Siyasət

Paşinyanın elədikləri Azərbaycanın əl-qolunu açır

  • 06 Jun 2018
  • 155216 baxış

Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlunu hərbi xidmətə Azərbaycanın işğal olunmuş ərazilərinə, Dağlıq Qarabağda cəbhə xəttinə göndərməsi ucuz populist addımdan başqa bir şey deyil. Görünür, o, bunu küçələrdə, meydanlarda dayanan adamların xoşuna gəlmək üçün edir. Lakin digər tərəfdən bu, beynəlxalq hüquq normalarına radikal şəkildə ciddi zərbədir. Çünki bir ölkənin baş naziri oğlunu Ermənistanın işğal etdiyi torpaqlara göndərir. O, ya bunu unudub, ya da görünür, sadəcə olaraq bunu qəsdən edir. Bu, tamamilə dözülməz haldır və bütün danışıqlar prosesinə, eləcə də məsələni vəd etdiyi dinc yolla həll etməsinə açıq şəkildə zərbədir.

Bu barədə XalqTV.com-a açıqlamasında tanınmış politoloq, Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıxov bildirib.

/>

Ermənistanın işğalı altındakı Dağlıq Qarabağdakı etiraz aksiyalarına və Paşinyanın ordakı etirazçılara müraciət edərək qondarma rejimin rəhbəri Bako Saakyanın onların tələblərini yerinə yetirməsi üçün vaxt istəməsinə gəlincə, politoloq hesab edir ki, rəsmi İrəvan bəlkə üstüörtülü olsa da, artıq Saakyanın "vəzifə"dən uzaqlaşdırılmasına öz razılığını verib: "Çünki əgər Ermənistanda hakimiyyət dəyişibsə, deməli, Dağlıq Qarabağda da Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın adamı hesab edilən Bako Saakyanı dəyişə bilərlər. Hər halda ona qarşı mənfi yanaşanlar çoxdur. Digər tərəfdən, Paşinyan istərdi ki, Xankəndində "hakimiyyət"də ona yaxın, loyal adamlar olsun. Paşinyana tabe olan şəxs lazımdır ki, onu birbaşa İrəvandan idarə edə bilsin.

Mənə elə gəlir ki, buna nail ola biləcək. Çünki Dağlıq Qarabağda çoxdan narazılıq müşahidə edilir. Lakin İrəvandakı kütləvi etiraz aksiyaları fonunda hakimiyyətin dəyişməsindən sonra Xankəndində də "hakimiyyət dəyişikliyi" asanlıqla baş verəcək və separatçı rejimin rəhbərləyi yeniləri ilə əvəzlənəcək".

/>

F.Sadıxovun fikrincə, Paşinyan hazırda Dağlıq Qarabağ probleminin həlli üzrə danışıqları özü üçün prioritet məsələ hesab etmir. Amma bu mövqe ona çox baha başa gələ bilər: "Mənə belə gəlir ki, Paşinyanın planlarının içində danışıqlardan başqa hər şey var. Belə görünür ki, o, danışıqlar prosesinə o qədər də əhəmiyyət vermir. Çünki ona elə gəlir ki, ilk növbədə, daxili məsələlərlə məşğul olmaq lazımdır. Onu kadr dəyişiklikləri, parlament seçkiləri, konstitusiyaya düzəlişlər və s. gözləyir. Amma bununla o yanılır. Əgər o, özünü bu formada aparmaqda davam eləsə, Azərbaycanın əli-qolu açılır. Bizim hərbi yola əl ata biləcəyimiz heç vaxt heç kimə sirr olmayıb. Yəni əgər bu, Paşinyanın seçimidirsə, eləsin və baxsın görsün bunun ardınca nələr olacaq və onun özünü də nələr gözləyir. Görünür, ATƏT-in Minsk qrupunun həmsədrləri bunu yaxşı dərk edir, ona görə də onlar bu yaxınlarda İrəvana səfər etməyə hazırlaşırlar. Minsk qrupu bəlkə oradakı müəyyən müzakirələrdən sonra onu ağıllandıra bildi.

Lakin mən heç də düşünmürəm ki, Azərbaycan ciddi səylə Paşinyanı danışıqlar prosesinə mütləq cəlb etməli, masa arxasında əyləşdirməlidir. Bunda daha çox aparıcı ölkələr maraqlıdırlar. Bizə qalsa, öz məqsədlərimizə başqa cür də nail ola bilərik. Artıq bunu sübut da etmişik. Ona görə də Paşinyan bu sür siyasi addımlar atırsa, qoy özü sonra  bunun məsuliyyətini daşısın. Yəqin ki, biz bütün, ilk növbədə, güc vasitələrindən istifadə edərək konkret radikal mövqeyimizi bildirəcəyik. Bu mövqeni son zamanlarda Naxçıvanda da nümayiş etdirdik. İndi, sadəcə, bunu Paşinyanın diqqətinə çatdırmaq, yadına salmaq lazımdır ki, ağııllansın".

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR