Belarus Azərbaycanda ticarət evi açmaqda maraqlıdır
Belarus Azərbaycanda ticarət evi açmaqda maraqlıdır.
XalqTV.com bildirir ki, bunu Trend-ə Belarus Ticarət-Sənaye Palatasının Qrodno vilayət şöbəsinin baş direktoru Meçislav Kostyuk deyib.
Onun sözlərinə görə, bu, hər iki ölkə üçün faydalı olacaq: "Əgər dövlətlər bu niyyəti dəstəkləsə, Belarus Bakıda və ya Azərbaycanın istənilən digər regionunda ticarət evi açmağa hazırdır".
>M.Kostyuk qeyd edib ki, Azərbaycanın Belarusda ticarət evi açıldıqdan sonra bu ölkədə Azərbaycan məhsullarına maraq artıb.
İki ölkə arasındakı ticarət əlaqələrinin inkişafından danışan M.Kostyuk qeyd edib ki, Belarus Azərbaycan məhsullarının tədarükündə maraqlıdır: "Biz Belarusa Azərbaycandan sitrus və quru meyvələr tədarük etmək istəyirik. Bundan başqa, bizim ən iri tütün fabriklərimizdən biri olan "Neman" Azərbaycandan xammalın alınmasında maraqlıdır. Bunun əvəzində biz Azərbaycana geniş çeşiddə keyfiyyətli ət və süd məhsulları, quru uşaq qidası təklif etməyə hazırıq".
XalqTV.com