Bakıda möhtəşəm kartinq mərkəzi açıldı - FOTO
Azərbaycanda Formula 1 pilotlarının yetişməsi üçün də şərait yaradılır.
Bakıda avtoidman həvəskarları üçün yeni kartinq mərkəzi yaradılıb.
XalqTV.com xəbər verir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) təşkilatçılığı və Azərbaycan Avtomobil Federasiyasının (AAF) dəstəyi ilə yaradılmış Bakı Şəhər Kartinq Mərkəzi (Baku City Karting) Su İdmanı Sarayının ərazisində yerləşir.
/>
Bu gün Bakı Şəhər Kartinq Mərkəzinin rəsmi açılış mərasimi keçirilib. Açılış mərasimində Gənclər və İdman naziri Azad Rəhimov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, Azərbaycan Avtomobil Federasiyasının (AAF) prezidenti Anar Ələkbərov, Bakı Şəhər Halqasının (BŞH) icraçı direktoru və Formula 1 üzrə Azərbaycan Qran Prisinin promoteri Arif Rəhimov, habelə tanınmış idman ictimaiyyətinin, eləcə də Bakıdakı diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Maraqlısı odur ki, kartinqdə yürüş edən ilk şəxslərdən biri də məhz Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev olub.
/>
Açılış mərasimində çıxış edən Mərkəzin İctimaiyyətlə Əlaqələr üzrə meneceri Elnarə Əliyeva bildirib ki, 7 yaşından yuxarı hər kəs burada kartinqlə məşğul ola bilər.
Onun sözlərinə görə, kartinq mərkəzinin yaradılmasında əsas məqsəd Azərbaycanda avtoidman mədəniyyətini inkişaf etdirmək, ictimaiyyət arasında idmanın bu növünə maraq artırmaq və gələcək Formula 1 yarışları üçün yerli kadrlar hazırlamaqdır.
/>
E.Əliyeva qeyd edib ki, kartinq mərkəzi ölkəmizdə avtoidman mədəniyyətinin möhkəmlənməsində əvəzsiz xidmət göstərəcək: "Artıq 3 ildir ki, ölkəmizdə avtoidmanın ən prestijli yarışı olan Formula 1 üzrə Qran Pri keçirilir. Bu yarışlar sayəsində ölkə ictimaiyyəti, xüsusən də gənclər arasında avtoidmana böyük maraq yaranıb. Biz bu kartinq mərkəzini ərsəyə gətirməklə çalışırıq ki, avtoidmana marağı olan gənclərimiz bu imkanlardan yararlanaraq Formula 1-də yarışan pilotlar səviyyəsində özlərini yetişdirə bilsinlər. İnanırıq ki, çox yaxın gələcəkdə bu mərkəz ölkəmizə beynəlxalq avtoidman yarışlarında mübarizə aparan peşəkar pilotlar qazandıracaq".
/>
Bakı Şəhər Halqası Əməliyyat Komitəsinin (BŞHƏK) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bildirib ki, Bakıda belə mərkəzin açılması möhtəşəm hadisədir: "Çünki 3 il əvvəl biz həm Formula 1 Azərbaycan Qran Prisi, həm də ölkəmizdə avtoidmanla bağlı məluatları yaymağa başlayanda bizə ilk verilən sual bu olurdu: "Azərbaycanda kartinq varmı? Gələcək pilotlar necə yetişə bilər? Gələcəkdə Azərbaycanın adını avtoidman sahəsində qaldıra biləcək şəxsləri necə görə bilərik? Təbii ki, bunlar kartinqlə bağlı idi. Çünki onların təcrübə toplaması üçün mütləq bir yer olmalı idi. Bu gün, Bakıda Formula 1 üzrə sayca 3-cü Qran Priyə bir həftə qalmış kartinq mərkəzinin açılır. Fikrimcə, Formula 1, ümumilikdə avtoidman həvəskarları bu günün önəmini başa düşür. Düşünürəm ki, artıq ölkəmizdə gələcəyin pilotlarının yetişməsi üçün də şərait var. Bu sahəyə dövlət qayğısı və görülən işlər deməyə əsas verir ki, biz gələcəkdə Formula 1 pilotlarını da yetişdirməyə nail ola biləcəyik".
/>
Tədbirdə çıxış edən Azərbaycan Avtomobil Federasiyasının (AAF) Baş katibi Anar Şükürov isə bildirib ki, yeni kartinq mərkəzi Azərbaycanda avtomobil idmanının inkişafına töhfə verəcək: "Son illər Azərbaycanda idman infrastrukturu gücləndirilir, idmançıların uğurları artıb. Təbii ki, proses avtomobil idmanından da yan keçmir. Avtomobil idmanı son illər Azərbaycanda yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycanda avtomobil idmanı sahəsində müxtəlif turnirlər keçirilir. Bunlar idmançılarımızı həvəsləndirir. Azərbaycanı xaricdə təmsil edən gənc idmançılarımız artıq yarışlarda uğurlar qazanmağa başlayıblar. Bütün bunların fonunda yeni idman strukturlarının yaranması çox sevindirici haldır.
Bu gün açılan kartinq mərkəzi də avtomobil idmanının inkişafına töhfə verəcək. Bu, həm yerli idmançıların, həm də yarışların təşkili ilə bağlı yerli kadrların yetişməsinə və inkişafına zəmin yaradacaq".
/>
Qeyd edək ki, Bakı Şəhər Kartinq Mərkəzi ümumi istifadəyə mayın əvvəlində veriləcək. 802 m uzunluğunda və 22 döngədən ibarət olan kartinq mərkəzində ən uzun düz yol 69 m təşkil edir. Mərkəzdə eyni anda 24 kartın hərəkəti mümkündür. Təhlükəsizliyi təmin etmək məqsədilə kartinq yolunun kənarı keyfiyyətli baryerlərlə əhatə olunub. Bu baryerlərin içərisinə doldurulmuş rezin hissəciklər və kənarına çəkilmiş xüsusi lent zərbənin gücünü boğmaqla yanaşı həm də onun bütün baryer sistemi boyunca bərabər paylanmasını təmin edir. Bundan başqa, sürücülərə xüsusi şlemlər və od keçirməyən kombinezonlar da verilir.
/>
Bakı Şəhər Kartinq Mərkəzində istifadə olunan kartinq maşınları (kart) isə Fransanın "Sodi Karts" şirkətinə məxsusdur. Bu maşınlar texniki göstərişləri, rahatlığı, müasir tərtibatı və ən əsası da təhlükəsizliyi baxımından digərlərindən fərqlənir.
Tamaşaçıların yarışı rahat izləmələri üçün xüsusi izləmə zonasının və kafenin də olduğu bu mərkəzdə qonaqlara yaşına uyğun maşınlar təqdim olunur. Sürməyi yeni öyrənənlər isə ikinəfərlik maşınlardan istifadə edə bilərlər.
Digər tərəfdən, mərkəz gənclər arasında mütəmadi olaraq yarışlar keçirməyi planlaşdırır. Bu yarışlarda yeni sürücülərlə yanaşı, peşəkar sürücülər də iştirak edə biləcəklər. Bununla yanaşı, gələcəkdə yerli kadrların hazırlanması məqsədi ilə azyaşlılar üçün peşəkar pilot kurslarının təşkili də nəzərdə tutulur.
İlkin İzzət
XalqTV.com