"Mən Allah deyiləm"
XalqTV.com "qafqazinfo"-ya istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının XIV turunda səfərdə "Qəbələ" ilə qarşılaşan "Keşlə"nin müdafiəçisi Denis Silva matçdan sonra sualları cavablandırıb.
Komandasını qarşılaşmaya kapitan kimi çıxarmış braziliyalı oyunçu çətin vəziyyətdən komanda ilə birlikdə çıxacaqlarını bildirib.
- Oyun haqqında nə deyə bilərsiz?
- Şanslarımız var idi, səbəbini bilmirəm, ancaq alınmadı. Komanda olaraq hazırda yaxşı vaxtlar yaşamırıq. Ümid edirəm ki, gələcəkdə əlimizə düşən imkanlardan daha faydalı yararlana biləcəyik. Situasiyanın dəyişəcəyinə inanırıq. İndiki halımızı izah eləmək çox çətindi, bilmirəm fikrimi necə ifadə edim.
- Komanda haqqında xoşagəlməz söhbətlər oldu. Nizami və Mirhüseyn uzaqlaşdırıldı. Nələr baş verir?
- Mən Allah deyiləm. Bu barədə nəsə deyə bilmərəm. Çünki mən də sizin kimi məsələ haqqında tam məlumatlı deyiləm. Mürəkkəb vəziyyət yaranıb. Mən klub prezidenti və baş məşqçi ilə söhbət elədim. Çalışırıq belə söhbətləri komandadan uzaq tutaq və meydandakı oyunumuza təsir eləməsin. Bundan sonrakı qarşılaşmalarda sadəcə qələbə haqqında düşünəcəyik.
- "Neftçi" ilə oyundan əvvəl Mirhüseyn və ya Nizami sizə nəsə demişdimi?
- Xeyr, qətiyyən. Bizim aramızda ümumiyyətlə, bu cür söhbətlər olmayıb. Sadəcə çıxacağımız oyun haqqında düşünürük. Bütün matçlarda qalib gəlməliyik, çünki həddindən artıq çox xal itirmişik. Mən 10 ildir ki, burda çıxış edirəm, ilk dəfədir ki, bu cür halla qarşılaşıram. Komanda olaraq çox pis vəziyyətdəyik. Mən də, bütün oyunçular da qalib gəlmək istəyirik. Siz dediyiniz məsələ haqqında isə ümumiyyətlə müzakirə aparmamışıq.
- "Keşlə"nin hazırda əsas problemi nədir?
- Bu haqda konkret nəsə demək çox çətindir. Bir neçə futbolçumuz zədələndi, formadan düşənlər oldu, yeni futbolçular cəlb edə bilmədik. Bütün oyunçular əzmkarlıqla çıxış etməyə çalışsa da, əlimizdən gələn bu qədərdi. Ümumi situasiyanı izah eləmək çox çətindi. Amma çalışırıq ki, bunu dəyişək.
XalqTV.com