idman

Futbol tanrısının hekayəsi - "Heç bir şeyə layiq olmadığımı düşünənlər ayağımı öpsünlər"

  • 30 Oct 2017
  • 239 baxış

"Onun portağal və mandalinlə etdiklərinin yarısını mən futbol topu ilə edə bilmirəm" - deyirdi millidən komanda yoldaşı Buruçaqa. Platini isə eyni fikri fərqli ifadə etmişdi: "Mənim topla edə bilmədiklərimi o portağalla edirdi". Portağal deməklərinə səbəb Maradonaın hələ kiçik yaşlarında televiziya şoularında göstərdiyi şoular idi.

Dieqo Armando Maradona -  İllər keçdikcə adı unudulmaq əvəzinə daha çox xatırlanan, bir çox futbol mütəxəssilərinə və azarkeşlərinə görə dünyanın ən yaxşı futbolçusu...

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, FİFA-nın yüzüncü ilində keçirdiyi səsvermədə Maradonanın birinci seçilməsi təsadüfi deyildi. Həm Argentina ilə dünya kuboku, həm də dövrünün adi klublarından olan "Napoli"də qazandığı çempionluqlar onu digər futbolçulardan üstün edən əsas göstəricilər idi.  Ancaq onun ən böyük fərqi bol gözyaşı, sensasiya, skandal və macəra dolu həyat hekayəsi idi...

Bu hekayə Buenos-Ayrosun kasıb bir küçəsində başlayır. 1960-cı ilin 30 oktyabrında Argentinada dünya futbolunu dəyişdirəcək uşaq dünyaya gəlir. Anası Tottanın iddialarına görə, qarnını davamlı təpikləməsindən bəlli idi sonradan futbolçu olacağı. Atası Çitaro fəhlə idi və evin ehtiyaclarını ödəməyə qazancı yetmirdi. Dieqoya ilk topunu 3 yaşı olanda əmisi Kirillo alır. Kanalizasiya quyusuna düşüb boğularkən onu xilas edən də əmisi idi. Bu Dieqonun yoxsulluqlar içində, sonralar meydandakı performansına da təsir edəcək mübarizəsi idi...

10 yaşında "Argentinos Junior" klubunun nümayəndələrinin diqqətini çəkir. Fasilələrdə boş dayanmır, həm tv-lərdə, həm stadionlarda şoular göstərirdi. Üzərindəki basqılar onu narsizmə itələyirdi. Ailəsi onun həyatlarını yoxsulluqdan xilas edəcəyini, ətrafındakılar ona dəstək olurmuş kimi davransalar da, onlar əslində öz paylarını almağa çalışırdılar. Maradona isə hamısının istədiyini qarşılayacaq qədər böyük istedad idi. Çox çəlimsiz idi, elə bu səbəbdən daha sonra fəsadlarını görəcəyi "Palladino proqramı"na başlayır - iynə və dərmanlarla bədənin inkişafı. 18 yaşında davamlı olaraq millidə forma geyirdi. Argentina ilə Dünya gənclər çempionluğu qazanan Maradona Argentinanın ulduzuna çevrilmişdi. Artıq ailəsinə baxan da o idi, ailəsi tərəfindən ərköyünləşdirilən də. Medianın da böyük diqqəti üzərində idi.

DÇ-1978-də oyunçu sayı 22-yə endirilir. Bu isə Mardonanın heyətdən kənarda qalması ilə nəticələnir. Millinin baş məşqçisi Menotti bunu "həm yaşı, həm də psixoloji durumu məğlubiyyəti qaldırmağa yetərli deyil" deyərək izah etmişdi. O bu sözləri deyən gün, Maradona öz otağının qapısını bağlayıb hönkür-hönkür ağlamaqla məşqçinin haqsız olmadığını göstərmişdi. Sonra verdiyi açıqlamada ən böyük üzüntüsünün Dünya çempionatında iştirak etməmək olduğunu bildirdi Maradana və Menottiyə "Demək ki, Menotti səhv etməyib. Dünya Kuboku qazanan məşqçi səhv edə bilməz" deyərək haqq qazandırırdı.

Argentiona futbolunun əfsanəsi milli komanda ilə meydana çıxdığı 91 oyunda 34 dəfə fərqlənib. DÇ-1986-da Argentinanın çempionluğunda kapitanın - Maradonanın böyük rolu olur. 1982, 1986, 1990 və 1994-cü illər dünya çempionatlarında iştirak edən Dieqo mundialda Yunanıstanla oyundan sonra götürülən dopinq testdən sonra yarışdan kənarlaşdırılır.

Karyerasında ən yadda qalan məqamlardan biri, DÇ-1986-nın finalında Argentina - İngiltərə matçında yaşanır. İllər sonra bir televiziya proqramında o qolu əllə atdığını etiraf edən Maradona epizodu belə dəyərləndirmişdi: "Maradonanın başı və Allahın əli ilə gələn kiçik bir qol"...

Məşhur "Tanrının əli" qolundan 4 dəqiqə sonra isə dünya çempionatlarının ən gözəl qoluna imza atır. Topu meydanın özlərinə aid hissəsində qəbul edir, 6 ingilis futbolçunu topa 11 dəfə toxunmaqla keçir və qol vurur...

1990-cı il Dünya çempionatı Maradona sevgisilə ilə bir daha heç vaxt rastlanmayacaq hadisəyə şahid oldu. Kubokun Napolidə keçirilən yarımfinalında İtaliya ilə Argentina qarşılaşırdı. Oyunöncəsi Dieqonun azarkeşlərə olan müraciətində bu sözlər yer alırdı: "Həyatınızın 364 günü İtaliyanı və milli komandanızı dəstəkləyə bilərsiniz. Ancaq gəlin bir günlüyünə mənim dediyimi edin. Sabah, məni və Argentinanı dəstəkləyin". Bu sözlər səhəri gün baş tutan oyunda stadionun yarısından çoxunun Argentinanı dəstəkləməsi ilə nəticələnmişdi. Maradona sevgisi milli sevgisindən daha üstün tutulmuşdu.

165 oyunda 115 qola imza atan Maradona, sonralar əfsanəsinə çevrildiyi "Boca Juniors"a transfer olunur. Ardıcıl çempionluqlar yaşayan argentinalı dövrün ən bahalı futbolçusu kimi 7,4 milyon  dollara İspaniya nəhəngi "Barcelona"ya transfer olunur. Dieqonun "Barcelona" karyerası zədələr və rəhbərliklə arasındakı problemlərlə əlamətdar olur. Ardınca növbəti rekord transfer məbləği ilə "Napoli"yə keçən Maradona karyerasının zirvəsinə bu klubla yüksəlir. Onun şəhərə gəlişi karnavalla qarşılanmışdı. Maradona 10 nömrə ilə çışıx etdiyi italiyan klubu ilə 2 dəfə A seriyası, UEFA çempionluğu yaşayır. Maradonadan sonra onun geyindiyi "10 nömrə" əbədiləşdirildi.

DÇ-1990-dan sonra Maradonanın karyerasında eniş başladı. Kokain, davamlı atdığı həblər və sürətli arıqlaması üçün yanlış müalicələr başına bəla oldu. "Napoli" yeddinci olunca, Dieqo da gözdən düşürdü. "Stresliyəm" deyərək məşqlərə çıxmırdı. Mafiya üzvü dostları da artıq ondan üz çevirmişdilər. Üstəlik evlilikdən kənar bir oğlu olmuşdu və onu qəbul etmirdi. Maradona hər şeyin pis getdiyi vaxt verdiyi açıqlamada iddialı ifadələr işlətmişdi: "Həyatım boyunca çox çalışdım. Heç bir şeyə layiq olmadığımı düşünənlər ayağımı öpsünlər".

Dopinq testdə kokain istifadə etdiyi ortaya çıxanda 15 aylıq cəza alır. Cəzası bitəndən sonra ona haqsızlıq edildiyini düşünərək "Sevilla" ilə anlaşdı . 25 oyuna 5 qolla mövsümü tamamladı. Mövsüm boyunca gözləniləni vermədi və "Newell"ə keçdi. Tək xilas yolu 94-cü il Dünya kuboku idi ki, onda da yenə kokain mane oldu. 1 il futboldan uzaq qalır və yenə ona qucaq açan "Boca" olur. İkinci dövründə 11 oyunda meydana çıxır və 2 hadisə ilə yadda qalır. Bir komandaya gəlişi coşqu ilə qarşılanır, bir də qol vurduqdan sonra komanda yoldaşını dodağından öpməsi skandal olur. Son 2 mövsümdə 6 dəfə meydana çıxdıqdan sonra Dieqo karyerasını bitirir.

Sol qolunda Fidel Kastronun, sağ qolunda isa Çenin döyməsi olan Maradona fırtınalı həyat keçirdi. Ancaq nə edərsə etsin, hansı səhvlərə düşərsə düşsün, istər ikiüzlü olsun, istər səmimi, dəqiq olan bir şey var, onun dünyanın ən yaxşı 5 futbolçusundan biri olduğu...

Argentinada əfsanə olan Maradonanın nə qədər sevildiyini, nə qədər dəyərli olduğunu "Boca Juniors" stadionunun girişindəki sözlər də ifadə edir: "Boca es mi religion, Maradona es mi dios, La Bombonera es mi iglesia" yəni "Boca" dinim, Maradona Tanrım, La Bombonera məbədimdir"...

Fanatlarının onun haqqında işlətdiyi ən məşhur ifadə isə belə idi. "Pélé puede ser el rey pero El Diego es Dios!" - "Pele kral ola bilər, ancaq Maradona Tanrıdır".

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR