Əsas məsələ nədir?
Azərbaycanda demokratiya, söz azadlığı, vətəndaşların sərbəst toplaşma hüququ olmadığını deyənlər, müxalifətin bilərəkdən zəiflədildiyini söyləyənlər özlərini qəhrəman sayırlar. Onlar hakimiyyəti sərt tənqid etdiklərini, özlərininsə mətin və qətiyyətli mübariz olduqlarını deyirlər.
Deyirlər, amma belədirmi?
Ümumiyyətlə, Azərbaycanda hakimiyyətlə müxalifət arasında, iqtidarda siyasi müstəvinin əks tərəfində olanlar arasında münasibətlər necədir və ən başlıcası, niyə belədir?
Və son olaraq - Azərbaycandakı stabillik nədir, yaxşıdır, ya pis?!
Bu qəbildən olan suallar çoxdur. Onların hamısı cavablanmadıdır. Ki, hakimiyyətlə bu hakimiyyətə can atan qüvvələr arasındakı uçurumun siyasi, mənəviyyat, əqidə və s. fərqlərini bir daha anlaya bilək.
Zibillikdəki qum generalları
Braziliyalı yazıçı Jorji Amadunun 1937-ci ildə dərc olunmuş "Qum kapitanları" romanı əsasında amerikalı rejissor Holl Bartlettin 1971-ci ildə çəkdiyi "Qum karxanalarının generalları" ("The Sandpit Generals") adlı filmi var.
Film 102 dəqiqə davam edir - bu rəqəmi unutmayın.
Lent Braziliyada küçələri dolaşan, zibilxanalarda eşələnən, dilənən, oğurluq edən uşaqlardan və yeniyetmələrdən bəhs edir.
Bu insanların evi küçədir. Onlar tənhadır, qəzəblidir.
Təkbaşına məhv olmamaq üçün dəstələrdə birləşir, "qudurmuş" adlandırdıqları insanları - hansı ki, onlar normal adamlardır, sakit və rəvan həyat yaşayırlar - qarət edirlər. Belə dəstələrdən biri okean sahilindəki qum təpəliklərinə sığınıb.
Rio de Janeyro sakinləri o kəsləri "qum karxanalarının generalları" adlandırırlar.
Amma onlar qəlblərinin olduğunu deyirlər.