Siyasət

Prezident İlham Əliyev Gəncə şəhərində səfərdədir - YENİLƏNİB - FOTO

  • 10 Nov 2017
  • 320 baxış

13:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da İsmət Qayıbov adına Gəncə şəhər 1 saylı tam orta məktəbin binasında aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

XalqTV.com AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısına məktəbin binasında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə bağlı məlumat verildi. Bildirildi ki, ümumi sahəsi 4,8 hektar olan məktəb 2140 şagird yerlikdir. Məktəbin 980 şagird yerlik birinci korpusu 1934-cü ildə, 1160 şagird yerlik ikinci korpusu isə 1974-cü ildə inşa edilib. Burada əsaslı təmir və yenidənqurma işlərinə 2015-ci ilin may ayında başlanılıb və 2017-ci ilin noyabrında tam başa çatdırılıb. Binanın hər iki korpusu 4 mərtəbədən ibarətdir. Burada 80 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, 2 informatika otağı, kitabxana, 200 yerlik akt zalı, idman zalı və 100 yerlik bufet var.

Qeyd edilib ki, hazırda bu məktəbdə 1157 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 109 müəllim məşğul olur. Bu təhsil ocağı həmişə məzunları ilə fəxr edib. Diqqətə çatdırılıb ki, məktəbin məzunları arasında 4 elmlər doktoru, 36 elmlər namizədi var. Ali məktəblərə qəbulun nəticələrinə görə, son 3 ildə 160 məzun tələbə adı qazanıb.

Məktəb müasir avadanlıqlarla, videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri ilə təchiz edilib. Binaya yeni internet və telefon xətləri çəkilib. Məktəbin təbii qazla işləyən qazanxanası, transformator yarımstansiyası təmir edilib, su təminatı üçün 150 tonluq çən quraşdırılıb, yanğın əleyhinə 100 kubmetrlik anbar tikilib.

Ərazidə açıq idman meydançası yaradılıb, binanın həyətində geniş abadlıq və yaşıllıq işləri aparılıb.

----------

13:11

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da "Gəncə Mall" Ticarət Mərkəzində yaradılan şəraitlə tanış oldu.

XalqTV.com AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısına ticarət mərkəzində yaradılan şəraitlə bağlı məlumat verildi. Bildirildi ki, Heydər Əliyev prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerləşən "Gəncə Mall"un inşasına 2014-cü ilin avqust ayında başlanılıb və 2017-ci ilin oktyabr ayında tikinti işləri başa çatdırılıb. Bu ticarət kompleksinin ümumi sahəsi 26 min 293 kvadratmetr, ticarət sahəsi isə 11 min kvadratmetrdir. Səkkiz mərtəbədən ibarət mərkəzin binasının dörd mərtəbəsi zirzəmi səviyyəsindədir. Zirzəmilərin 1-ci, 2-ci və 3-cü mərtəbələrində 411 avtomobil tutumlu yeraltı dayanacaq yaradılıb. Bundan başqa, burada supermarket də fəaliyyət göstərir. Ticarət kompleksində şəhər sakinlərinə və qonaqlara bir çox xidmətlərin göstərilməsi nəzərdə tutulur. Burada elektron məhsulları, məişət avadanlıqları, mebel, parfümeriya və ev aksesuarları mağazaları var. "Gəncə Mall"da, həmçinin ayaqqabı, geyim, uşaq geyimləri, idman malları mağazaları fəaliyyət göstərir və alıcılara dünyanın tanınmış brendlərinin məhsulları təqdim olunur.

Qeyd edildi ki, burada aptek, kitab mağazası, müxtəlif restoranlar və "Cinema Plus" kinoteatrı da yerləşir. Ticarət mərkəzində 800 nəfərin yeni iş yeri ilə təmin edilməsi nəzərdə tutulub.

"Gəncə Mall" Ticarət Mərkəzi kimi obyektlərin istifadəyə verilməsi ilk növbədə ölkəmizin iqtisadi potensialını və vətəndaşlara xidmətin yüksək səviyyədə təşkilini nümayiş etdirir. Bundan başqa, bu layihənin icrası həm də Gəncə şəhərinin görkəminin müasirləşməsinə böyük dərəcədə töhfə verir.

----------

13:04

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Gəncəyə səfəri çərçivəsində "Majestic Palace" otelinin tikintisi ilə tanış olub.

XalqTV.com AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısına tikinti işlərinin gedişi ilə bağlı məlumat verildi.

Bildirildi ki, 104 yerlik otelin inşasına 2015-ci ilin aprelində başlanılıb. Hazırda inşaat işlərinin son mərhələsi həyata keçirilir. Otelin binası 7 mərtəbəlidir. Burada biri kral, 8-i suite, 10-u delüks və 33-ü standart olmaqla, ümumilikdə 52 otaq yaradılacaq. Oteldə 120 nəfərlik restoran, 20 yerlik iclas zalı da olacaq. Tikinti işləri zamanı 50 avtomobil yerlik yeraltı dayanacaq inşa edilib. Otelin dayanıqlı elektrik enerjisi ilə təminatı üçün ərazidə 1000 kV-luq transformatorun və 1500 kV-luq generatorun quraşdırılması nəzərdə tutulub.

Bu cür müasir otelin yaradılması, ilk növbədə, Gəncənin turizm potensialının daha da artırılmasına töhfə verəcək. Bundan başqa, bu cür layihələrin həyata keçirilməsi həm də yeni iş yerlərinin açılmasında mühüm əhəmiyyət daşıyır. Belə ki, yeni oteldə 50 nəfər işlə təmin ediləcək.

Prezident İlham Əliyevə, həmçinin şəhərdə aparılan abadlıq-quruculuq işlərinin layihələri barədə məlumat verildi.

----------

12:52

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Gəncə Dövlət Filarmoniyasının yeni binasının açılışında iştirak edib.

XalqTV.com AZƏRTAC-a istinadən xəbər verir ki, bu mədəniyyət ocağının təməli Prezident İlham Əliyev tərəfindən 2012-ci ildə qoyulub. Burada inşaat işləri 2017-ci ilin noyabrında başa çatdırılıb.

Dövlətimizin başçısı filarmoniyanın rəmzi açılışını bildirən lenti kəsdi və bina ilə tanış oldu.

Prezident İlham Əliyevə məlumat verildi ki, altımərtəbəli binada inzibati, məşq, qrim, rejissor və istirahət otaqları, bufet yaradılıb. Burada, eyni zamanda, 1200 nəfərlik konsert və 300 yerlik iclas zalları, 10 loja və 1 VİP loja da tamaşaçıların ixtiyarına veriləcək. Filarmoniyada kitab satışı da həyata keçiriləcək. Binanın üçüncü mərtəbəsinin eyvanında Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Niyazinin və Arif Məlikovun heykəlləri qoyulub. Ərazidə açıq havada yay konsert meydançası, baxış qülləsi, 500 avtomobil yerlik yeraltı dayanacaq və ümumi sahəsi 2 min kvadratmetr olan iki korpusdan ibarət ikimərtəbəli qalereya inşa edilib.

Filarmoniyanın yeni binasında mədəni tədbirlərin yüksək səviyyədə keçirilməsi, əməkdaşların və yaradıcı kollektivlərin səmərəli fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb. Gəncə Dövlət Filarmoniyasının yeni binasının istifadəyə verilməsi Azərbaycanda mədəniyyət sahəsinə göstərilən dövlət qayğısının əyani təsdiqidir.

Filarmoniyanın ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb, dekorativ gül kolları əkilib. Binanın qarşısında iki fəvvarə quraşdırılıb və milli ornamentlərlə bəzədilib.

Sonra Prezident İlham Əliyev Gəncə şəhəri ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Dövlətimizin başçısı görüşdə nitq söylədi.

Sonra Gəncə Dövlət Filarmoniyasının direktoru, Xalq Artisti Samir Cəfərov, AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev, Xalq Artisti Pərvanə Qurbanova çıxış etdilər.

Sonda xatirə şəkli çəkdirildi.

----------

11:57

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Gəncə şəhərinə səfərə gəlib.

XalqTV.com AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoydu.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Prezident İlham Əliyevə abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi. Gəncənin Ulu Öndərin abidəsinin ucaldığı Heydər Əliyev adına baş meydanı şəhər sakinlərinin və qonaqların istirahəti üçün çox gözəl məkanlardan biridir.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR