2017-ci il taekvondo üzrə yığmamız üçün uğurlu olub
2017-ci ildə taekvondoçularımız IV İslam Həmrəyliyi Oyunlarında, dünya çempionatında, XXIX Ümumdünya Yay Universiadasında, klublararası Avropa çempionatında və Qran-Pri turnirlərində çoxsaylı medallar qazanıblar. Həmin il Azərbaycanın taekvondo üzrə yığma komandası iştirak etdiyi demək olar ki, bütün beynəlxalq yarışlardan yüksək nəticələrlə Vətənə qayıdıb.
XalqTV.com AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Azərbaycanın qadın taekvondoçulardan ibarət yığma komandasının baş məşqçisi, Əməkdar Məşqçi Elnur Amanov idmançılarımızın 2017-ci ildə beynəlxalq turnirlərdə qazandığı uğurlar haqqında danışarkən deyib.
Elnur Amanov diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında, eləcə də Taypeydə keçirilmiş tələbələrin XXIX Ümumdünya Yay Universiadasında yüksək nəticələr göstərmiş Azərbaycan idmançıları və onların məşqçilərinin mükafatlandırılması ilə bağlı imzaladığı sərəncamlar, ümumiyyətlə, hər dəfə beynəlxalq yarışlarda uğur qazanan atletlərin və onların məşqçilərinin mükafatlandırılması bizləri qarşıdakı yarışlara daha məsuliyyətlə və əzmkarlıqla hazırlaşmağa, beynəlxalq yarışlarda Azərbaycanın dövlət himnini səsləndirməyə və bayrağımızı ucaltmağa ruhlandırır. Bu, ölkəmizdə idmanın inkişafına və idmançılara dövlətimiz tərəfindən göstərilən diqqət və qayğının yüksək səviyyədə olmasının daha bir təzahürüdür. İdmançılarımız da çalışacaqlar ki, bu yüksək etimadı doğrultsunlar və qarşıdakı yarışlarda bayrağımızı yüksəklərə qaldırsınlar.
/>
Millimizin üzvlərinin 2017-ci ildə iştirak etdikləri beynəlxalq yarışlardakı çıxışlarını qiymətləndirən məşqçi deyib ki, universiadada medal qazanan idmançıların bəziləri 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında da uğur qazanmış atletlər idi. Avqustda keçirilən həmin universiadanı Olimpiya mükafatçısı Milad Beigi Harçeqani qızıl, Ayxan Tağızadə gümüş, "Rio-2016"nın çempionu Radik İsayev, eləcə də Səid Quliyev və Məhəmməd Məmmədov bürünc olmaqla, ümumilikdə, beş medalla başa vurub.
Mayda ölkəmizin ev sahibliyi etdiyi "Bakı-2017"nin taekvondo yarışlarında isə Azərbaycan idmançıları altı qızıl, iki gümüş və bir bürünc medala yiyələnib. Qızıl medallara Yaprak Eriş, Patimat Abakarova, Ayxan Tağızadə, Milad Beigi Hərçəqani, Radik İsayev və Ramin Əzizov sahib olublar. Qaşım Maqomedov və Fəridə Əzizova gümüş, Məhəmməd Məmmədov isə bürünc medala layiq görülüb. Ümumilikdə, yığmamız İslamiadada doqquz medalla komanda hesabında ilk pillədə qərarlaşıb.
İyunda Cənubi Koreyada Dünya Taekvondo Federasiyasının təşkil etdiyi böyüklər arasında dünya çempionatında yığmamızın taekvondoçuları bir qızıl, bir bürünc medal əldə ediblər. Azərbaycan taekvondo tarixinin üçüncü qızıl medalına Avropa çempionu Milad Beigi Hərçəqani sahib olub. Komandamızın daha bir üzvü Məhəmməd Məmmədov mundialın bürünc mükafatına layiq görülüb. Bütün bunlar Universiadada, İslamiadada və dünya çempionatında uğur qazanan atletlərin "Tokio-2020"də də yüksək nəticələr göstərəcəklərinə inamı daha da artırır.
>Komandamızın ötən il digər mühüm beynəlxalq yarışlarda qazandığı medallar haqqında danışan E.Amanov məlumat verib ki, böyüklərdən ibarət yığmamız fevralda Antalyada keçirilmiş klublararası Avropa çempionatında dörd qızıl, üç gümüş və üç bürünc olmaqla, ümumiyyətlə 10, həmin ay orada keçirilən "Turkish Open" turnirində bir qızıl və iki bürünc medal əldə edib. Martda Hollandiyada təşkil edilmiş böyüklər arasında "Dutch Open" yarışında komandamızın aktivinə beş qızıl, bir gümüş və bir bürünc medal əlavə olunub.
Para-taekvondo üzrə böyüklərdən ibarət Azərbaycan yığması dekabrda Portuqaliyadakı IWAS versiyası üzrə Dünya Oyunlarını beş medalla, komanda hesabında isə üçüncü yerdə baş vurub.
Para-taekvondonun Tokio Olimpiadasının proqramına salınması, Azərbaycanın para-taekvondo üzrə milli komandasının mötəbər beynəlxalq yarışlarda, dünya çempionatlarında əldə etdiyi uğurlar barədə məlumat verən E.Amanov deyib: "Bu nailiyyətlər "Tokio-2020" Olimpiya Oyunlarında daha çox idmançımızın medal qazanmaq imkanlarını artırır".
"Taekvondo üzrə Azərbaycan yığması 2017-ci ildə beynəlxalq yarışlarda yüksək əyarlı medallar qazanaraq uğurla çıxış edib. Biz bundan sonra da taekvondo sahəsində uğurlarımızı davam etdirməyə, xalqımızı idmançılarımızın qələbələri və nəticələri ilə sevindirməyə səy göstərəcəyik", - deyə "Rio-2016"da qazanılmış yüksək nailiyyətlərə görə dövlətimizin başçısının müvafiq Sərəncamına əsasən "Şöhrət" ordeni ilə təltif edilmiş məşqçi E.Amanov vurğulayıb.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
XalqTV.com-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin