"Onu böyük ümidlərlə milliyə gətirmişdik"
"Futbolçular meydanda əziyyət çəkdiyi kimi, biz də kənarda əziyyət çəkirdik. Səhvlər çoxdu. Bunların üzərində çalışacağıq". XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Samir Ələkbərov deyib.
Bu gün 21 yaşadək futbolçular arasında AVRO-2019-un seçmə mərhələsində növbəti oyunlara start verilib. Doğma meydanda Almaniya yığması ilə qarşılaşan millimiz 0:7 hesablı darmadağına üzülüb.
Qarşılaşma başa çatdıqdan sonra gənc çalışdırıcı sualları cavablandırıb.
- Komanda sanki bu gün çox istəksiz görünürdü. Sizə elə gəlmir ki, oyunçularda motivasiya çatmırdı?
- Məncə, istək var idi. Komanda yaxşı hazırlaşmışdı. Sadəcə ilk oyunda 1:6 uduzmuşduq. Matç başlayan kimi qol buraxmağımız çıxışımıza təsir etdi. Ola bilsin, bu qol uşaqları həvəsdən saldı.
- Rəhbərliyiniz altında komanda iki oyunda 13 qol buraxdı. Daha öncə Yaşar Vahabzadənin köməkçisi idiz, bu millinin potensialına bələd idiz. Düşünmürsüz ki, baş məşqçi keçməyiniz səhv addım idi. Peşman deyilsiz ki?
- Kimsə bu yükün altına girməli idi. Təəssüflənmirəm.
- Oyundan öncə belə xəbərlər yayılmışdı ki, millimizin üzvləri Almaniya ilə matçda üçdən çox qol buraxacağımıza pul qoyuluşu ediblər...
- Balaca uşaq da bilərdi ki, Almaniya ilə oyunda üçdən çox top buraxa bilərik. Belə şey ola bilməz. İnanmıram.
- Sanki Renat Dadaşov Almaniyaya qarşı ümumiyyətlə, oynamaq istəmirdi...
- Məşqçilər də onun oyunundan narazı qaldı. Onu böyük ümidlərlə milliyə gətirmişdik. Ümumiyyətlə, təkcə o yox, hamı çox zəif təsir bağışladı.
- Millinin yeni baş məşqçisi Qurban Qurbanovla danışmısız?
- Onunla yalnız Ramil Şeydayev barədə danışmışam. Daha sonra o mənə, mən də ona uğurlar arzuladıq.
- Kosovo ilə oyunda ciddi dəyişikliklər gözlənilir?
- Gözlənilməsə belə, artıq olmalıdı. Paltardəyişmə otağı xətəxanaya çevrilib. Bir çox oyunçu zədələnib. Elnur Cəfərov, Renat Dadaşov, Bəhlul Mustafazadə əzələsini dartıb. Buna görə, Kosova ilə matçda çox güman dəyişikliklər olacaq.
- Renat dəqiq zədələnib, bəlkə özü oynamaq istəmir?
- Bəli, əzələsini dartıb.
XalqTV.com