SAĞLAMLIQ

Onlara inanmayın!

  • 28 May 2018
  • 155231 baxış

Bir neçə gündür, Türkiyə mediasının gündəmində  Prof.Dr.Əhməd Maranki deyilən, özünü şəfalı bitkilər, xalq təbabəti üzrə mütəxəssis hesab edən biri var. Ə.Marankinin birdən-birə gündəmə düşməsinin səbəbi iştirak elədiyi bir televiziya proqramında sərf etdiyi sözləri olub. 

24.06.2018-ci il tarixində Türkiyədə prezident və millət vəkili erkən seçkilərinin keçiriləcəyini bilirsiniz. Ə.Marankinin verilişdə "....əksi olarsa gedəcək yerimiz yoxdur. Mənim ümidim 25 iyunadır....Olmasa Belqrad meşələrində torpağa basdırdığımız "şeyləri" küçələrə çıxaracağıq". 25 iyunda indiki iqtidar qalib gəlməsə, "şey" dediyi silahları küçəyə çıxaracağıq deyir yəni. Onun sözləri dərhal mediada tənqid edildi və prokurorluq tərəfindən "xalqı vətəndaş müharibəsinə sürükləmək" ittihamı ilə istintaq başladıldı. Media əhli isə başlarına döyərək "bu televizor canavarını biz yaratdıq, vaxtında saxtakar olduğunu niyə bilmədik?" deyə təəssüf edir. Əslində, bu adam kimmiş deyə tərcümeyi-halını araşdıranda məlum olur ki, hamının həkim deyə bildiyi Ə.Marankinin həkimliklə əlaqəsi yox imiş. İstanbul Universitetində mühəndislik oxuyubmuş. Professorluğunun da saxta olduğu deyilir.

İştirak elədiyi televizor proqramları reytinq qıran, televiziyalardan dəvətlər yağan, konfrans verdiyi salonlar ağzınacan dolan, kitabları yüz minlərlə satan, ağzından çıxan hər sözü "hikmət" qəbul edilən Ə.Maranki media sayəsində layiq olmadığı şöhrətə, sərvətə qovuşdu və indi media onu yerə vurur. Ə.Maranki 1993-2005-ci illərdə Azərbaycanda yaşamışdır. 1998-ci ildə Azərbaycanda "İlin ən müvəffəqiyyətli xarici elm adamı" adına layiq görülmüşdür. Milli Məclisdə məsləhətçi, Azərbaycanda BMT-nin inkişaf proqramlarının həyata keçirilməsinə cavabdeh şəxs kimi çalışmış, universitetlərdə kafedraların qurulmasında, təhsil proqramlarında iştirak etmişdir.

Bəzi məsləhətlərinə baxaq; 1) diqqətiniz dağılanda qulaq məməsini çimdikləyin, beyinə qan gedəcək, 2) qalxanabənzər vəzini əməliyyat etdirməyin, cəfəri yeyin, 3) yumurtalıq kistasının müalicəsi üçün soğanlı su için, 4) prostat xəstəliklərindən qurtulmaq üçüm gündə 1 ovuc boranı toxumu yeyin, 5) nar EKQ anormallıqlarını önləyir və s. İnternet Ə.Marankinin belə "tövsiyələri" ilə doludur. Verdiyi məsləhətlərin bir hissəsi tibdə var, tibbi kitablardan əldə edib, öz adına çıxır. Bir hissəsi isə tamamilə cəfəngiyyatdır. Necə olur ki, belə bir şarlatan həkim olmadığı halda yüz minlərlə insanı aldada bilir? Bu fırıldaqçının Azərbaycanda dövlət işlərində necə rol aldığı da ayrı bir sualdır.

Özünü "bitkilərin əfəndisi", "sağlam həyat tərzinin markası" kimi insanlara sırıyanlar arasında ən məşhurlardan Prof.Dr. Canan Karatay və Prof.Dr. İbrahim Saraçoğlunun da adı var. İ.Saraçoğlunun da tiblə əlaqəsi yoxdur. Yüz minlərlə insana ordan burdan yığdığı otu-kökü, bitkini paketləyib dərman adıyla çarəsiz xəstəliklərə çarə olacaq deyə satan bir kimya professorudur. Canan Karatay isə kardioloqdur, tibb təhsili almışdır. Elmi faktlara söykənməyən ifadələri ilə tez-tez gündəm yaradan C.Karatay Türkiyədə tibb cəmiyyətləri tərəfindən dəfələrlə tənqid olunmuş, bir neçə dəfə səhiyyə nazirliyi tərəfindən "həkimlikdən uzaqlaşdırılma" cəzası almışdır. Yazdığı 2-3 məqalə ilə professor ünvanını necə alıb, o da maraqlıdır. Qəbuluna düşmək istəyənlər  müayinə haqqını  və aylar sonraya verdiyi tarixi eşidəndə heyrət içində qalır.

>

Onların məsləhətlərinə bizim KİV-lərdə rast gəlirəm, "dərmanlarını" apteklərdə görürəm. Oxuculara məsləhətim: Onlara inanmayın! Elmə inanın!

Vüsal Vəliyev, kardioloq

[email protected]

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45770 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 638 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 641 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 610 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 717 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO