Mərkəzi Bank 2018-ci ildə inflyasiyanı 6-8% civarında saxlamağa çalışacaq
Hökumətin birrəqəmli inflyasiya proqnozunu da nəzərə almaqla sərəncamındakı alət və mexanizmlərdən istifadə edərək, Mərkəzi Bank 2018-ci ildə inflyasiyanı 6-8% civarında saxlamağa çalışacaq.
XalqTV.com Trend-ə istinadən xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının (AMB) 2018-ci il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında öz əksini tapıb.
Sənəddə qeyd olunur ki, bir sıra xarici və daxili amillər makroiqtisadi sabitlik hədəflərinə nail olmağa problemlər yarada bilər. Bura ilk növbədə neftin dünya qiymətinin proqnozlaşdırılandan əhəmiyyətli aşağı olması və iqtisadi tərəfdaş ölkələrdə iqtisadi aktivliyin azalması nəticəsində tədiyə balansı göstəricilərinin pisləşməsi aiddir.
Dünya ərzaq qiymətlərində bahalaşmanın davam etməsi əlavə inflyasiya idxalına səbəb ola bilər. Yüksək və qeyri-simmetrik inflyasiya və məzənnə gözləntiləri (yəni iqtisadi subyektlərin milli valyutanın ucuzlaşmasına və qiymət qalxmasına daha kəskin reaksiya verməsi), habelə fiskal kəsirin formalaşması makroiqtisadi sabitliyə təsir edə bilər. Maliyyə vasitəçiliyinin bərpa olunmaması və izafi likvidliyin akkumulyasiyasının davam etməsi, pis borclar probleminin dərinləşməsi, sektorda vəziyyətin mürəkkəbləşməsi, habelə iri dövlət şirkətlərinin maliyyə vəziyyəti ilə bağlı risklər də makroiqtisadi sabitlik və iqtisadi artım üçün təhdidlər yarada bilər.
Qeyd olunan risklər Azərbaycan hökumətinin və Mərkəzi Bankın diqqət mərkəzindədir və onların idarə olunması üçün makroiqtisadi manevr potensialı mövcuddur. Növbəti ildə də Maliyyə Sabitliyi Şurası makroiqtisadi siyasət qərarlarının sıx koordinasiyasını təmin edəcək.
>Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ilin 11 ayında orta illik inflyasiya 13.4% təşkil edib. Valyuta bazarının sabitləşməsi, hətta manatın məzənnəsinin möhkəmləndiyi şəraitdə inzibati qiymətlərin və dünya ərzaq qiymətlərinin artması, bir sıra əmtəə qrupları üzrə tələb-təklif nisbətinin dəyişimi inflyasiyanın başlıca amilləri olub. 2017-ci ildə makroiqtisadi sabitlik meyillərinin yaranması qeyri-neft sektorunda iqtisadi artımın bərpasına şərait yaradıb.
11 ayda qeyri-neft sektorunda ümumi daxili məhsul (ÜDM) real olaraq 2.4% artıb. Artım qeyri-neft sektorunun ticari sektorunda 4.3%, o cümlədən qeyri-neft sənayesində 4.4%, kənd təsərrüfatında 4.2% təşkil edib. Mərkəzi Bank tərəfindən həyata keçirilən real sektorun monitorinqinə görə işgüzar fəallıq indeksi artır ki, bu da qeyri-neft sektorunda iqtisadi aktivliyin əvvəlki illə müqayisədə yüksəldiyini təsdiq edir.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində