"Silk Way West Airlines" Azərbaycan və Braziliya arasında çarter yük reysini yerinə yetirib
Azərbaycanın yük aviaşirkəti "Silk Way West Airlines" Bakıdan San Pauluya (Braziliya) ilk birbaşa aviareys yerinə yetirib. Heydər Əliyev Beynəlxalq Aeroportundan Virakopus Beynəlxalq Aeroportuna müasir "Boeing 747-8F" layneri ilə 15 saatlıq uçuş aviaşirkətin bütün tarixi ərzində ən uzunmüddətli uçuş olub.
"Silk Way Airlines" aviaşirkətinin mətbuat xidmətindən XalqTV.com-a verilən məlumata görə, 36 ton həcmində yük Çin Xalq Respublikasından Braziliyadakı avtomobil istehsalçısı olan şirkət üçün göndərilib.
"Silk Way West Airlines" Azərbaycan Mülki Aviasiya Administrasiyası tərəfindən istismarçı sertifikatını alaraq 2012-ci il iyunun 19-da fəaliyyətə başlayıb. Hazırda aviaşirkətin hava gəmiləri parkına "Вoeing 747-8F" və "Вoeing 747-400F" təyyarələri daxildir.
>"Silk Way West Airlines" aviaşirkəti Heydər Əliyev Beynəlxalq Hava Limanından qitələri birləşdirən tranzit hab kimi istifadə edərək dünyanın müxtəlif regionlarına - Asiya, Avropa, Yaxın Şərq və Şimali Amerikaya müntəzəm uçuşlar yerinə yetirir.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində