"Ya biz bu virusu məhv edəcəyik, ya da..."
AFFA-nın baş katibi Elxan Məmmədov apasport-a müsahibə verib.
XalqTV.com müsahibəni təqdim edir:
- Başa çatmaqda olan 2017-ci ili necə dəyərləndirərdiniz?
- Nəticə baxımından yaxşı il keçdi. İlk növbədə qrup mərhələsi yenicə başa çatan Çempionlar Liqasını qeyd etmək lazımdı. "Qarabağ"ın qrupa düşməsi Azərbaycan futbolu üçün böyük nəticə oldu. Çempionlar Liqasının himnini ölkəmizdə dinləməyi illərdi səbirsizliklə gözləyirdik. Nəhayət, Bakı Olimpiya Stadionunda bunun şahidi olduq. Bəzi skeptiklər qrup mərhələsinin püşkatmasından sonra demişdilər ki, çox çətin qrupdu, "Qarabağ" böyükhesablı məğlubiyyətlər alacaq. Xüsusən də, "Çelsi" ilə ilk oyundan sonra. Buna baxmayaraq, "Qarabağ"ın ölkəmizi yaxşı təmsil etdiyini düşünürəm. "Roma"ya qarşı yaxşı oyunlar keçirdi, "Atletiko"dan hər iki görüşdə 1 xal qazandı. Həmin "Atletiko" Çempionlar Liqasının finalçısı idi. Belə bir qrupda 2 xal əldə etmək yaxşı nəticədi.
Bundan başqa, IV İslam Həmrəyliyi Oyunlarında futbol yığmamız qızıl medal qazandı. Əslində, bu, asan başa gəlmədi. Futbolda rəqabət çox böyükdü və güclü rəqiblər gəlmişdi. Komanda idman növündə yaxşı nəticə idi. Evdə oynadığımız üçün məqsədimiz minimum finala çıxmaq idi. Finalda qalib gəlmək də sevindirici haldı.
2019-cu ildəki Avropa Liqasının finalının Bakı şəhərinə verilməsi də böyük uğurdu. Söhbət təkcə futboldan getmir. Bu, həm də Avropa futbol qurumunun Azərbaycan dövlətinə göstərdiyi etibardı. Qərar veriləndə həlledici matça 20 ay vaxt qalmışdı. Bu, dövlətimizə olan inamdan xəbər verir. Ölkəmiz artıq 2012 və 2016-cı illərdə iki futbol yarışına ev sahibliyi edib. Yaxşı təşkilatçı kimi seçildik. UEFA da bunları nəzərə aldı. Rəqiblərimizin olmasına baxmayaraq, biz birinci olduq. Tam arxayındılar ki, Bakı şəhəri, Azərbaycan dövləti final görüşünə yüksək səviyyədə ev sahibliyi edəcək.
"Futbol taleyi bizdən üz döndərdi"
- Yığmamız seçmə mərhələyə yaxşı başlasa da, bunun davamını gətirə bilmədi. Xüsusən də, "Bursaspor" variantı ortaya çıxandan sonra sanki Robert Prosineçki işinə köklənə bilmədi. Sizcə, son oyunlardakı uğursuz nəticələrdə bunun təsiri oldumu?
- Açığı, Prosineçkinin işinə qeyri-peşəkar yanaşmasının və barmaqarası baxmasının şahidi olmadıq. Burda yaşamaqda davam edirdi, çempionat və kubok oyunlarını eyni qaydada izləyirdi. Təlim-məşq toplanışlarında da komandanı yüksək səviyyədə hazırlayırdı. Belə söz-söhbətlərin onun kimi peşəkar mütəxəssisə təsiri olmur. Sonda məlum oldu ki, "Bursaspor" tərəfindən doğru olmayan məlumat yayılıb. Prosineçki də bunu təsdiq etmədi. Gördüyünüz kimi, Prosineçkinin bizimlə müqavilə müddəti bitsə də, "Bursaspor"a getmədi. Bilirəm ki, o vaxt "Bursaspor" rəhbərliyi Bakıya gəlmişdi. Türkiyə mətbuatında yazılanlara görə, AFFA rəhbərliyi ilə görüşmüşdülər. Ancaq nə görüş olub, nə də telefonla əlaqə saxlayıblar. Onlarla heç tanışlığım yoxdu. "Bursaspor" məsələsinin ümumi ab-havaya təsiri ola bilər. Komanda seçmə mərhələyə çox yaxşı başladı, 2016-cı ildəki 4 oyunda 7 xal topladı. Bu da bizi ümidləndirdi və "Niyə də yox?" kompaniyasını başlatdıq. 2-3-cü yerlərə şansımız var idi. Əslində, qrupu 3-cü pillədə bitirmək imkanımız real idi. Hətta bir az da bəxtimiz gətirsəydi, 2-ci yeri tuta bilərdik. Düşünürəm ki, Şimali İrlandiya ilə Bakıdakı matçda futbol taleyi bizdən üz döndərdi. Komandamız çox yaxşı oynasa da, son dəqiqələrdə qol buraxdıq və məğlub olduq. Həmçinin, Norveçlə səfər görüşünün ilk dəqiqələrində futbolçularımız çətinlik çəkdilər. Məncə, millimiz o oyunu daha yaxşı keçirə bilərdi. Deməzdim ki, həmin vaxt Norveç bizdən qat-qat güclü idi. Bu rəqibi Bakıda məğlub etmişdik və ondan bir il əvvəl səfərdə heç-heçə etmişdik. Əslində, komandamız Norveçdən yenə minimum 1 xal ala bilərdi. Seçmə mərhələdə topladığımız 10 xal milli tarixində rekord göstərici idi. Lakin qeyd etdiyim görüşləri də nəzərə alsaq, daha çox xal qazana bilərdik.
- Adətən məşqçilər başqa komandadan konkret təklif aldıqları zaman iş yerlərini dəyişirlər. Prosineçki isə "Azərbaycanda bundan artığını etmək mümkün deyil" deyib getdi və hazırda işsizdi. Sizcə, kim uduzdu?
- Burda söhbət kimin uduzmasından getmir. Müqaviləyə heç kim xitam vermədi, sadəcə, yeni saziş bağlanmadı. Biz anlaşma müddətini uzatmadıq və Prosineçki də bunda həvəsli deyildi. AFFA prezidenti Rövnəq Abdullayevin Prosineçki ilə görüşündə mən də iştirak edirdim. Hər iki tərəf müqaviləni uzatmaq istəmirdi, buna meyilli deyildi. Qarşı tərəfdən müsbət yanaşma hiss etmədik ki, biz də uzatmaq istəyək. Şifahi olaraq, 3-cü yeri onun qarşısına məqsəd qoymuşduqsa, Prosineçkinin hədəfi pley-offa vəsiqə qazanmaq idi. Bəlkə o amil baş məşqçiyə təsir etdi. "Bursaspor" məsələsi də Norveç və Şimali İrlandiya ilə oyunlar zamanı ortaya çıxdı və ümumi ab-havaya müəyyən təsiri oldu. Bəlkə orda Robert başa düşdü ki, artıq pley-offa çıxa bilməyəcək.
/>
"Onların hamısı millidə oynamağı bacarmaz"
- Ardından Qurban Qurbanovla uzunmüddətli müqavilə imzalandı. "Qarabağ" onun rəhbərliyi altında maksimum hədəfə çatdı. Bəs millinin maksimumu nədi?
- Əsas məqsədimiz AÇ-2020-yə vəsiqə qazanmaqdı. Lakin futbolda qısamüddətli hədəf olmur və bir az da irəli baxmalıyıq. Buna görə də, Qurban müəllimlə razılıq belə oldu ki, bütün yığmalarda onun fəlsəfəsi tətbiq edilsin. Soruşa bilərsiniz ki, Berti Foqts və Robert Prosineçkinin vaxtında bu fəlsəfə niyə tətbiq olunmadı? Unutmayaq ki, AFFA olaraq PRO kateqoriyalı kurslara 2012-ci ildə başladıq. PRO lisenziyalı məşqçilərin fəlsəfəsi olur. Təcrübə qazanmalıdılar ki, iki il ərzində aldıqları təhsili tətbiq etsinlər. Foqts gənclər sisteminə qarışmaq istəyirdi, lakin burda yaşamırdı. Prosineçki isə birbaşa əsas yığma ilə çalışırdı, gəncləri heyətə cəlb edirdi, hər toplanışa gənc oyunçular çağırırdı. Amma ümumi fəlsəfəyə qarışmırdı, məşqçilərə sərbəstlik verirdi. Ancaq idman direktoru Bernhard Lippertin öz fəlsəfəsi var idi. Bu da bəzən alınırdı. U-17 və U-19 yığmalarımız elit-raunda vəsiqə qazandılar. Qurban müəllimin isə azərbaycanlı olmasından maksimum yararlanmalıyıq. Öz fəlsəfəsini Azərbaycan reallığına görə klubda tətbiq edib. O, bu təcrübədən keçib. Biz də razılığa gəldik ki, bütün komandalarda eyni sistem qurulsun. İnanıram ki, bu, öz bəhrəsini verəcək.
- Qurban Qurbanov həm yığma, həm də klubda işini davam etdirəcək, yoxsa nə vaxtsa onların birinə son verəcək?
- Qurban müəllimlə bunu ətraflı müzakirə etdik. İcraiyyə Komitəsinin iclasında da məsələyə baxıldı. Əsas məqam odu ki, Qurban müəllim özündə bu gücü hiss edir. Biz də inanırıq ki, hər iki yerdə rahat işləyə bilər. Premyer Liqamızda 8 komanda var. Limiti də nəzərə alsaq, 80-100 yerli futbolçu oynayır. Təbii ki, onların hamısı millidə oynamağı bacarmaz. Heç olmasa, 30 belə futbolçu olmalıdı ki, seçim imkanın yaransın. Sonda 18-20 futbolçu siyahıya düşə bilər. Yığma üzvlərinin də əksəriyyəti hazırda "Qarabağ"da çıxış edir və Qurban müəllimin nəzarəti altındadı. Onları hər gün görür. Digər klubların üzvlərini yığmaya cəlb edəndə, onlar da sistemə uyğun oynayacaqlar. İnanırıq ki, bu seçim öz bəhrəsini verəcək. Meydandakı nəticə baxımından da "Qarabağ"ı itirməməliyik.
/>
"Futbolçularımızda inteqrasiya prosesi çatmır"
- Bayaq qeyd etdiniz ki, Çempionlar Liqasının himni Azərbaycan stadionunda səsləndi. Reqlament dəyişikliyini nəzərə alsaq, bu ənənəni davam etdirmək mümkün görünürmü?
- Məncə, mümkündü. Komandalarımız göstərdilər ki, mütəmadi olaraq Avropa Liqasında oynaya bilirlər. Öncə "Neftçi" Avroliqanın qapısını açdı, "Qarabağ" və "Qəbələ" də hər il orda çıxış etməyə başladılar. Məqsəd Çempionlar Liqası idi. "Qarabağ" əvvəlki illərdə bunu reallaşdıra bilərdi. Sadəcə, kobud hakim səhvlərinə görə, komanda qrupa düşə bilmədi. Düşünürəm ki, bu klub eyni sistemi və qalib ruhunu itirməsə, şans var. Baxmayaraq ki, çətinləşir.
- BATE Çempionlar Liqasının qrupunda oynayandan sonra bir neçə belaruslu futbolçu Ukrayna, Rusiya və Türkiyənin yüksək liqalarına yollandılar. Bizim futbolçular, həqiqətən də, heç kimə lazım deyillər, yoxsa gedib özlərini çətinə salmaq istəmirlər?
- Birincisi, rəqabət çox artıb. İkincisi, futbolçularımız digər ölkələrin mədəniyyətinə öyrəşməlidilər. Təəssüf ki, futbolçularımızda inteqrasiya prosesi çatmır. Gedirlər xaricə, orda legioner həyatını maksimum 6 ay yaşayırlar. Bu, yaxşı hal deyil. Ora getmisənsə, komandada qalmağa yox, daha yaxşı kluba keçməyə çalışmalısan. Məsələn, Kamran Ağayev çox bacarıqlı qapıçıdı. "Boavişta"da yaxşı nəticələr göstərirdi, həm rəhbərlik, həm də azarkeşlər razı idilər. Orda ona böyük qiymət verilirdi. Qayıtmaq Kamranın seçimi idi. Qayıdan kimi, yeni təklif aldı. Onu da deyim ki, Kamranın həm "Boavişta"ya, həm də "Mlada"ya getməyinə AFFA köməklik etmişdi. Digər futbolçulara da kömək edəcəyik. "Mlada" da qısa müddətdə oynamağa başladı. Kamran Ağayev üçün xaricdə əsas heyətə düşmək artıq problem deyil. Həmin Kamran ikinci qapıçı kimi getdiyi klubda 2-3 həftədən sonra əsas qolkiperə çevrilir. Deməli, onun böyük bacarığı var. Ümumiyyətlə, hansısa kluba ikinci qapıçı kimi gedənin əsas heyətə düşmək şansı 90 faiz mümkün deyil. Kamran hər iki yerdə bunun mümkün olduğunu sübut etdi. Sahə oyunçuları üçün əsas heyətə düşmək elə də çətin deyil. Çünki yorğunluq, zədə amili var. Qapıçıların zədələnmək ehtimalı azdı, yorulmaq isə yoxdu. Taktiki dəyişiklik zamanı da qapıçıya toxunulmur. Kamran getdiyi 2 klubda çətin olanı etsə də, orda qalmadı. Bu, digər ölkənin mədəniyyətinə uyğunlaşma problemindən qaynaqlanır. Kamrana həmişə deyirəm ki, bu günü yox, sabahı düşün. Bizdə Portuqaliyanın, Çexiyanın yüksək liqasında oynayan futbolçu azdı. Bu günə qədər də deyirik ki, Vəli Qasımov Portuqaliyada oynamaqla tarix yazdı. Kamranda inteqrasiya problemi var. Araz Abdullayevə fikir verin. Vaxtilə onu "Everton" kimi klub bəyənmişdi. Düzdü, sonradan "Neftçi"də hər matçda iştirak etmirdi. Stabil oyun göstərə bilmədi, klubda psixoloji problemlər var idi. Özündə güc tapıb Kiprə getdi. Hazırda komandası "Anortosis" birinci yerdə gedir və Arazın bunda böyük payı var. Düşünürəm ki, Arazı daha böyük klublar görüb alacaqlar. Çünki peşəkarlıq göstərir və nəticə var. O ki qaldı BATE-nin uğurundan sonra belaruslu futbolçuların xaricə getmələrinə, ümid edirəm ki, "Qarabağ"ın da oyunçuları xarici klublarla müqavilə bağlayacaqlar. Mahir Mədətovun adı "Beşiktaş"la hallanırdı, təəssüf ki, təsdiqini tapmadı. Amma belə söhbət çıxıbsa, deməli, nəsə var. Bəlkə sevindik. Bundan əlavə, Azərbaycanda çox sayda menecer işləyir. Onlar hər zaman Azərbaycana futbolçular gətirmək barədə düşünürlər. Həmin menecerlər burdan oyunçu çıxarmağa çalışmalıdılar. Bu, böyük nailiyyət olar.
/>
>"Bu mövsüm 11 oyunla bağlı şübhəmiz var idi"
- Oyunların manipulyasiyası faktı cari ilə ləkə yaxdı. Sərt cəzaların davam edəcəyini desəniz də, sakitlikdi...
- Hüquq-mühafizə orqanları araşdırmanı davam etdirir. Hazırda kimlərin nə zaman, necə cəzalandırılacağını deyə bilmərik. Ancaq siqnallar, mesajlar var. Sevindirici haldı ki, Azərbaycan futbol ailəsinin bəzi üzvləri bizimlə əlaqə saxlayıb, əməkdaşlıq edirlər. Bəzi məlumatlar vaxtlı-vaxtında bizə çatır. Biz də həmin məlumatları dərhal hüquq-mühafizə orqanlarına göndəririk. Ya biz bu virusu məhv edəcəyik, ya da o bizi.
- Araşdırılanlar arasında Nizami Hacıyev, Mirhüseyn Seyidov kimi tanınmış futbolçular varmı?
- Hələlik yoxdu.
- I diviziondakı danışılmış oyunlarla bağlı məsələlərdə bir nəticə hasil olubmu?
- Mövsümün əvvəlindən bəri 11 oyunla bağlı şübhəmiz var idi. Bunu UEFA ilə müzakirə edirik. Həmin 11 matçın 3-nün üzərində araşdırma davam edir. Yəni digər 8 matçla bağlı şübhələr təsdiqini tapmadı. Bukmeker şirkətlərindən məlumat almaq, nə qədər pul qoyuluşunun edildiyini öyrənmək vaxt alır.
"FİFA-ya müraciət edəcəyik"
- Millimizin Gürcüstanla yoldaşlıq görüşünün FİFA tərəfindən tanınması və reytinqdə nəzərə alınması üçün müraciət etmək fikriniz varmı?
- Bəli, müraciət edəcəyik. Bu barədə bir az ətraflı məlumat vermək istəyirəm. Çünki ictimaiyyətdə bəzən yanlış başa düşülür. FİFA günləri niyə yaradılıb? Ona görə ki, klublar futbolçuları buraxsınlar. Həmin matçlar da reytinqə düşür. Əlavə olaraq, FİFA-nın qeyri-günləri var ki, o da reytinqə salınır. Təbii ki, həm biz, həm də rəqib komanda istəsə. Təbii ki, bu oyunla bağlı FİFA-nın xəbəri olacaq. Sənədləşdirmə işini başlamışıq. Yeni qaydalara görə, hansı ölkədə keçiriləcəksə, hər iki tərəfin federasiyası öz təsdiqini verməlidi. Ondan sonra oyun FİFA-nın gündəminə düşür və reytinqdə nəzərə alınır.
- Antalyada ikinci rəqibin kimliyinə aydınlıq gəlibmi?
- Hazırda danışıqlar gedir. Tarixlərdə bir az problem var. Bəzi yığmalar fevralın 1-də, bəziləri 4-də oynamaq istəyirlər. Biz isə Gürcüstanla fevralın 2-də qarşılaşacağıq. Ayın 4-də futbolçular artıq klublarının təlim-məşq toplanışında olacaqlar. Biz yanvarın 30-na və ya 31-nə oyun salmaq istəyirik.
- Aşağı yaş qrupu yığmalarının necə, yoldaşlıq görüşləri olacaqmı?
- Danışıqlar davam edir. Təlim-məşq toplanışı olacaq. Gənclərə rəqib tapmaq bir az asandı. Çünki orda klubların futbolçularını buraxmaq problemi yoxdu.
- Yeri gəlmişkən, Qurban Qurbanov yığmada daha iki əlavə köməkçisinin ola biləcəyini demişdi...
- Milli komandalarda köməkçilər, demək olar ki, bəllidi. Əsas yığmanın əlavə köməkçiləri isə hələ məlum deyil.
- Yığmanın sabiq məşqçisi Mahmud Qurbanovun aqibəti necə olacaq?
- Siyahımızda hələlik yoxdu.
/>
"... 3-4 ildən sonra darıxdırıcı olacaq"
- Bu yaxınlarda İranda keçirilən futzal turnirinin hər il bir ölkədə təşkili müzakirə olunub. Bunun Azərbaycanda keçirilməsi nə vaxta planlaşdırılıb?
- Mümkündü. Bunu həmkarlarla müzakirə etdik. Biz istəyirik ki, eyni ölkələr olmasın, əlavə komandalar cəlb edək. Eyni ölkələrin turniri 3-4 ildən sonra darıxdırıcı olacaq. Bunun formatı dəyişilməlidi. Ya say, ya da komandalar dəyişməlidi.
- UEFA-nın növbəti seçkilərində İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyinizi vermək fikriniz varmı?
- Növbəti seçkilər 2019-cu ildə olacaq. Açığı, bu barədə düşünməmişəm və AFFA rəhbərliyi ilə də məsləhətləşməmişik. Bunu yerli federasiya irəli sürür. Biz isə heç müzakirə də etməmişik. Builki seçkilər mənim üçün böyük təcrübə oldu. Tələb edilən 28 səsdən 25-ni topladım. Gələcəkdə bu təcrübədən istifadə edəcəm.
- Sonda yeni il öncəsi azarkeşlərə bir çağırışınız varmı?
- Gələn il də Çempionlar Liqasının himninə Bakıdakı stadionda dinləməyi arzulayıram. Klublarımız Avropa Liqasındakı ənənəvi çıxışı davam etdirsinlər. Azarkeşlər nəticələrdə asılı olmayaraq, komandalara sona qədər dəstək olsunlar. Bu, çox vacib amildi. Çünki belədə futbolçular daha məsuliyyətli oynayırlar. Azarkeşsiz oynamaq futbolçular üçün maraqsızdı. Cənab prezidentin bu yaxınlarda bizə təqdim etdiyi fəxri diploma görə, AFFA rəhbərliyi başda olmaqla, hər bir əməkdaşımıza çox sağ ol demək istəyirəm. Cənab prezidentin belə bir diplomu mənə verməsi əlavə məsuliyyət və ən böyük stimuldu. Fürsətdən yararlanıb, Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və Yeni il bayramı münasibətilə də xalqımızı təbrik edirəm.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində