Siyasət

Qarabağ erməniləri ilə danışıqlar apara bilərik - BİR ŞƏRTLƏ

  • 08 Jun 2018
  • 159336 baxış

Düşmənin dilini bilmək vacibdir. Bunu etmədən ona sinə gərmək, məğlub etmək çətindir, hətta mümkün deyil. Di gəl, düşmənin özü hansı dildə danışdığını bilmirsə, vəziyyət daha da qəlizləşir.

Azərbaycan ərazilərinin 20 faizini hələ də işğalda saxlayan, beynəlxalq hüququn normalarını anormal, prinsiplərini də prinsipsizlik sayan Ermənistan rəhbərliyinin onillərdən bəri dövlət vücudunda gəzdirdikləri bəlaya bələdik.

O, zooloji millətçilik, şovinizm, "Böyük Ermənistan" absurduna bütpərəst inamı və ən pisi, türk düşmənçiliyinin dövlət siyasətinin ideoloji sütununa çevrilməsidir.

Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sarqsyan triosundan sonra Ermənistanı faktiki idarə edən, özünü bir ara "demokrat inqilabçı" kimi göstərən Nikol Paşinyan da bu mərəzə mübtəladı.

Mərəz yoluxucu olduğundan rəsmi İrəvanın bəyantlarında özünü büruzə verir, erməni nazirlərinin şüuruna təsir edir.

Tanrının buyurduğu yolu azanların Tanrıya guya sitayiş etdiklərini vurğulamaları ermənilərin özlərini də sinirləndirib.

İş o yerə çatıb ki, erməniləri kütlə kimi əsrlərdən bəri idarə edən Erməni Qroqorian Kilsəsi illər əvvəl İrəvan hakimiyyətinin bir şöbəsinə çevrildiyindən erməniləri hiddətləndirib.

İrəvanda küçələrə çıxan ermənilər katolikos 2-ci Qareginin istefasını, katolikos və bütün ermənilərin Ali Patriarxı titullarından imtinasını tələb edirlər. Eçmiədzinin nümayəndəsi, keşiş Vahram Melikyansa aksiya iştirakçılarını görüşə çağırıb, müzakirələr vəd edib.

Halbuki bu olay Ermənistan üçün paradoks, ağlagəlməz, ehtimalı müşkül məsələdir. Ən azı ona görə ki, "erminilik" ideologiyasının, "Böyük Ermənistan" iddiasının və ümumiyyətlə, erməni millətçiliyinin müəllifi, təşəbbüskarı və idarəçisi erməni kilsəsidir.

Azərbaycana qarşı terror və işğalın da "ruh atası" həmin kilsədir ki, ermənilər üçün çox önəmli, dəyərli, nüfuzlu bir strukturdur.

Və əgər indi ermənilər küçələrə çıxıb indiyədək danılmaz, bir sözü iki edilməyən katolikosun istefasını tələb edirlərsə, deməli, Ermənistanda işlər, doğrudan da, ermənicədir.

Ermənistanın nə vəziyyətdə olduğunu göstərən digər məqam isə təzədir, hətta təzə-tərdir

Moskvada Rusiyanın XİN başçısı Sergey Lavrovla Ermənistan diplomatiyasının rəhbəri Zöhrab Mnasakanyan arasında görüş olub, danışıqlar aparılıb.

Görüşə diqqət böyükdü. Nə də olsa, Paşinyan hökumətinin mənsubu, Ermənistanın yeni XİN başısı Z.Mnasakanyan rusiyalı həmkarının qəbuluna ilk dəfə düşmüşdü.

Rusiyanı da maraqlandıran məsələ ABŞ-ın ssenarisi əsasında, Vaşinqtonun istəyi və dəstəyi ilə İrəvanda iqtidara yiyələnmiş adamların Moskva ilə necə münasibətlər quracağı, onların Dağlıq Qarabağ münaqişəsi məsələsində hansı mövqe tutacağı idi.

Çünki İrəvan əvvəlki təki, Rusiyanın buyruq qulu olmaq istəmir və  okeanın o tayındakı "dayı"larına arxalanan Nikol Paşinyan da Moskvanın bəlirlədiyi xarici siyasət yürütmək istəmədiyinə işarələr vurur.

Moskvadakı danışıqlar ərəfəsində Ermənistanın baş naziri N.Paşinyan ölkə parlamentində radikal və aqressiv açıqlama ilə çıxış edərək deyib: "Dağlıq Qarabağın danışıqlarda iştirakı 1994-cü ildə ATƏT-in Budapeşt sammitində təsdiqlənib. 1998-cı ildə Ermənistanın təmsilçiləri məhz Dağlıq Qarabağın adından danışıqlar aparıblar. Robert Köçəryan əvvəllər Dağlıq Qarabağın prezidenti, Serj Sarqsyan isə Qarabağdakı silahlı qüvvələrin yaradıcılarından biridir. Deməli, onlar bizim mövqeyimizdən və dediklərimizdən asılı olmayaraq Dağlıq Qarabağın adından danışıqlar mandatını özəlləşdirə bilərdilər, ediblər də. Mən isə nə qədər istəsəm də, belə səlahiyyətləri qəsb edə bilmərəm. Bunun üçün nə hüquqi, nə də mənəvi əsaslarım yoxdur. Qarabağlı ermənilər Ermənistanda hakimiyyətin formalaşmasında iştirak etmirlər. Onların öz prezidenti, öz hökuməti var. Dağlıq Qarabağ problemi ATƏT-in Minsk Qrupu çərçivəsində həll olunmalıdır".

Paşinyan daha sonra xüsusi vurğulayıb ki, Dağlıq Qarabağla bağlı danışıqlarda rəsmi Bakının mövqeyini "anlamır": sən demə, danışıqlara Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələrinin cəlb olunması "yolverilməz"dir.

Ermənistanın baş naziri "hesab edir" ki, Dağlıq Qarabağda və Azərbaycanın işğal olunmuş ərazilərində yaşamış azərbaycanlıların siyasi statusu dəyişməyib: "Münaqişədən əvvəl və sonra onlar Azərbaycan vətəndaşlarıdır. Onlar seçkilərdə iştirak edirlər. Deməli, Azərbaycan onların adından danışıqlar aparır".

Paşinyan Azərbaycanın dövlət başçısı ilə danışıqlara hazır olduğunu desə də, danışıqlar prosesinin effektivliyinin artırılmasına zərurət duyulduğunu vurğulayıb.

Onu da deyib ki, sən demə, "indiyədək əldə olunmuş razılaşmalara əməl etmək gərəkdir - çünki köhnə anlaşmalara əməl olunmursa, yeni anlaşmalarla bağlı danışıqlar aparmaq məntiqli deyil".

N.Paşinyan "Ermənistanın Azərbaycana ölümcül zərbə vura biləcəyindən" də bəhs edib.

N.Paşinyan bilərəkdən, qəsdən Dağlıq Qarabağdakı separtaçı və terrorçu rejimi bilərəkdən "hakimiyyət", bu hərbi xuntanın rəhbərini "prezident" adlandırır, rəsmi Bakının mövqelərini təhrif edir, ümumiyyətlə, bütün prosesi başayaq qələmə verir.

Ermənistanın baş naziri axmaq və ya idiot deyil, nə dediyini bilir və elə bu səbəbdən də onun yalanlarını, absurd iddialarını cavablamaq gərəkdir.

O, Dağlıq Qarabağın danışıqlarda tərəf olmasını istəyir, Ermənstanın qarabağlı ermənilərin yaşamına, onların da Ermənistandakı proseslərə qatılmadığını iddia edir.

Yaxşı, belədirsə, Azərbaycan ərazisi olan Dağlıq Qarabağda nə üçün, hansı səbəbdən Ermənistan Müdafiə Nazirliyinin strukturları, hərbi hissələri yerləşir?

Nə üçün Ermənistanda orduya çağırılan gənclər Dağlıq Qarabağa və Azərbaycanın işğal altında olan digər ərazilərinə hərbi xidmətə göndərilir?!

Paşinyan bu suallara "qarabağlı ermənilərin təhlükəsizliyini təmin edirik" deyəcək, şübhə yox.

Belədirsə, yəni Ermənistan "qarabağlı ermənilərin təhlükəsizliyini təmin etmək"lə məşğuldursa, deməli, orada hərbçilərinin olduğunu, Dağlıq Qarabağı idarə etdiyini etiraf edir.

İrəvanın idarə etdiyi Xankəndinin danışıqlara tərəf kimi cəlb olunması "məntiq"dirsə, onda elə həmin danışıqlarda da Azərbaycanın nümayəndə heyətindən savayı, Şuşa, Kəlbəcər, Laçın, Cəbrayıl, Qubadlı, Ağdam, Fizuli, Xocavənd, Zəngilan və Xocalının da əlahiddə heyətləri olmalı, üstəlik, Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndəliyi böyük qrupda qatılmalıdır.

Dağlıq Qarabağdakı ermənilər - Paşinyanın dediyinə görə - "tam müstəqil"dirlərsə, onda qondarma "DQR"in büdcəsinin 98,4 faizinin formalaşmasında, qarabağlı ermənilərin iynə və sapdan tutmuş, kardiocərrahiyyə aparatlarınadək təminatında niyə Ermənistan bütün ehtiyacları təmin edir?!

Dağlıq Qarabağdakı ermənilərlə birbaşa danışıqlar apara bilərik. Bəli, anlayırıq ki, yazdıqlarım bir qədər sərt, gözlənilməz səslənir, hətta Azərbaycanın mövqelərinə tərs də sayıla bilər.

Lakin Ermənistan, gerçəkdən də, Dağlıq Qarabağ ermənilərinin, Xankəndinin ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə danışıqlara cəlb olunmasını, müstəqil tərəf kimi tanınmasınqı istəyirsə, onda bir şərti yerinə yetirməlidir.

Sadəcə, bir şərt: Ermənistan qoşunlarını, təlimatçılarını, məmurlarını bütünlüklə Dağlıq Qarabağdan və Azərbaycanın erməni işğalında olan ərazilərindən çıxarmalıdır. Yalnız bundan sonra rəsmi Bakı Xankəndidəki separtçı rejimlə danışıqlar masası arxasına oturaraq birbaşa müzakirələrə başlaya bilər.

Ermənistanın işğal faktı aşkardır, danılmazdır və bu amili yaradan da İrəvandır.

Məhz bu səbəbdən Azərbaycan qarabağlı ermənilərlə yox, onları idarə edən Ermənistanla danışıqlar aparır.

N.Paşinyanın Dağlıq Qarabağ münaqişəsi nəticəsində məcburi köçkün olmuş, ev-eşiklərindən didərgin salınmış azərbaycanlıların siyasi statuslarının dəyişmədiyini, onların Azərbaycan vətəndaşları olduğunu vurğulayır. O, Dağlıq Qarabağın azərbaycanlı icmasının buna görə danışıqlar prosesindən kənarlaşdırılmasını istəyir.

ABŞ-ın kreaturası, daha doğrusu, marioneti olan Paşinyanın belə bisavad, primitiv açıqlamalarına görə İrəvandakı "inqilab"ın ssenari müəlliflərinə başsağlığı veririk.

Çünki Paşinyan hələ də dərk edə bilmir ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir, bu fakt bütün beynəlxalq sənədlərdə və hüquqda təsbit olunmuş aksiomadır. Dağlıq Qarabağda yaşamış, oradan didərgin salınmış azərbaycanlılar da hazırda orada yaşayan ermənilər təki Azərbaycan vətəndaşlarıdır.

Yəni milli və dini mənsubiyyətindən asılı olmayaraq Dağlıq Qarabağın bütün sakinləri vətəndaşlarımızdır.

Belədirsə, Dağlıq Qarabağ problemini həll etmək üçün Azərbaycan özü özü ilə danışıqlar aparmalı, işğalçı Ermənistanı nəzərə almamalıdır?!

Ermənistanın baş nazirinin bəlağətli çıxışı elə bu səbəbdən marazmdır.

Söz yox, N.Paşinyan danışıqların formatını dəyişəmyə, münaqişədəki status-kvonu qoruyub saxlamağa, prosesi Ermənistana sərf edən məcraya yönəltməyə çalışır. Amma cəhdlər sarsaq təsir bağışlayır.

O ki qaldı "ölümcül zərbə" hədəsinə - iki il əvvəl, 2016-cı ilin aprelində "dördgünlük savaş"ın nəticəsində aldığı zərbələrdən hələ də özünə gələ bilməyən Ermənistandır. O zərbələrin Ermənistan cəmiyyətində yaratdığı ümidsizlik, naçarlıq, qorxu və ən başlıcası, Serj Sarqsyan iqtidarına nifrət Nikol Paşinyanı hakimiyyətə gətirdi.

Bakını hədələməyə cəhd edən, beynəlxalq hüquq və siyasi şəraitin elementar ünsürlərindən nə qədər uzaq olduğunu göstərən, primitiv düşüncəsini ortaya qoyan Nikol Paşinyan danışmazdan əvvəl düşünsə, ya da heç olmasa, nə deyəcəyini sahibləri ilə razılaşdırsa, pis olmazdı.

Marionetlərin hədələrinin nə qədər gülünc olduğunu İrəvandakı rejim, bu rejimin havadarları anlamırlarmı?!

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR