvəlcə, onlar "hurrey"lə "erməni demokratiyasının təntənəsi"ndən bəhs etdilər. Zaman keçdikcə isə bunun belə olmadığını özləri etiraf etməyə məcbur oldular. Çünki N.Paşinyan xarici siyasətdə və daxili mühitdə ciddi heç bir addım ata bilmədi. Hətta Rusiya rəhbərliyi ona qarşı mənfi münasibətini belə gizlətmədi. Bununla da Ermənistanın xarici siyasətinin ana xəttinin iflasa uğradığı bir çoxlarına aydın oldu. Məhz bu dalğa üzərində hazırda erməni analitiklər nələrin baş verdiyini dərk etməyə çalışır, o cümlədən ABŞ və Rusiyanın bu ölkə ilə bağlı ata biləcəyi addımları müəyyənləşdirməyə cəhd edirlər. Məsələnin bu aspekti üzərində bir qədər geniş dayanmaq olar.

Soros faktoru: küçədə və hakimiyyət dəhlizlərində

Ermənistanın real geosiyasi mövqeyi və ölkə daxilində siyasi-ideoloji mühitin konkret mənzərəsi haqqında getdikcə daha açıq danışılır. Bir qədər əvvəl bu forpost və vassal dövləti az qala Cənubi Qafqazın "yaşıl adası" kimi təqdim etməyə çalışanlar indi əsas olaraq ziddiyyətlərdən və təhlükəli tendensiyalardan bəhs edirlər. Budur, erməni analitiklər "qlobal dünya nizamının turbulentliyi"ndə xaotik hərəkətlər edən Ermənistanın hansı xarici gücə tabe olması məsələsini qaldırır, hətta bu bağlılıqda absurd Moskva-İrəvan-Afina geosiyasi oxundan bəhs etməyə cəhdlər göstərirlər (bax: məs., Формирование военно-политической оси Москва-Ереван-Афины имеет серьезные перспективы / Verelq.am, 7 iyul 2018).

Görünür, erməni mütəxəssislər Bakı-Moskva geosiyasi oxuna alternativin ola biləcəyi məsələsini gündəmə gətirməyə çalışırlar. Ancaq bu xam xəyaldır, çünki Moskva-İrəvan-Afina geosiyasi, hərbi-siyasi oxunun yaranması üçün heç bir real zəmin yoxdur. Bu, uydurma bir formuldur. Daha doğrusu, antiazərbaycan və antitürkiyə apatiyasının xroniki xəstəlik qismində növbəti mərhələsidir. Baxmayaraq ki, erməni ekspert bunu müasir elmin terminləri kontekstində "ciddi elmi tezis" kimi təqdim etməyə çalışır.

Lakin məsələnin daha maraqlı və araşdırılmalı olan başqa aspekti mövcuddur. O da ondan ibarətdir ki, Ermənistanda artıq etiraf edirlər ki, xarici xüsusi xidmət orqanlarının fəaliyyət meydanına çevriliblər. Bu fəaliyyət başlıca olaraq Ermənistanın maraqlarına qarşı yönəlib və əsas məqsəd hər bir dairənin özünə uyğun məqsədlərə çatması üçündür. Məsələn, belə bir fikir var ki, Soros Fondu ("Açıq Cəmiyyət Fondu - Ermənistan" təşkilatı vasitəsi ilə) Ermənistanda 70-ə qədər (cırtdan ölkə üçün böyük rəqəmdir) QHT-ni maliyyələşdirir. Həmin təşkilatlar "yumşaq güc" vasitəsi ilə cəmiyyətin şüurunu manipulyasiya edir, həmin üsulla Qərb "yumşaq gücü"nü erməni cəmiyyətinə müxtəlif aspektlərdə yeritməyə cəhd göstərirlər. Qərb dövlətlərinin qrantlarını hakimiyyət orqanlarına, KİV-lərə, universitetlərə xərcləyirlər. Bunlardan başqa, Ermənistanda yüzlərlə (!) ictimai təşkilatlar vardır ki, Amerika və Avropa İttifaqı tərəfindən maliyyələşdirilir (bax: "Мягкая сила" США и попытки дискредитировать Россию в Армении безуспешны - Гукасян / Verelq.am, 7 iyul 2018).

Onların fəaliyyət metodları aşağıdakı kimidir: xaricdən maliyyələşən erməni KİV resursları Ermənistanın Avrasiya kursunu gözdən salırlar, Rusiya-Ermənistan münasibətlərini təhrif edirlər. Bu zaman həmin informasiya resursları Avropa tərəfdarı olan ekspertlərin fikirlərini verir və alternativ mövqeni qəbul etmirlər. Bununla da erməni KİV-ləri daim "birtərəfli və təhrif olunmuş informasiyalar yayır" (bax: əvvəlki mənbəyə).

Bu zaman diqqət daha çox erməni gənclərə yönəlir. Çünki məqsəd Ermənistanı ideoloji və mənəvi cəhətdən Rusiya təsirindən çıxarıb qərbləşdirməkdən (vesternizasiya) ibarətdir. Bir sıra erməni ekspertlərin fikrinə görə, bu istiqamətdə Qərbin müvafiq təşkilatları ardıcıl fəaliyyət göstərirlər. Həmin sırada gənclərdə etiraz əhval-ruhiyyəsinin formalaşdırılması və onların küçələrə çıxarılması xüsusi yer tutur. Erməni ekspertlərin fikrinə görə, burada başlıca məqsəd Ermənistan cəmiyyətinin demokratikləşdirilməsindən ibarət deyil. Qərb "yumşaq gücü"nün Rusiyanın təsirini azaldıb, özünün nüfuzunu yüksəltməsindən ibarətdir. Deməli, Qərbin xərclənən milyardları əslində başqasına yardım deyil, özünün siyasi və geosiyasi-ideoloji dəyərlərini yeritmək üçündür.

Bu barədə ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz Armen Sarkisyanın Amerika səfərini şərh edərkən açıq danışıb. O vurğulayıb ki, Ermənistanla əlaqələrdə cəmiyyətdə etiraz üsullarını inkişaf etdirməyə ciddi fikir verilib və bu mənada N.Paşinyanın hakimiyyətə dinc üsulla gəlməsinin bununla sıx əlaqəsi vardır.

Ancaq burada bir məntiqi hiyləgərlik vardır. Məsələ kiminsə hakimiyyətə dinc üsulla gəlməsindən ibarət deyil. Demokratiya niyyət, məqsəd və prosesin mənbəyi, motivasiyası məsələsi ilə sıx bağlıdır.

Demokratiyadan qaçış: kənar qüvvələrin toqquşması fonunda

Yəni etiraz hərəkatının mənbəyi, stimulu cəmiyyətin öz daxilindədir, yoxsa kənardan verilən sifarişlə formalaşır? Kənardan verilən sifarişlə meydana gələn hərəkat demokratik olmur, çünki məkanı, zamanı və reallaşma forması cəmiyyət tərəfindən seçilmir. Bu halda zahirən ən demokratik görünən siyasi proses belə, kökündə və perspektivdə cəmiyyət əleyhinə işləmiş olur.

Ermənistanla bağlı vəziyyət isə bəsit və tam aydındır - küçə hərəkatı demokratiya xatirinə deyil, Rusiyanın Ermənistana təsirini azaltmaq üçün təşkil edilib. Konkret desək, hədəf Ermənistanı demokratikləşdirməkdən ibarət olmayıb - Nikol Paşinyan oyunu xüsusi geosiyasi məqsədi özündə daşıyıb. İndi bu həqiqət müstəvisində Ermənistanda yeni hakimiyyətin missiyasına nəzər salaq.

Belə çıxır ki, N.Paşinyanın hakimiyyətə gətirilməsi öncədən planlaşdırılmış və konkret dairələrin marağına hesablanmış bir proses olub. Onun bir tərəfi korrupsiya ilə mübarizə adı altında Rusiyaya yaxın erməni maliyyə və işgüzar dairələrini sıxışdırmaqdan, digər tərəfi isə tədricən Qərbin (əsas olaraq ABŞ-ın hərbi-sənaye kompleksinin) mövqeyini möhkəmlətməkdən ibarətdir. Korrupsiya məsələsi sözün həqiqi mənasında erməni cəmiyyətinin (daha çox siyasi elitanın) böyük bəlasıdır.

Bu, siyasi-sosial orqanizmə o dərəcədə nüfuz edib ki, ondan qurtuluş bütövlükdə sistemdə köklü dəyişiklik tələb edir. Ermənistanda bunu reallaşdıra biləcək qüvvə yoxdur. Əsas səbəbi ondan ibarətdir ki, başlıca sosial, siyasi, iqtisadi, mədəni və maliyyə rıçaqları kənar güclərin nəzarəti altındadır. Belə şəraitdə davamlı islahatlar aparmaq imkansızdır. Bu mənada N.Paşinyanın cəhdləri müvəqqəti nümayişkaranə davranışdan başqa bir şey deyildir.

Məsələnin ikinci tərəfinə gəldikdə isə N.Paşinyanın hakimiyyətə gəlişi real olaraq regionda geosiyasi vəziyyətin daha da gərginləşməsinə təkan verə bilər. Çünki mütəxəssislər də etiraf edirlər ki, burada söhbət əslində ABŞ-Rusiya qarşıdurmasından gedir. Belə çıxır ki, N.Paşinyan ya Amerikanın növbəti revanş addımıdır, ya da Rusiyanın ABŞ-a qurduğu yeni tələdir. Hər iki variantda oyun təmiz aparılmır. Tərəflər "qurşaqdan aşağı" zərbələrdən çəkinməyəcəklər.

Bu cür süni oyun region üçün bir sıra təhlükələr meydana çıxarır. Onun əlamətləri indidən görünür. Məsələn, Cənubi Qafqazın təhlükəsizlik sisteminin yaradılması faktiki olaraq dalana dirənir. Burada regionun böyük dövlətləri olan Türkiyə və İranın rolu məsələsi qeyri-müəyyən olaraq qalır. Təbii ki, onlar buna imkan verməzlər. Deməli, ziddiyyətlər daha da dərinləşmiş olur.

Digər yandan, Ermənistan bu cür dolaşıq situasiyada Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqları uzatmaq şansı əldə edir. İki böyük geosiyasi güc bir regionda savaş aparırsa, onların hansısa ciddi məsələdə ortaq nəticəyə gəlməsi imkansızdır. Çünki hər iki tərəf qalibiyyətə oynayır. Rəqabətin intensiv olduğu yerdə problemlər həll edilmir, onların sayı daha da artır.

Belə çıxır ki, N.Paşinyan hansısa dairələrin Cənubi Qafqazı çətin vəziyyətdə saxlamaq üçün meydana atdığı növbəti oyunudur. Burada təbii ki, başlıca məqsədlərdən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli və dinc yolla həllinə mane olmaqdan ibarətdir. Onlar görürlər ki, Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrindən dəfələrlə güclüdür və istənilən an işğaldakı torpaqları azad edə bilər. Məhz bu variantın qarşısını almaq üçün N.Paşinyan ortaya atılıb.

Ancaq bir şeyi unudurlar. Dünyada heç bir böyük dövlət və ya dövlətlər çoxluğu xalqla müharibə apara bilməz. Xüsusilə türklərlə! Bunu sübut edən kifayət qədər faktlar var. Bu dəfə də Azərbaycan xalqının haqq işinin qarşısında dura biləcək bir güc yoxdur. Bu xalq mütləq və mütləq öz torpaqlarını işğalçılardan təmizləyəcək. Onun indi müstəqil dövləti, qətiyyətli, mübariz və məqsədyönlü rəhbərliyi və güclü iradəsi vardır. Şərqdə ilk demokratik cümhuriyyəti quran Azərbaycan xalqıdır! Onun əleyhinə olan bütün oyunları pozmağa qüdrəti çatır!

XalqTV.com

ŞƏRH YAZ

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR