"Beşiktaş"ın tələbi ingilisləri narazı saldı - Hətta Ouenə görə belə...
İngiltərə Premyer Liqa təmsilçisi "Nyukasl"ın "Beşiktaş"ın və Türkiyə millisinin hücumçusu Cenk Tosunun xidmətində maraqlı olması barədə məlumat vermişdik.
XalqTV.com komanda.az-a istinadən xəbər verir ki, "sağsağanlar" İstanbul təmsilçisinin forvard üçün müəyyənləşdirdiyi transfer qiymətindən narazıdı. Bu barədə məlumatı İngiltərə mətbuatı yayıb.
Xəbərdə "Nyukasl" rəhbərliyinin "Beşiktaş"ın Tosun üçün tələb etdiyi 17 milyon funt-sterlinq məbləğinin çox olduğunu düşündüyü qeyd edilib. Belə ki, "ağ-qaralar"ın baş məşqçisi Rafael Benites Cenkin xidmətində maraqlı olsa da, klub rəhbərliyi 17 milyonluq transfer məbləğinin çox olduğunu düşünür.
"Nyukasl" rəhbərliyinin hətta 2005-ci ildə Maykl Ouenin "Real"dan transferi zamanı belə, bu qədər pul xərcləmədiklərini bildirdikləri vurğulanıb. "Sağsağanlar" Ouenin transferi üçün 16 milyon funt-sterlinq xərcləmişdi.
Xatırladaq ki, 26 yaşlı hücumçunun xidmətində "Everton", "Tottenhem" və "Kristal Pelas" kimi digər ingilis klubları da maraqlıdı.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində