\"Ermənilər Rusiyanın ətəyinə düşüb, bu dəfə...\"
Ermənilər Rusiyanın ətəyinə düşüb, bu dəfə rus KİV-lərində "tarixi salnamələrini, köklərini" sübut etməyə çalışırlar.
XalqTV.com xəbər verir ki, bunu Trend-ə Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərli ermənilərin maliyyələşdirdiyi bəzi rus KİV-lərində İrəvanın guya tarixi Ermənistan torpağı olduğu ilə bağlı iddialara münasibət bildirirkən deyib.
Tarixçinin sözlərinə görə, Ermənistanda rəsmilərin, tarixçilərin Azərbaycan Prezidentinin tarixi faktlara söykənən bu çıxışından sonra durmadan bəyanatlarla çıxış etmələri, həmişəki kimi tarixi təhrif etməyə çalışmaları hər şeyi bəlli edir:
"Daim Rusiyanın əli ilə yazılan tarixi yaşayan ermənilər yenə onların ətəklərinə düşüb, bu dəfə Rusiya KİV-lərində "tarixi salnamələrini, köklərini" sübut etməyə çalışırlar. Oturduqları torpaqların belə onlara aid olmamasını bir daha yüksək tribunadan güclü bir dövlət liderinin dilindən eşitmək onları qorxuya salıb. Tarixi faktlar isə danılmaz və silinməzdir".
Xatırladaq ki, YAP-ın Vl qurultayında Prezident İlham Əliyev bildirmişdi: "İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq".
Tarixçi qeyd edib: "Prezident İlham Əliyevin həm son, həm də bundan əvvəlki çıxışlarından gələn nəticə budur ki, ey böyük Azərbaycan xalqı, sən yaddan çıxarma ki, İrəvan, Zəngəzur, Qarabağ torpaqları sənin olub və sənindir. Sənin borcun da, mən Prezident başda olmaqla, bu torpaqları düşmədən azad etmək və Azərbaycanın üçrəngli bayrağını orada sancmaqdır".
A.İsgəndərlinin fikrincə, Prezidentin bu fikri hər bir azərbaycanlının ürəyindən keçən fikirdir: "Dövlət başçısı bu fikri təsbit edir. Bizim də borcumuz bu istiqamətdə yazdıqlarımızı dünyada daha çox təbliğ etməkdir. Bu gün güclü Azərbaycan, güclü Azərbaycan Ordusu var. Azərbaycanın da borcu itirilmiş, işğal olunmuş torpaqların qaytarılmasıdır. Prezidentin bu çağırışı bizi bu mübarizəyə səsləyir, bizim də bir tarixçi olaraq məqsədimiz mövcud sənədləri dövriyyəyə cəlb etməklə Azərbaycanın həmin dövr tarixi ilə bağlı daha sanballı əsərlər yazmaqdan ibarətdir".
Onun sözlərinə görə , 1918-1920-ci illərdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyəti bütün çətinliklərə baxmayaraq, Azərbaycan üçün 114 min kvadrat km-lik bir ərazi qoydu. Bu ərazilərin bir qismi - 7,8 min kv.km Ermənistanla, 8,7 min kv.km ərazi isə Gürcüstanla mübahisəli sayılıb:
"Ermənistanla bağlı məsələ daha dəhşətli oldu.1921-ci ildə sovet dövləti zorakı şəkildə Zəngəzurun bir hissəsini Ermənistana verdi. Bu ərazidə yaşayan əhali 70 il ərzində qorxa-qorxa "Zəngəzur bizimdir", "Zəngəzur türk-müsəlmanlarındır", "Zəngəzur bizdən alınaraq ermənilərə verildi" ifadəsini işlətdi. Amma sovet dönəmində real tarixdə, hətta ədəbiyyatda tarixçilər, bütün mövzulara şeir həsr edən şairlər "Zənrgəzur Azərbaycanındır" ifadəsini işlətmədilər. Tarix boyu tarixi Azərbaycan torpaqları haqqında heç nə yazılmadı, bilərəkdən unutdurulurdu tarix. Bu da yeni nəsli çaş-baş etdi. Sovet dönəmində yeni nəslin bu barədə heç bir məlumatı olmadı".
O qeyd edib ki, 1918-1920-ci illərin tarixi ilə bağlı 70 il mövcud olan sovet dövründə bir cümlə belə yazılmadı.
A.İsgəndərli əlavə edib ki, bununla belə, 1918-ci ilin çətinlikləri, kənar müdaxilələr və təzyiqlərin nəticəsi olaraq, İrəvanın ermənilərə verilməsi yaddan çıxan tarix deyil.
XalqTV.com