idman

"Qərarı AFFA rəhbərliyi və Qurban Qurbanov verəcək"

  • 04 Nov 2017
  • 228 baxış

U-17-in baş məşqçisi Mirbağır İsayevlə də görüşümüz oldu, səmimi söhbət etdik.

XalqTV.com xəbər verir ki, bu sözləri apasport.az saytına açıqlamasında Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib. 

Avropa çempionatının seçmə mərhələsində Bolqarıstana 2:1 hesabı ilə qalib gəlsə də, İrlandiyaya 0:6, Ukraynaya isə 1:6 hesabı ilə uduzan 17 yaşadək futbolçulardan ibarət millimiz elit-raunda vəsiqə qazana bilməyib. Komandanın baş məşqçisi Mirbağır İsayevin Məşqçilər Komitəsi ilə planlaşdırılan görüşü baş tutub.

Bu haqda danışan Sadıqov U-17-yə AFFA tərəfindən hər cür şəraitin yaradıldığını bildirib: "Həm biz, həm də məşqçi tərəfdən uşaqlara inam var idi. Komandanın qarşısına qrupdan çıxmaq məqsədi qoyulmuşdu. Mirbağır müəllimin fikrincə, yoldaşlıq oyunlarında uğurlu oyun sərgiləmək, bəlkə də, rəsmi matçlarda onu təkrarlamağa imkan vermədi. İzah etdi ki, uşaqlar psixoloji cəhətdən hazır olmayıblar, demək olar ki, sırf azərbaycanlılardan ibarət yeni komanda yığılıb. Problemlər var, amma ayrı-ayrılıqda mövqelərə toxunmaq istəmirəm. Ümumi belə bir fikir söylədi ki, təzyiqin qarşısında komanda dözmədi. Heyf ki, erkən buraxılan qollar bu gün həm milli, həm də klub səviyyəsində bizim xəstəliyimizə çevrilib. Bundan sonra komanda özündə güc tapıb, oyunu öz xeyrinə bitirə bilmir. U-17 də belə vəziyyətlə üzləşdi və sonluq lap faciəyə çevrildi. Çoxdandı elə nəticələrlə qarşılaşmırdıq. Mirbağır İsayev güc tapıb, səhvi üstünə götürdü. Özü də bildirdi ki, U-17 üçün AFFA tərəfindən yaradılan şərait, bəlkə də, heç bir komanda üçün yaradılmamışdı. Hər ay ölkə daxilində, eləcə də xaricində təlim-məşq toplanışları keçiblər. Bundan əlavə, 24 oyun keçiriblər ki, onların 16-sı beynəlxalq matç idi. Bu, komandanı hazırlayıb, müsbət nəticə əldə etməyə imkan verirdi".

Komitə sədri Mirbağır İsayev haqda yekun qərarın AFFA rəhbərliyi və əsas millinin yeni baş məşqçisi Qurban Qurbanov tərəfindən veriləcəyini əlavə edib: "Son oyunda da komandanın başında olacaq. Səhvlər təkrarlanmamalı, uğurlu nəticə əldə edilməlidi. Aqibəti ilə bağlı qərar isə AFFA rəhbərliyi və əsas millinin baş məşqçisi tərəfindən veriləcək".

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR