İqtisadiyyat

Sərmayə qoyuluşunda özəl sektorun payı artır

  • 25 Mar 2018
  • 317 baxış

XalqTV.com "Azərbaycan" qəzetinə istinadən yazını təqdim edir.

İnvestisiya qoyuluşu iqtisadiyyatın inkişafında "qan damarı" rolunu oynayır. Kapital qoyuluşu olmadan iqtisadiyyatın inkişaf etməsi mümkünsüzdür. Buna görə də inkişaf etmiş ölkələrdə belə, iqtisadiyyata sərmayə qoyuluşu dayanmır. 

>

Ölkəmizdə də həyata keçirilən siyasətin əsas məqsədlərindən biri milli iqtisadiyyatımızı davamlı olaraq kapital qoyuluşu ilə təmin etməkdir. Azərbaycanın MDB məkanında, hətta bir sıra Şərqi Avropa ölkələri ilə müqayisədə kapital qoyuluşunda lider olması da bu istiqamətdə aparılan siyasətin uğurlu nəticəsidir.
Ölkəmizdə kapital qoyuluşu dövlət, eləcə də yerli və xarici özəl mənbələr hesabına formalaşır. Bununla yanaşı, həyata keçirilən iri infrastruktur layihələrinə beynəlxalq maliyyə qurumları tərəfindən də sərmayə yatırılır. Azərbaycanda kapital qoyuluşunda dövlət vəsaitinin həcmi də çoxdur. Bu vəsaitdən daha çox infrastruktur layihələrinin icrasında istifadə edilir.
Son zamanlar ölkəmizdə iqtisadiyyata yerli sahibkarlar tərəfindən investisiya qoyuluşunun dinamikası artmaq üzrədir. Bunun səbəbi özəl sektorun inkişafıdır. Əvvəllər dövlət tərəfindən güzəştli kreditlər alaraq bizneslərini quran sahibkarlar indi iri iş adamlarına çevrilərək ölkə iqtisadiyyatına kapital qoyuluşu həyata keçirirlər.
Ümumiyyətlə, son 14 il ərzində ölkə iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulub. Bunun təxminən yarısı xarici, yarısı daxili sərmayələrdir. Adambaşına düşən sərmayələrin həcminə görə, Azərbaycan dünya miqyasında lider dövlətlər sırasındadır. Onu da qeyd edək ki, müstəqillik dövründə yatırılan investisiyanın 93 faizi son 14 ildə qoyulub.
Xarici sərmayənin qoyuluşu hər bir ölkə üçün önəmli məsələdir. Ölkəmizə külli miqdarda xarici kapitalın qoyuluşu səbəbsiz deyil. Bunun üçün əvvəlcədən xarici sahibkarlara zəmanət verən qanunvericilik bazası yaradılıb. Odur ki, xarici investisiyalara göstərilən dövlət dəstəyi, üstəlik, münbit investisiya mühiti əcnəbi sahibkarları ölkəmizə kapital qoyuluşuna təşviq edir.
Kapital qoyuluşunun nəticələrini qiymətləndirmək üçün son 14 ildə iqtisadi inkişafımızı müəyyən edən rəqəmlərə diqqət yetirək: ümumi iqtisadiyyat 3,2, qeyri-neft iqtisadiyyatı 2,8, qeyri-neft sektoru 2,8, sənaye 2,6, kənd təsərrüfatı 1,7, qeyri-neft ixracı 4,1 dəfə artıb. 
Bu müddət ərzində valyuta ehtiyatlarımız 23 dəfə artaraq 42 milyard dollara çatıb.
Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı iqtisadiyyata kapital qoyuluşunun əhəmiyyətinə toxunaraq demişdir: "Ölkə iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub. Bu, çox gözəl göstəricidir. Onu göstərir ki, həm yerli və həm də xarici investorlar ölkəmizə vəsait qoymaqda maraqlıdırlar. Bu, eyni zamanda qeyd etdiyim sabitliyin təzahürüdür. Çünki indiki dünyada mövcud olan maliyyə və iqtisadi vəziyyətdə xarici ölkələrə vəsait qoymaq bir çox investorlar tərəfindən o qədər də məqbul sayılmır. Ancaq sabit olan ölkələrə və gözəl gələcəyi olan ölkələrə xarici investisiyalar qoyulur".
Bu sahə üzrə son göstəricilərə gəldikdə, Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, cari ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1 milyard 824,7 milyon manat vəsait yönəldilib. Sərmayə qoyuluşunda istehsal sahələrinə üstünlük verilib. Bunun nəticəsidir ki, həmin vəsaitin 1 milyard 446,8 milyon manatından istehsal və xidmət obyektlərinin tikintisində istifadə edilib. Qalan vəsait yaşayış evlərinin inşasına sərf olunub.
Ümumi sərmayənin 33,3 faizi dövlət, 66,7 faizi qeyri-dövlət sektoru tərəfindən yatırılıb. Bu fakt ölkədə sahibkarlığın inkişafını bir daha göstərir. Cari ilin ilk iki ayında yatırılan sərmayənin 66,7 faizinin özəl sektora məxsus olması da bunu təsdiq edir. Hesabat dövründə daxili mənbələrdən əsas kapitala yönəldilən vəsaitin dəyəri ümumi sərmayənin 50,8 faizi həcmində olub. Bu rəqəm kapital qoyuluşunda daxili mənbələrin önə keçməsini göstərir.
Əsas kapitala yönəldilən sərmayədə müəssisə və təşkilatların vəsaitləri 1 milyard 243,3 milyon, bank kreditləri 198,8 milyon, büdcə vəsaitləri 274,4 milyon, büdcədənkənar fondların vəsaitləri 8,1 milyon, əhalinin şəxsi vəsaitləri 99 milyon manat olub.
Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, cari il fevralın 1-nə ölkədə fəaliyyət göstərən bank və kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 11 milyard 656,1 milyon manat təşkil edib. Ümumi kredit portfelinin 9 milyard 500 milyon manatı və ya 81,5 faizi uzunmüddətli kreditlərin payına düşüb. Həmin kreditlərin 96,5 faizi banklar, 3,5 faizi bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.
Qeyd edildiyi kimi, Azərbaycanda münbit investisiya mühiti mövcuddur. Buna görə də ölkə iqtisadiyyatına xarici sərmayələrin yatırılması davam edir. Cari ilin yanvar-fevral aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 897,4 milyon manat vəsait yönəldilib. Bu vəsaitin 773,1 milyon manatı Böyük Britaniya, Türkiyə, İsveçrə, Malayziya, Çexiya, Yaponiya, ABŞ, Rusiya, İran sərmayədarlarına məxsusdur.
Bu ilin ilk iki ayında Bakı şəhərində 110/35/10 kilovoltluq "Yasamal-1" və "Qobu", 35/10-6 kilovoltluq 120 saylı elektrik yarımstansiyaları, Mingəçevir Sənaye Parkında "Mingəçevir Tekstil" MMC-nin iplik istehsalı üzrə 2 müəssisəsi, Naxçıvan Muxtar Respublikasında 442 şagirdlik 2 ümumtəhsil məktəb binası və növbədə 15 nəfər qəbul edən ambulator-poliklinika müəssisəsi istifadəyə verilib. Bu tikinti obyektlərinin xarakteristikasına diqqət yetirdikdə görürük ki, ölkədə istehsal, infrastruktur və sosial layihələr paralel həyata keçirilir.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR