Mərkəzi Bank qeydiyyata alınmayan pul nişanlarının ekspertizasını aparmayacaq
Azərbaycan Mərkəzi Bankı (AMB) banklara və poçt idarələrinə məktub göndərib.
XalqTV.com APA-ya istinadən xəbər verir ki, məktubda qeyd olunub ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 dekabr 2004-cü il tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş "Poçt göndərişlərində göndərilməsi qadağan olunan malların və əşyaların Siyahısı"nın 4.11-ci bəndinə əsasən sikkələr və banknotların poçt vasitəsilə göndərilməsi qadağandır.
"Odur ki, ekspertizanın aparılması məqsədilə Mərkəzi Banka göndərilən pul nişanları Nağd pulun İdarəetmə İnformasiya Sisteminin Veb-portal modulunda şübhəli pul kimi qeydə alındıqdan sonra inkassator vasitəsi ilə (müvafiq pul nişanını təqdim edən şəxsin imzalanmış ərizəsinin bir nüsxəsi əlavə edilməklə) təqdim edilməlidir", - deyə məktubda vurğulanıb.
AMB-dən bildirilib ki, 01 fevral 2018-ci il tarixindən etibarən Veb-portalda qeydə alınmadan ekspertizanın aparılması üçün göndərilən pul nişanları Mərkəzi Bank tərəfindən qəbul edilməyəcək.
>Məlumata görə, bu tədbirin məqsədi dövriyyədə olan pulların daha keyfiyyətli olması və saxta pullara qarşı mübarizə kimi göstərilir.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində