Federasiya prezidenti: "İstefa verəcəm" deməyimi gözləyirsiniz, bunu etməyəcəm"
İtaliya millisinin 1958-ci ildən sonra ilk dəfə dünya çempionatından kənarda qalması azarkeşlərin ciddi narazılığına səbəb oldu.
Baş məşqçi Canpiero Venturanın postunu tərk etməsi də italyanları qane etmir. Bir sıra futbol simaları da ölkə futbolunda ciddi islahatlar həyata keçirilməsini zəruri hesab edir.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, İtaliya Futbol Federasiyasının prezidenti Karlo Tavekkio yerli mətbuata müsahibəsində millinin baş məşqçisi olmağa namizədləri açıqlayıb.
"İndiki halda bütün namizədlərin iyuna qədər müqavilə öhdəlikləri var. Onların pozulmasına milyonlarla avro tələb olunur, təzminat ödəmək iqtidarında deyilik. Ən yaxşılar arasında seçim edirik. Ançelotti, Antonio Konte, Alleqri, Ranyeri və Mançinini nəzərdə tuturam. Variantlar budur".
Ançelotti son olaraq "Bayern Münhen"i çalışdırıb. Təcrübəli mütəxəsis istefaya getsə də, Münhen klubundan təzminat istəməyib. Bununla belə onun müqaviləsi 2018-ci ilin iyununa kimi qüvvədə qalır. Konte 2016-cı ildə "mavi eskadra"nın məşqçisi kimi işini başa vurub "Çelsi"nin sükanı arxasına keçmiş və komandanı İngiltərə Premyer Liqasında zəfərə daşımışdı. Roberto Mançini "Zenit"də, Ranyeri isə "Nant"da çalışır.
İtaliya futbol ictimaiyyəti Tavekkionun istefasını gözləsə də, 74 yaşlı funksioner geri addım atmaq niyyətində deyil.
"Hər şeyi diqqətlə təhlil etdim və layihəmiz ətrafında işimi davam etdirməyə hazırlaşıram. Bu, təkcə nəticə qazanmağı əhatə etmir. Videotəkrarların ilk dəfə İtaliyada tətbiq edilməsi kimin sayəsində oldu? Bizi Çempionlar Liqasında 4 klubun təmsil etməsini kimin adına yazaq? Əlbəttə ki, Tavekkionun. Mənim "istefa verəcəm" deməyimi gözləyirsiniz. Amma bunu etməyəcəm. Mənim layihəm Federal komissiya tərəfindən bəyənilirsə, hansı səbəbdən getməliyəm?"
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində