idman

Messi: bir əfsanə, bir nağıl...

  • 03 Nov 2017
  • 263 baxış

Bəlkə də o, futbolçu peşəsini seçməsə idi, adi insanlardan biri olardı. Onunla rastlaşanda, heç kimin diqqətini cəlb etməzdi. Yüz minlərdən biri olaraq qalardı. Ancaq o, məşhur futbolçu oldu. Özü də sadəcə məşhur futbol ulduzu yox. Bu adam meydanda çevrilir əfsanəyə, dönür nağıla... O, meydanda olanda hər dəfə bu əfsanəliyi, nağıllığı hiss edirsən. Oyununu izləyən futbol həvəskarları istər-istəməz sanki qeyri-adi nağıllar aləminə düşürlər.Yəqin ki, çoxları artıq anladı ki, söhbət Lionel Messidən gedir...

O, komandanın ilhamvericisidir
Messinin oyunu çoxşaxəli, hərtərəflidir. Meydanda onun sifət cizgiləri də dəyişir. Sanki qılınc qınından sıyrılır. Tamaşaçıda tamam başqa bir ovqat yaranır. Oyun başlayan kimi o, diqqət mərkəzinə çevrilir. Ustalıq adamı valeh edir, heyran qoyur. Bəzi futbol ulduzları üçün xarakterik olan artistlikdən uzaqdır. Amma dərhal tamaşaçıları ələ alır. Oyunu qurmaq məharəti çox yüksəkdir. Top ötürməkdə, qol imkanlarında xəsislik etmir. Futbolsevərlərə bəllidir ki, o, komandanın ilhamvericisidir. Meydanda olmayanda açıq-aşkar hiss olunur ki, komanda səliqəli, rahat oynaya bilmir.

Dahi futbolçu olmasına baxmayaraq, paxıllıq hissləri yoxdur
Onun əvəzolunmazlığı təkçə heyrətamiz sürəti, misilsiz texnikası və digər ustalıq keyfiyyətləri ilə bitmir. O, əslində başqa keyfiyyətləri ilə də tamaşaçıların, azarkeşlərin rəğbətini qazanmışdır. Səmimidir, özündən razılıq hissləri ona yaddır. Tanınmış futbol ulduzlarından fərqli olaraq klubda, jurnalistlər, azarkeşlər arasında "mən"ini heç kəsin gözünə soxmur. Mətbuat konfranslarında görünməyi sevmir. Heç vaxt yersiz, qıcıqlandırcı müsahibələr vermir. Simulyantlıqdan uzaqdır. Hakimlərlə mübahisə etmir. Komanda yoldaşlarından kimsə qol imkanını qaçırdıqda, iradını bildirmir. Əlverişli vəziyyətlərdə ona ötürmələr edilmədikdə, heç vaxt başqaları kimi üz-gözünü turşutmur, narazılıq jestləri etmir. Qol sevincini hamı ilə özünəməxsus tərzdə bölüşməyi sevir. Komanda üzvlərindən kimin qol vurmasından asılı olmayaraq, həvəslə sevinclərə qoşulmaqla qrup halında təbii qucaqlaşma səhnələri yaratmağı bacarır. Dahi futbolçu olmasına baxmayaraq, paxıllıq hissləri yoxdur. Meydandakı davranışı, özünə qarşı kobud qayda pozuntusunu da təmkinlə qarşılaması, qonaq gedərkən yerli komandanın qapısına vurduğu qolların sevincini sakit tərzdə biruzə verməsi digər futbol ulduzlarından fərqli olaraq, hətta rəqib komandanın azarkeşlərində də ona qarşı daxilən müəyyən bir rəğbət hissi yaradır. Ümumiyyətlə, oyun boyu o, heç kimi qıcıqlandırmır, o cümlədən rəqib komandanın oyunçularını və azarkeşlərini də. Dünyanın bütün stadionlarında ona normal münasibət bəslənilir. Heç bir rəqib meydanında ona qarşı kin-küdurət, nifrət hissləri müşahidə edilmir. Hələ indiyə qədər nəinki İspaniya stadionlarında, ümumiyyətlə, Avropanın, dünyanın heç bir stadionunda onu fitə basmayıblar. Sanki rəqib komandaların azarkeşləri də Messinin qonaq olduğu meydanlarda da qol vurmağına alışıblar. Messi məhz bu keyfiyyətlərinə görə də əvəzolunmazdır.

"Nəhənglərin döyüşü" həmişə maraqlı olur
Onu heç nə çaşdırmır, başı təriflərdən dumanlanmır. Adı heç vaxt qalmaqallarda hallanmayıb. Gecə klublarına, başqa əyləncələrə meyilli deyil. Bu dahi futbolçu öz ustalığına arxayındır. Bu ustalıq isə məhz futbol incəliklərinin duyumundan irəli gəlir. Onun futbol duyumuna bələd olan digər komandaların oyunçuları bütün oyun ərzində çox ehtiyatla hərəkət edirlər. Bu duyumun qarşısında müdafiəçilər sanki özlərini yığışdırırlar.

Bu gün " Barselona" son illərin nailiyyətlərinə görə ona borcludur. Yeri gəlmişkən, elə yazının bu yerində "El Klassiko"ya da toxunmaq istərdim. "Nəhənglərin görüşü"nü hər dəfə hamı səbirsizliklə gözləyir. Söhbət Madridin "Real" və Kataloniyanın "Barselona" klublarından gedir. Əslində bu qarşılaşma təkcə İspaniyada deyil, həm də bütün dünyada futbolu anlayanların səbirsizliklə gözlədikləri idman şousudur. "Nəhənglərin döyüşü" həmişə maraqlı olur və bu futbol bayramlarında hər dəfə Messinin pozulmaz naxışları qalır.

Messi oyun boyu futbolla yaşayır. Əlbəttə, ayrı-ayrı tanınmış məşhur futbolçular da az və ya çox dərəcədə futbolu daxillərində yaşada bilərlər. Amma bu baxımdan da Messi bənzərsizdir. Çünki onunla müqayisədə başqalarının futbolla yaşaması əfsanəni, nağılları xatırlatmır...

Zirvələri müqayisə etməzlər
Messi futbolda ən hündür zirvələrdən biridir. Təbii ki, zirvələri müqayisə etməzlər. Hərəsinin öz yeri var. Onlara baxıb zövq alarlar. Ən başlıcası da bu deyilmi?...
Mən Maradonanı da nəhəng futbolçu hesab edirəm. Amma oyun keyfiyyətlərinə, xarakter cizgilərinə, reputasiyalarına yanaşma baxımından konkret dövrə uyğun onlara qiymət vermək lazımdır. Hər birinin öz zamanı olub. Düzdür, Maradonadan fərqli olaraq, Messinin yığmada yaddaqalan parlaq oyunları çox olmayıb. Bu başqa bir mövzunun söhbətidir. Hərçənd ki, Maradona da mənim sevdiyim futbolçu olub. Ancaq bu gün mən Messini Maradonadan üstün hesab edirəm. Təbii ki, bu mənim seçimimdir. Kimsə, razılaşmaya bilər.

Gəlin, bir anlığa təsəvvür edək ki, Maradona, Messi kimi futbolçular heç əvvəldən olmayıb. Mənə elə gəlir ki, o zaman dünya futbolunda bir zövq çatışmazlığı, bir boşluq yaranardı. Sanki futbolda tam harmoniya, ahəng məntiqliyi, bir-birini tamamlayan reallıqlar hiss edilməzdi. Nələrsə qırılıb düşərdi. Bəlkə də fəlsəfi bir ahəng çatışmazdı (Bəlkə elə Eysebionu, braziliyalı Ronaldonu, Ronaldinyonu da bura əlavə edim? Axı, onlar da mənim sevdiyim futbolçular olub.... Həm də mövzuya uyğundur).

Futbol sevgisinin zamanı olmur
İllər keçir. Vaxtı ilə pərəstiş etdiyin futbolçuların oyunlarını indi daha yaxşı anlamağa başlayırsan. Dönə-dönə baxdıqdan sonra... Çünki futbol sevgisinin zamanı olmur. Məsələn, mən yaşa dolduqca uşaqlıq illərimin kumiri olan Eysebionun artıq arxivə qovuşmuş və futbol tarixinin qızıl fonduna daxil olmuş oyunlarından indi daha çox zövq alıram.

Nə isə..... Deyəsən, mətləbdən uzaqlaşdım. Amma məncə haşiyə yerinə düşdü. Yenə də mövzuya qayıdıram.

Futbolçulara olan münasibətdən, hansı futbol ulduzunun kimə nə dərəcədə xoş gəlib-gəlməməsindən asılı olmayaraq, faktları, reallıqları qəbul eləmək hər kəsin borcudur. Məsələn, Messinin öz futbol dünyası olmasını kim inkar edə bilər?

Onun əksər oyunlarında tamaşaçılar sanki izaholunmaz möcüzəli, sirli duyğular yaşayırlar. Belə anlarda rejissorlar da stadiondakı azarkeşlərin qürur hissi keçirmələrini böyük həvəslə yaxından tamaşaçılara göstərirlər.

Futbolu anlamayanlar Messini anlaya bilməzlər
Messi futbolda əfsanədir və o, futbol əfsanəsi olaraq həmişəlik qalacaq. Messini müşahidə edəndə belə təsəvvür yaranır ki, digər ulduzlardan, hətta futbol nəhənglərindən fərqli olaraq onun üçün şöhrət hissi, ad-san qayğısı yoxdur sanki. Ancaq əksinə, elə əslində Messi adı, Messi şöhrəti dünyada yaşayır. Artıq neçə illərdir ki, belədir. Elə bu gün də...

Futbolu anlamayanlar Messini anlaya bilməzlər. Onun sehrkar oyununu milyonlarla tamaşaçı izləyir. Stadionlarda onu canlı görmək istəyənlər elə bu arzu ilə yaşayırlar. Öz gözləri ilə yaxından, canlı... Elə mən də...

Bəli, onu sidq-ürəkdən sevirlər. Onu sevməmək mümkün deyil. Çünki o, əfsanədir, nağıldır!

Ecazkar oyun üslubuna həmişə sadiq olan Leo haqqında çox deyilib, çox yazılıb, filmlər çəkilib. Bütün bunlar bundan sonra da davam edəcək. Çünki o, həm də böyük bir xəzinədir. Messidə nə varsa, hamısı yalnız onun özünə aiddir. Onların bütün incəliklərini, ölçülərini də o özü bilir... (goal.az)

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR