İqtisadiyyat

Bu sahənin gəlirləri artaraq neft sektoruna çatacaq

  • 22 Nov 2017
  • 334 baxış

Azərbaycanın turizm potensialının gücləndirilməsi və onun dünyada təbliği üçün həyata keçirilən tədbirlər davam etdirilir. Yaxın gələcəkdə bu sahədə bir sıra yeniliklərin olacağı gözlənilir. 

Bu barədə XalqTV.com-a açıqlamasında Milli Turizm Təbliğat Bürosunun direktoru Fuad Nağıyev bildirib.

/>

Bakının brendi yaradılır - Dünyanı nə ilə cəlb edəcəyik?

Direktorun sözlərinə görə, Milli Turizm Təbliğat Bürosu hazırda Azərbaycanın turizm potensialının təbliği məqsədilə beynəlxalq media qrupunun yaradılmasına çalışır: "Bu qrupa dünyanın bir sıra aparıcı media qurumları cəlb ediləcək. Artıq onlardan məsələn, "Forbes" jurnalı, "Huffington Post" internet qəzeti, "Bloomberg", "Reuters" kimi informasiya agentlikləri və s. dünyada böyük nüfuza və təsir gücünə malik kütləvi informasiya vasitələri ilə danışıqlar aparılır. Razılığa əsasən, bu media qurumları Azərbaycanın turizm potensialını mütəmadi təbliğ edəcəklər".

/>

Bundan əlavə, F.Nağıyev qeyd edib ki, büro çərçivəsində turizm sənayesinin peşəkar nümayəndələrindən ibarət Ekspert Şurası yaradılıb:

Azərbaycan sərhədindən keçid asanlaşacaq - Yeni marşrutlar yaradılır

"Hələlik bu Şuranın 11 üzvü var, lakin siyahı daha da genişlənəcək. Bura güclü turizm potensialı olan otellər, restoranlar da cəlb ediləcək. Bu Şura dövlət qurumları ilə biznes strukturları arasında mütəmadi müzakirələrin aparılmasına, araya çıxan nöqsan və çatışmazlıqlara cəld reaksiya verərək onların operativ həlli və aradan qaldırılmasına şərait yaradacaq. Eyni zamanda Şura ölkənin turizm potensialının təbliği üçün də lazımi tədbirlərin görülməsinə dəstək olacaq. Biz düşünürük ki, yaxın illərdə turizm sahəsindən əldə edilən gəlirlər ölkənin karbohidrogen ehtiyatlarının istismarından, daha dəqiq desək, neft sektorundan əldə edilən gəlirlərin səviyyəsinə gəlib çatacaq. Çünki hazırda turizm Azərbaycanda ən çevik inkişaf edən sahədir. Ona görə də biz daxildə Ekspert Şurası, xaricdə isə media qrupu yaradaraq bu inkişafın daha sürətləndirilməsinə nail olmaq istəyirik".

/>

Xatırladaq ki, hazırda Azərbaycanın dövlət büdcəsinin mütləq əksəriyyəti neft sektorundan əldə edilən gəlirin hesabına formalaşır.

Qeyd edək ki, Turizmin inkişafına dair Strateji Yol Xəritəsinə əsasən, 2020-ci ilədək Azərbaycana 4,5 milyon turistin cəlb edilməsi qarşıya məqsəd qoyulub. Bu il ölkəmizə gələn turistlərin sayı ötən illə müqayisədə 25 faiz artıb.
 

İlkin İzzət

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR