"Prezidentimizin tapşırığı ilə casus şəbəkəsi..."
"Casus şəbəkəsi ilə bağlı məlumatlar tərəfimizdən Müdafiə Nazirliyinə verilirdi. Bu əməliyyatı Müdafiə Nazirliyinin rəhbərliyi prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirdi".
Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev Azərbaycan ordusunda bəzi hərbçilərə qarşı keçirilən əməliyyatla bağlı açıqlama verərkən deyib.
O, qeyd edib ki, Azərbaycanda digər dövlətlərin maraqları çoxdur və təbii ki, burada casuslar da var. "Biz onları zərərsizləşdiririk. Bunlar həyata keçirilən tədbirlərin nəticəsidir".
Qeyd edək ki, bu il mayın 7-də Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı birgə bəyanatda Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində bir qrup hərbi qulluqçu və mülki şəxsin Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq, düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edildiyi, müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürdüyü bildirilib.