İqtisadiyyat

Ötən il Bərdə rayonunda üç dəfə çox pambıq əkilib

  • 26 Mar 2018
  • 291 baxış

Ötən il Bərdə rayonunda üç dəfə çox pambıq əkilib.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, bunu Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Bərdədə Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində deyib.

İcra başçısı qeyd edib ki, ötən il rayonda 8518 hektar - əvvəlki ildəkindən üç dəfə çox pambıq əkilib. 2017-ci ildə isə 22 min 400 ton, yəni, əvvəlki illə müqayisədə 3 dəfə çox pambıq tədarük edilib. Ötən təsərrüfat ilində ümumi məhsuldarlıq 26,3 sentner olub:

"Keçən il rayonda pambıqçılığın inkişafı hesabına 8 mindən çox sakinimiz işlə təmin edilib, fermerlərə istehsal olunmuş pambığa görə 11,2 milyon manat vəsait ödənilib. Əlavə olaraq istehsalçılara son məhsula görə 2,3 milyon manat subsidiya veriləcəkdir. Ötən təsərrüfat ilində hər hektardan 40-45 sentner yüksək məhsuldarlıq əldə edərək təkcə pambıq istehsalından 70-80, hətta 120 min manatdan yuxarı real qazanc əldə edən fermerlərimiz olub".

>

O bildirib ki, ötən il pambıq çiyidinin və ziyanvericilərə qarşı mübarizə üçün tətbiq edilən pestisidlərin keyfiyyətinin bəzi hallarda aşağı olması fermerlərimizə daha yüksək nəticələr əldə etməyə imkan verməyib: "Toxumun keyfiyyətsiz olması səbəbindən 360 hektar sahədə təkrar səpin aparılıb. Pestisidlərin, mineral gübrələrin də keyfiyyətinin aşağı olması, bununla belə onların dəyərinə tətbiq edilən güzəştlərin yuxarı həddinin az olması pambıq istehsalçılarına xeyli ziyan vurub. Fermerlər tərəfindən 582 hektar sahədə ziyanvericilərə qarşı mübarizə aparmaq üçün 2-3 dəfə dərman vurulmasına baxmayaraq, onların təsiri çox az olub".

V.İsayev deyib ki, hərtərəfli dövlət qayğısını, əməyinin nəticəsini görən rayon pambıqçıları bu il keçən ildəkindən 1130 hektar artıq - 9630 hektar sahədə pambıq əkilməsi üçün müqavilə bağlayıb, həmin sahələrdə şum və arat işləri aparılıb.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR