SAĞLAMLIQ

Allergik göz xəstəliklərinin sayı artıb

  • 13 Jun 2018
  • 155211 baxış

Hazırda gözlərin zədələnməsi ilə gedən allergik xəstəliklərin sayının artmasında nəzərəçarpacaq dərəcədə artım qeyd edilir.

XalqTV.com bildirir ki, bunu  Trend-ə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi təşkilati bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva bildirib.

Y.Abdiyevanın sözlərinə görə, allergik xəstəliklərin sırasına allergik konyunktivitlər, allergik keratokonyunktivitlər və pollinozu olan pasientlərdə gözlərin mövsümi zədələnməsi daxildir.

Y.Abdiyeva deyib ki, allergik xəstəliklər arasında allergik konyunktivit rastgəlmə tezliyinə görə siyahıda birinci yerdə dayanır.

Mərkəzin bölmə rəhbəri əlavə edib ki, allergik konyunktivit gözün konyunktiva qişasının allergik iltihabi xəstəliyidir:

Y.Abdiyeva allergik konyunktivitin daha çox gənc yaşlı insanlarda rast gəlindiyini də söyləyib.

Həkimin sözlərinə görə, çox saylı tədqiqatlara əsasən, pasientlərin 20-40%-də allergik konyunktivitin simptomları digər allergik patologiyalarla rast gəlinir. Allergik konyunktivit zamanı gözlər toz dənəciklərinə, gül pulcuqlarına va başqa allergenlərə qarşı həssas olaraq qızarır, qaşınır və su axır:

>

"Allergik konyunktivit gözün allergenə qarşı iltihabi reaksiyasıdır. Konyunktiva qişası göz almasının və göz qapaqlarının daxili qatını örtür. Əsasən mövsümi (toz, gül tozları) allergenlərə qarşı qıcıqlanma baş verə bilər. Bu həmçinin orqanizmin allergenə reaksiyasıdır".

İnsanların bu xəstəliklə bağlı bəzi məlumatları bilməsini vacib sayan Y.Abdiyeva bildirib ki, allergik konyunktivitin formalarından biri olan kəskin allergik konyunktivit əsasən, allergik mövsumlərdə müşahidə edilir. Bu xəstəlik zamanı göz qapağı kəskin şişir, qaşınır və yandırır: "Bu zaman burundan su da gələ bilər. Xroniki allergik konyunktivit dərman, qida, heyvan tüklərinə qarşı reaksiya zamanı müşahidə olunur. Xroniki allergik konyunktivit il ərzində baş verir. Bu zaman simptomplar kəskin allergik konyunktivitdən daha yüngül olur. Simptomlara gözdə qaşınma və işığa həssaslıq aiddir".

Y.Abdiyeva qeyd edib ki, allergik konyunktivit kəskin hiperhəssaslıq mexanizmi ilə, yəni allergen ilə kontaktdan dərhal sona yaranır:

"Göz almasının anatomik quruluşu onun müxtəlif allergenlərlə təmasını asanlaşdırır. Allergenlər məişət (gənə, ev tozu, kitabxana tozu, balış və döşəklərdə olan tüklər), epidermal (heyvani yun və qabıq, tük, lələk, balıq qidaları ), toz (müxtəlif bitkilərin tozu) mənşəli ola bilər. Kosmetika, həmçinin məişət kimyasına qarşı allergiya yarana bilir. Çox nadir hallarda qidaya qarşı allergik konyunktivit müşahidə oluna bilər. Allergik konyunktivit zamanı simptomlar allergenlə kontaktdan dərhal və ya 12-24 saat ərzində baş verə bilər. Simptomlar bir qayda olaraq hər 2 gözdə olur. Bir gözdə allergiyanın olması tipik bir hal deyil, lakin bəzən ola bilər. Əsas simptomlara intensiv qaşınma, qızartı, yaşaxma və qapaq şişkinliyi aiddir. Fəsadlı formada işıqdan qorxma da müşahidə oluna bilər".

Mütəxəssis əlavə edib ki, müalicə düzgün aparılmadıqda və infeksiya prosesə qoşulduqda irinli ifrazat da müşahidə oluna bilər:

"Allergik konyunktivitin müayinəsi ilə 2 mütəxəssis - allerqo-immunoloq və oftalmoloq məşğul olur. İlk olaraq, oftalmoloqa müraciət etmək lazımdır. Xəstəliyin müalicəsi üçün antihistamin göz damcıları, həbləri qəbul edilməlidir. Xəstəyə kəskin formada steroidlər də təyin oluna bilər. Xəstəliyin ev şəraitində müalicəsi üçün pəncərə bağlı qalmalı, ev tozlardan təmiz saxlanılmalı, hava təmizləyicilərdən istifadə edilməli, kimyəvi iylərdən, rənglərdən və parfümdən uzaq dayanılmalı, gözlər qaşınmamalı və sürtülməməlidir. Gözdə qaşınma olduqda soyuq kompresdən istifadə etmək olar, çünki soyuq kompres nəticəsində iltihab və qaşınma azalır".

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45770 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 638 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 641 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 611 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 717 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO