İllər əvvəl itən Bitcoin-lər milyonlarla dollar dəyərində
2013-cü ilin yazında Uelsdən olan Ceyms Hovels adlı şəxs xarab olmuş "Dell" markalı kompüterinin sabit diskini tullayır. O, bu hadisədən bir neçə ay sonra diskdə 2009-cu ildə 7500 ədəd Bitcoin saxladığını xatırlayır. Həmin vaxtlar Bitcoin-in dəyəri tədricən 1000 dolları keçirdi. Bu isə o deməkdir ki, Hovels təxminən 7 milyon dollar dəyərində Bitcoin-ə sahib olmaq imkanını itirib.
XalqTV.com kripto.az-a istinadən bildirir ki, sözügedən hekayə həmin vaxt investorlar arasında xüsusi populyarlıq qazanmışdı. Bitcoin özünün "körpəlik" dövrünü yaşayarkən investorlar onu bir növ hobbi kimi istifadə edirdilər. Bitcoin-lərini itirmək onları çox da təəssüfləndirmirdi.
7 milyon dollardan artıq dəyəri olan Bitcoin-lərin olduğu diski zibilliyə atan Hovels bundan çox təsirlənmiş və xəyal qırıqlığına uğramışdı. Bitcoin-in getdikcə dəyərinin artması isə onun yaralarına bir növ duz səpirmiş kimi təsir göstərirdi. Günümüzlə müqayisə etsək, Hovels təxminən 80 milyon dollar itirib.
"Pis münasibət"
Dövriyyəyə buraxıldığı ilk dönəmlərdə Bitcoin texnologiyaya maraq göstərənlər üçün əsl hobbi idi. Hovels də bu münasibətdən dolayı 7500 Bitcoin toplamışdı. O, "bəzən zibilliyə nəsə atarkən peşman olursunuz, mən də məhz bunu yaşadım", - deyə qeyd edib.
Hovelsin bu fəaliyyətini dayandırma səbəbi isə dizüstü kompüterinin çıxardığı səs-küydən qız dostunun narahat olması idi. Kompüterinin üzərinə limonad tökən Hovels bundan sonra onu hissələrə ayırır. Sabit diski bir neçə il saxladıqdan sonra zibilliyə atır.
2013-cü ildə Hovels bu fikirləri səsləndirib:
"İndiki vəziyyətdə gülməli, yaxud ağlamalı durumda olduğumu ayırd edə bilmirəm. Bəlkə də əlimə bel götürüb həmin diski qazıb axtarmağım gərəkdir. Fikrimcə, o diski əbədi itirmək taleyimdə var".
"Həyat yoldaşıma söyləməyin"
Bu cür itki yaşayan tək şəxs Hovels deyil. Arvadının ona qəzəblənəcəyindən qorxduğu üçün adını gizli saxlayan Avstraliyalı bir şəxs də minlərlə Bitcoin itirdiyini bildirib. Aleks olaraq çağırılmasını xahiş edən şəxs 2009-cu ildə minlərlə Bitcoin qazandığını söyləyib. Bir müddət sonra istifadə etdiyi proqramda ağırlaşma yaranıb və o fəaliyyətini dayandırıb, proqramı silib. Öz Bitcoin-lərini keyfiyyətsiz bir USB-yə atıb.
"Kompüterimdə problem yarandığı və hesabımın ələ keçirilmə təhlükəsinin olduğu üçün bu addımı atdım", -deyə o, qeyd edib.
2013-cü ildə Bitcoin-in dəyəri 1000 dollarlıq həddi keçdikdən sonra Aleks cüzdanını xatırlayır:
"USB-dəki fayla daxil olmaq üçün çalışdım, amma yaddaş yararsız hala düşmüşdü. Cihaz Çində istehsal olunan keyfiyyətsiz mallardan idi".
Hovels kimi Aleks də Bitcoin-in qiymətinin artmasını göz yaşları ilə müşahidə edirdi. Hər iki talesiz şəxs milyonçu olmaq şansını itirdi.
Əbədi itki...
Əvvəlki illərdə bu tipli hadisələrə çox rast gəlinib. Daha bir hadisə isə Gizmodo redaktorunun başına gəlib. Biri 1.5 sentdən 25 dollar dəyərində Bitcoin alıb onları saxladığı sabit diski 2012-ci ildə tullayıb. Qalsaydı, 15 milyon dollar dəyərində olacaqdı.
Bütün oxşar hadisələrə aid aparılan araşdırmaya görə, təxminən 4 milyon Bitcoin əbədi olaraq itib. İtən Bitcoin-lərin dəqiq sayını müəyyən etmək mümkün deyil. Satoşinin həyatda olub-olmadığı, həmçinin xüsusi açarını saxlayıb-saxlamadığı bilinmir. Satoşinin sahib olduğu 1 milyon Bitcoin itmiş hesab edilir, ancaq kimsə bunu dəqiq sübuta yetirməyib.
Koinləri təhlükəsiz saxlamaq
Bitcoin-in ən vacib qaydalarından biri onları birjalarda saxlamamaqdır. Çünki belə halda Bitcoin-ləriniz təhlükələrə qarşı müdafiəsiz durumda olur. Bununla yanaşı, gözlənilməz problemlər də yaşana bilər.
Bəzən sabit disk xarab olar, USB keyfiyyətsiz çıxar. Haraya qoyduğunuzu unutmağınız belə acınacaqlı hal hesab olunur.
"iComply Investor Services Inc."-in CEO-su Mattev Anqer bununla bağlı bəzi tövsiyələrini verir:
"Necə ki, pulunuzun bir qismini cüzdanınızda, bir qismini bank hesabınızda, digər qismini isə kassada saxlayırsınız, rəqəmsal pullarınızı da belə paylaşdırmalısınız".
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
XalqTV.com-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin