Avropanın diktə və başqasına ağıl vermə siyasəti
XalqTV.com kaspi.az-a istinadən yazını təqdim edir.
Qitə qurumları həm Azərbaycanla yeni əməkdaşlıq müstəvisi yaratmağa çalışır, həm də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətiyyətli mövqe nümayiş etdirmirlər
Postsovet məkanına daxil olan ölkələri nəyin bahasına olursa-olsun öz tərəfinə çəkmək. Qərb və onun strukturları illər uzunudur ki, buna can atırlar. Azərbaycan da həmişə bu siyasəti hiss edib. Lakin məsələ ondadır ki, Azərbaycanı öz orbitinə tərəf çəkməyə can atan Avropanın səyləri ilə respublikanın istəyi üst-üstə düşmür. Bu, ilk növbədə rəsmi Bakının "başqasının ağlı və diktəsi" ilə oturub-durmaq və yaşamaq istəməməsi, eləcə də Qarabağ məsələsindəki tutulan mövqe ilə uzlaşmır. Məsələn, Avropa İttifaqı Azərbaycanla dialoqun bərpası istiqamətində danışıqlara başlandığını və tərəfdaşlığın aktivləşdirilməsini nəzərdə tutan sazişin imzalanmasının bərpa olunduğu barədə məlumat yayır. Lakin Avropa Komissiyasının saytında yerləşdirilən xəbərin mətni bir qədər hiyləgər, hətta komplimentar xarakter daşıyır. Brüssel müstəqilik, suverenlik və ərazi bütövlüyü prinsipinə sadiq olduğunu bəyan edir və əlavə edir ki, Azərbaycan Avropa İttifaqının əhəmiyyətli, ən əsası iqtisadi tərəfdaşıdır. Rəsmi Bakının multukulturalizm və dini tolerantlıq istiqamətindəki siyasətini alqışlayır. Eyni zamanda, Avropa Komissiyasının vitse-prezidenti Federika Mogeriniyə istinadən bildirilir ki, rəsmi Bakı ilə yeni danışıqlarda ciddi nəticələr əldə edilib. Yüksək rütbəli xanım bildirir ki, Avropa Azərbaycanla birlikdə gənclərin görüşləri və səyahətlər üçün daha böyük imkanlar axtarışında olacaq. Bundan əlavə, bu ölkədə insan haqlarının qorunması və biznesin inkişafı üçün səylər göstərəcək. Verilən vədlər sırasında Azərbaycanla "enerji münasibətləri"nin inkişafı, ölkədə islahatların aparılması, qanunun aliliyinin gücləndirilməsi məsələləri də əks olunur. Eyni zamanda rəsmi Bakının Avropa ilə əməkdaşlıq etməməsindən narahatçılıq ifadə olunur. Lakin bunun üçün Azərbaycanın əlində əsas da var. Rəsmi Bakı Brüsseldən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında hər hansı bir dəstək görmür.
Bundan əlavə, Avropa İttifaqı ilə həddən artıq yaxınlaşma, onun "dəyərlərinin" Azərbaycana yeridilməsi qorxusu yaradır. Bu həm də qanunvericilik, əhalinin mentalitetinə yad elementlərin cəmiyyətə sırınması təhlükəsi deməkdir. Bir sözlə, Azərbaycan öz daxili işlərinə qarışmağa yol vermir və tərəfdaşlarının, o cümlədən Rusiya və Türkiyənin maraqlarına zidd olan siyasi alyanslara daxil olmaq istəmir. Yəni, daha çox qloballaşma və ikitərəfli münasibətlərin inkişafına çalışır. Bu gün aydın olan odur ki, Azərbaycanı tam şəkildə "Şərq tərəfdaşlığı"na cəlb etməyə müvəffəq olmayan Avropa respublikaya qarşı "yumşaq qüvvə"nin yayılması ideyasından usanmır. Bu istiqamətdə əsas iş isə primitiv, bir qədər korrektə edilmiş şəkildə edilir. Daha çox humanitar, əhalinin hələ ki malik olmadığı "azadlıqlara" yer ayrılır. Bunlar nədir - sosial və iqtisadi rifah halının yüksəldilməsi, bütün azərbaycanlılar üçün rifah halı yüksək olan Avropa qapılarının "açılması". Böyük ehtimala bu yol ona görə seçilib ki, Avropa İttifaqı Azərbaycanı hərbi-siyasi və iqtisadi cəhətdən özünə tabe etdirə bilməyib. Səbəb də odur ki, rəsmi Bakı Qərbin istənilən təşəbbüsünə özünün milli maraqları, siyasi, iqtisadi və milli suverenliyinin itirilməsi prizmasından baxır. Azərbaycan Aİ ilə sazişi müzakirə edəcəyinə razı olduğunu deməsinə baxmayaraq, Brüsselin "standartları" ilə hərəkət etmək fikrində deyil. Bu səbəbdən də sazişin gələn ilin sonuna kimi imzalanacağını gözləmək istəyi reallaşmaya da bilər, Aİ özünün Cənubi Qafqazda nüfuz dairəsini genişləndirmək arzusunun reallaşması üçün bir qədər də gözləməli olacaq. Xatırladaq ki, Aİ Gürcüstan və Ermənistanla hərtərəfli əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan çərçivə sazişini imzalayıb.
Azərbaycan isə özü özünü təmin edən ölkədir və Avropaya da şərtlərini yeridə bilər. Gürcüstan və Ermənistanın isə bu imkanları yoxdur. Hər halda, Azərbaycan özünün enerji təhlükəsizliyini təmin edib və Rusiya təbii qazından asılılığı yoxdur. Yəni, Aİ istənilən halda Bakıya "yumşaq əlcəklər"lə yanaşmalı olacaq, çünki "tikanlı tutacaq" onu Brüsseldən uzaqlaşdıra bilər. Payız sessiyasını yada salaq - o zaman Avropa Şurası Parlament Assambleyası Azərbaycanla bağlı qərəzli sənəd qəbul etmişdi. Rəsmi Bakı da bunun cavabında bildirmişdi ki, belə getsə "süni sıxışdırılma" cəhdləri və siyasəti, eləcə də, Aİ-nin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında hər hansı bir aktiv siyasətinin olmaması üzündən qurumu tərk edə bilər. Azərbaycan prezidenti İlham Əliyev hətta AŞ PA da müəyyən qüvvələri Ermənistan üzərində lobbi fəaliyyətini qurmaq cəhdində ittiham etmiş, Avropa Şurasını mütəmadi olaraq Azərbaycanı sanksiyalarla hədələməkdə günahlandırmışdı. Qeyd etmişdi ki, Azərbaycana qarşı məqsədyönlü fəaliyyət cəmiyyətdə təəssüf doğurur və belə bir sual yaranır: "Bizim bu təşkilatda nə işimiz var?" İ.Əliyev qeyd edib ki, bu qurumdan çıxmaqla Azərbaycanda heç nə dəyişməyəcək.
Onu da qeyd edək ki, prezidentin bu sözləri həm də Türkiyə prezidentinə qarşı Avropanın hücumları fonunda səslənib. Əlavə edək ki, prezident İlham Əliyevin Avropanı "erməni məsələsində" cəzalandırmaq bəyanatı vəziyyəti dəyişməyib və Azərbaycanın əlində ciddi "kozır" qalıb və bundan da məharətlə istifadə edir. Məsələn, keçən həftə ATƏT Daimi Şurasının iclasında Azərbaycan nümayəndə heyəti bəyan edib ki, Aİ-nin Vyanadakı nümayəndəliyi Azərbaycanla dialoq və əməkdaşlığa az maraq nümayiş etdirir, ATƏT-i isə qarşıdurma və ittihamlar səsləndirmək platforması kimi nəzərdən keçirir. "ATƏT-dəki Avropa İttifaqı nümayəndəliyi üzv dövlətlərin beynəlxalq səviyyədə tanınan sərhədlərinin, eləcə də, onların suverenliyi və ərazi bütövlüyünün qorunmasına hörmətlə yanaşsa da, nədənsə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində prinsipiallıq nümayiş etdirmir", - deyə bəyanatda bildirilib. Azərbaycan nümayəndə heyətinin qənaətincə, Aİ və ATƏT-in ikili standartları narahatçılıq mənbəyi olaraq qalır və belə bir yanaşma tərəflər arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edə bilməz.
Belə bir əməkdaşlıq isə Aİ-yə Azərbaycanı Rusiya və Türkiyə tandemindən uzaqlaşdırmaq üçün zəruridir. Lakin məhz sonuncu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində rəsmi Bakını ciddi şəkildə dəstəkləyir. Bu fonda Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünə qorunması barədə deklarativ bəyanatları çox miskin görünür. Bu planda Bakı daha çox Rusiya və Türkiyənin, hətta Ermənistanın müttəfiqi olan, lakin sərhədləri yaxınlığında vəziyyətin gərginləşməsini istəməyən və münaqişənin tezliklə nizamlanmasını istəyən İranın köməyinə ümid edə bilər. Yeri gəlmişkən, ötən həftə Bakıda üç ölkə - Azərbaycan, İran və Türkiyə XİN rəhbərlərinin görüşü keçirildi və toplantıda Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bir daha təkrar etdi ki, Ermənistanın bəyanatları onlar üçün heç bir əhəmiyyət kəsb etmir. Bundan əlavə, Bakı görüşü üç ölkənin enerji sahəsində sıx əməkdaşlıq etmək istəyini bir daha təsdiq etmiş oldu.
Bütün bunlardan belə bir nəticə çıxır ki, Azərbaycan hər hansı bir diktə ilə hərəkət etməyəcək, suverenliyinə, müstəqilliyinə zidd olacaq addımlar atmayacaq. Rəsmi Bakı indiyədək heç kimin diktəsi və istəyinə uyğun siyasət yürütməyib, yalnız və yalnız milli maraqlarından çıxış edib. Bunun qarşıdakı dövrdə də davam edəcəyi gözlənilir.
XalqTV.com