""Qarabağ"a qarşı oyunumuz heç vaxt alınmırdı"
Ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Qarabağ"a uduzan "Sumqayıt" cavab qarşılaşmasına itki ilə çıxacaq. Belə ki, oyunun 89-cu dəqiqəsində qırmızı vərəqə alaraq meydanı erkən tərk edən Fərhad Vəliyev həftəsonu keçiriləcək oyunda komandasına kömək edə bilməyəcək. XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, matçdan sonra təcrübəli futbolçu sualları cavablandırıb.
- Qırmızı vərəqə aldığınız epizoddan başlayaq...
- Son dəqiqələrdə Pedro ilə təkbətək qaldıq. Həmin epizod zamanı o məni aldatdı. Məcbur olub rəqibimi yıxdım. Hakimin düzgün qərar verdiyini düşünürəm. Topa toxunsam da, qolum Pedronun ayağına dəydi və onu yıxdım.
- Cavab oyunundan öncə bu nəticəni komandanız üçün normal hesab edirsinizmi?
- Kubok yarışında ilk oyunda 1:2 hesabı ilə məğlub olmaq pis nəticə deyil. Üstəlik oyun səfərdə keçirilirsə və rəqibin "Qarabağ"dırsa... Hazırlaşacağıq ki, cavab oyununu lehimizə çevirək.
- Mərhələ adlamağınız realdırmı?
- Niyə də olmasın? "Qarabağ"a qarşı oyunumuz heç vaxt alınmırdı. Bu dəfə yaxşı mübarizə apardıq.
- Cavab oyunu zamanı doğma meydanda "Sumqayıt"ın üstünlüyü nə olacaq?
- Öz stadionumuzda güclü komandalarla duellərdə xallar qazanmışıq. "Qəbələ", "Qarabağ" kimi komandalardan həm xal almışıq, hətta qələbə də əldə etmişik. Bu dəfə də azarkeşlərimizin dəstəyi ilə məqsədimizə çatacağıq.
- İkinci oyunda "çərçivə"ni gənc həmkarın qoruyacaq. Oyun təcrübəsinin azlığı çətinlik yaratmayacaq?
- O da yaxşı qapıçıdı. Bu, onun üçün bir şansdı. Çalışacaq ki, özünü yaxşı tərəfdən göstərsin və komandaya kömək etsin.
- Çempionat yarılanıb. Qış fasiləsinə qədər əldə etdiyiniz nəticələr və turnir cədvəlindəki mövqeyiniz sizi qane edirmi?
- Əvvəlki illərə baxanda, əlbəttə, nəticəmiz yaxşıdı. İkinci yarıda əksər komandalarla öz meydanımızda oynayacağıq. Həmin oyunları lehimizə çevirə bilərik.
- Ehtiyat oyunçular skamyasında çox az futbolçu var idi və onlar da gənclər idi. Necə düşünürsüz, komandanı gücləndirməyə ehtiyac varmı?
- Buna məşqçilər cavab verə bilər. Cavid İmamverdiyevlə Cavid Tağıyev zədəlidi. Onlar sağalıb, komandaya qoşulduqdan sonra heyətimiz güclənəcək. Qalan suallara məşqçilər aydınlıq gətirə bilər.
XalqTV.com